Siyasət 14:32 03.06.2023

"Qondarma DQR rejimi və “prezidenti"nin ömrünün son günləridir" – Hərbi ekspert

"Azərbaycan dövlətinin bu istiqamətdə verdiyi bəyanatlar məsələnin tezliklə öz həllini tapacağına əminlik yaradır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Qarabağdakı separatçılar və onların saxta rəhbərləri ilə bağlı məsələnin artıq finala çatmaq üzrə olduğu barədə danışarkən deyib.

Ekspertin fikrincə, qondarma DQR və onun "prezidenti" son günlərini yaşayır:



"Hadisələrin xronologiyasına nəzər yetirdikdə böyük əminliklə deyə bilərik ki, Qarabağda baş verən hadisələr ilk növbədə Azərbaycan dövlətinin iradəsiylə həyata keçirilir. Azərbaycan Prezidentinin məsələ ilə bağlı ortaya qoyduğu konkret mövqe, iradə, xarakter, prinsipiallıq onu deməyə əsas verir ki, "DQR” məhdud-məsuliyyətli qondarma rejimi və separatçıların "prezidenti"nin ömrünün son günləridir. 

Azərbaycan Prezidenti çıxışında humanist nöqtələrə toxunaraq, amnistiya ifadəsini işlətməklə onlar üçün bir növ qapı açdı. Prezident humanistlik nümunəsi göstərərək, onlara işarə verdi ki, nə qədər gec deyil, silahı yerə qoysunlar. Ona görə düşünürəm ki, çox qısa müddətdə qondarma rejim və onun saxta rəhbərlərilə bağlı məsələ öz həllini tapacaq. 

Artıq bu məsələ finala doğru gedir. Buradakı qanunsuz, hüquqi bazası olmayan cəmiyyətin fəaliyyətini dondurmaq Azərbaycan dövləti üçün çox asandır. Ancaq dövlət başçısı səviyyəsində amnistiya ifadəsinin işlənməsi onlara nə qədər gec deyil, ağıllarını başlarına yığmaları üçün bir mesajdır. Düzdür, Rusiya, İran, Fransa kimi dövlətlər heç bir halda Qarabağ məsələsinin həll olunmasını istəmirlər. Buna baxmayaraq, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı verdiyi bəyanatlar məsələnin tezliklə həllini tapacağına əminlik yaradır”.

Rüfət Sultan