Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəsər və Xudavəng monastırlarından video paylaşıb.
Qaynarinfo-nun məlumatına görə, "X" sosial media hesabında paylaşılan videoda o qeyd edib ki, Gəncəsər monastırı XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.
"İşğal illərində bu tarixi abidələr "bərpa" adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir".
H.Hacıyev Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirərək qeyd edib ki, Azərbaycan bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırdır.
Prezidentin köməkçisi bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə dəvət edib.
Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin Həsən Cəlal Dövlənin nəslindən olan şəxsiyyətin - Həsən Cəlal Allahverdibəyin məzarüstü abidəsindən də foto paylaşıb.
"XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Albaniya hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin şərəfli adını nəsildən-nəslə ötürərək daşımağa davam ediblər.
Bu abidə əsrlər boyu davam edən tarixi varisliyin və əcdadların yaddaşının maddi sübutudur".
Şərhlər