Nurlan Hüseynov
Siyasət 16:43 10.05.2022

Putin və Rusiya üçün geri dönüş bileti

Nurlan Hüseynov
 
Artıq iki aydır ki, dünya mətbuatının fokusu koronavirusdan Rusiyaya keçib. İki ildir gecə-gündüz medianın tək mövzusu olan pandemiyanın yerini indi Rusiya tutub, sanki bir pandemiyanı digər pandemiya əvəz edib. 

Dünya mediası fasiləsiz olaraq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə əlaqəli saysız-hesabsız xəbərlərlə dolub daşır. Bütün bu xəbərlər isə əsasən iki şeyi çatdırır dünyaya – Ukraynaya dəstək və onun qələbəsinə töhvə, Rusiyanın günbəgün saatbasaat təklənməsi, sıxışdırılması və sıradan çıxarılması. Mediadakı analizlər, xəbərlər, şərhlər, siyasi qərarlar və proqnozlar artıq çoxdan Putin Rusiyasını bitirib. İndi qalır bu prosesin gedişatını izləmək. Dünya pandemiyaya qalib gəldiyi kimi, indi də Rusiyaya qalib gəlmək üçün səfərbər olub və bu virusu da yenəcəyi şübhə doğurmur.

Ancaq 24 fevrala qədər hər şey başqa cür idi və dünya mediası bu miqyasda olmasa da, böyük ölçüdə Rusiyanın SSRİ-ni yenidən qurmasından danışırdı. Doğrudan da Rusiya üçün tarixin gedişatı bir günün içində bu qədər tərs istiqamət götürdü. Ona qədər Rusiya üçün çox şey yaxşı gedirdi və Putin ən azı post-sovet məkanı sərhədlərində Rusiyanın keçmiş təsir dairəsini uğurlu formada qurmaqda idi. Rusiya Qərblə dünyanın bir çox başqa nöqtələrində olduğu kimi, post-sovet məkanında qarşı-qarşıya durduğu cəbhələrdə ardıcıl qələbələr qazanırdı. Rusiya illər ərzində Qırğızıstandan Belarusa qədər uzanan ərazidə öz hakimiyyət təsirini möhkəmləndirir və bu ərazidəki ölkələrin də gələcəyini bu və ya digər formada özünə bağlayırdı.

Mərkəzi Asiya ölkələri bu məkanda Rusiya iqtisadi siyasi təsirinin əvvəldən güclü olduğu bölgə idi. Bir-biri ilə ərazi münaqişələri olan, iqtisadi və hərbi cəhətdən zəif ölkələrin əvvəldən Rusiyaya ehtiyacı böyük idi. Məntiqi olaraq Rusiya özünün təsir dairəsinin nüvəsi, iqtisadi və hərbi təşkilatlarını əsasən post-sovet regionun özündən ən asılı və zəif halqalarından qurmağa başlamışdı. Rusiyanın iqtisadi inteqrasiya təşkilatı Avrasiya İttifaqına bölgədən iki ölkə Qazaxstan və Qırğızıstan, hərbi təşkilatı KTMT-yə isə 3 ölkə - Qazaxstan, Qırğızıstan və Tacikistan daxil oldu. 24 fevraldan əvvəl Özbəkistanın da Avrasiya İttifaqı və KTMT-yə üzvlüyü reallaşmaq ərəfəsində idi. Bu bölgədə Rusiyanın həm də hərbi bazaları yerləşir. Bunlar Qırğızıstanda KANT hava bazası, Tacikistanda isə 7 minlik böyük 201-ci bazadır.

2020-ci il isə xüsusilə Rusiya təsirinin bölgədə əhəmiyyətli dərəcədə böyüməsi ili oldu. Əvvəlcə Belarusda baş verən etirazların nəticəsində Lukaşenko Qərb tərəfindən sıxışdırıldı və bu da təbii olaraq onun Putinə sığınması ilə nəticələndi. Bu isə Rusiyanın çoxdan gözlədiyi və illərdi zəmin hazırladığı Belarusun Rusiyaya birləşdirilməsi üçün son təkan oldu.

Rusiya üçün 2020-ci ilin başqa bir uğuru isə Qarabağ müharibəsinin nəticəsi idi. Müharibə sonrası imzalanmış razılaşmaya əsasən, Rusiya Azərbaycan ərazisinə sülhmramlılarını gətirdi. Ermənistan ərazisinə isə açılacağı gözlənilən nəqliyyat xətlərinin mühafizəsini təmin etmək üçün Rusiya sərhəd xidməti qoşunlarını gətirməlidir. Beləcə, həm yenidən qoşunlarını hər iki ölkənin ərazisinə gətirməklə, həm də bir daha onlar arasında atəşkəş razılaşmasını əldə etməklə Rusiya Azərbaycanla münasibətdə və Ermənistan üzərində təsirini əhəmiyyətli dərəcə artırdı. Bölgənin digər ölkəsi Gürcüstanı isə Rusiya 2008-ci il ərazilərini işğal etməklə və daha sonra hərbi və siyasi təzyiq altında saxlamaqla Avropaya siyasi inteqrasiyasının qarşısını əngəllədi. Son illərdə isə ümumilikdə Saakaşvili hakimiyyəti dövründə start götürmüş geopolitik istiqamətini geri, özünə tərəf döndərdi.

Bütün bunlar hamısı tək bir nəfərin xidmətinə yazılır. Rusiya Federasiyasının 90-ci illər siyasi qaranlığı və iqtisadi çətinliyindən, separatçı müharibədən 2020-ci il 24 fevrala qədər post-sovet məkanında öz hegemonluğunu bərpa etməsi və SSRİ-ni yenidən qurmaq həddində güclənməsi 1999-cu ildə hakimiyyətə gəlmiş Putinin xidmətləri idi. Putin Rusiyanın gücünü iki şey hesabına bərpa edə və onu yenidən qlobal oyunçu səviyyəsinə qaldıra bilmişdi. Birincisi, bu zəngin təbii resursların gətirdiyi nəhəng maliyə, ikincisi isə bu, Rusiyaya qarşı hər hansı beynəlxalq təzyiqin olmaması faktı idi.

Putin hakimiyyətə gələndən sonra özəl əllərdə olan təbii resursları dövlət nəzarətinə keçirdi və beləcə o resursların satışından gələn nəhəng pulların hamısı dövlətin nəzarətinə keçdi. Putin vətəndaş cəmiyyəti və müxalifət qüvvələrini sıradan çıxardı və onlara yaxın olan bütün oliqarxları həbs etdi, onların var dövlətlərini ələ keçirdi. Dövlət nəzarətinə keçən biznesi isə özünə yaxın adamlara verməklə özünün oliqarxiya sistemini yaratdı. Həmçinin Putin o dövrki dağınıq və müstəqil parlament partiyasını digər partiyalarla birləşdirib "Vahid Rusiya” partiyası yaratdı. 

Bundan əlavə, Putin Çeçenistanda qanlı müharibə apardı və dəhşətli qırğınlar törətdi. Bütün bunlar dünyanın, beynəlxalq aləmin gözləri qarşısında baş verirdi. Keçmiş KQB generalı dünyanın gözü önündə eybəcər təhlükəli bir sistemi yaratmaqda idi və bunu da Qərbə satdığı təbii resurslardan əldə etdiyi gəlirlər hesabına və Qərbin hər hansı təzyiqi ilə üzləşmədən, onların təbliğ etdiyi dəyərləri nümayişkaranə çeynəyərək edirdi.

İndisə isə yaxında Rusiya və Putini 90-ci illərin reallığına qaytaracaq tam əks proses başlayıb. Qərbin genişlənən sanksiyaları, Rusiyaya qarşı tətbiq edilən iqtisadi cəzalar Putini bu eybəcər sistemi qurmaq üçün ən dəyərli alətdən - puldan edir. Rusiyanın illərdi öyrəşdiyi maliyyə axının dayanmasının ümumilikdə hansı problemlər yaradacağı bəllidir. Ancaq xüsusilə Putinin qurduğu sistemə təsiri baxımından indi maliyyənin kəsilməsi o deməkdir ki, Putinin 2000-lərdə pul hesabına qurduğu loyal yaxın dairəsi və oliqarxik sistemi indi parçalanmağa, bölünməyə doğru gedəcək. Böyük Rusiya üçün bu, regionlara, ucqarlara qədər bölünmə deməkdir. Digər tərəfdən isə əgər 2000-lərdə Putinə qarşı hər hansı beynəlxalq təzyiq və təsir yox idisə, ki, bu da onun işini asanlaşıdırırdı, indi Putin qlobal təzyiq altındadır və təcrid vəziyyətindədir. Beləcə, hazırda Putin 2000-lərdə faşist rejimini qurmağa və onu saxlamağa imkan verən şəraitdən - maliyə axını və cəzasızlıqdan mərhum edilir. Bu isə Putin və onun qurduğu eybəcər sistemlə 90-lardan bu yana qorxunc dərəcə böyüyən Rusiyaya gəldiyi yolla geri dönüş biletinin alınması deməkdir. 

Beləcə son 30 ildə bizi, post-sovet regionunu qovalayan Rusiya ilə yollarımız ayrıldı. O SSRİ eşqi ilə 90-lara, biz müstəqillik arzusu ilə gələcəyə…