Çinin Hubey əyalətinin keçmiş rəhbəri rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
Qaynarinfo-nun məlumatına görə, Nankin şəhərinin Orta Xalq Məhkəməsinin qərarında bildirilir ki, Çin Kommunist Partiyasının Hubey əyalət komitəsinin keçmiş katibi Tsyan Çaolyan 746 milyon yuandan (111 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinib.
Məhkəmə istintaqla əməkdaşlığını nəzərə alaraq məmura nisbətən yüngül hökm çıxarıb. Qərara əsasən, qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edildiyi təqdirdə, iki illik təxirəsalma müddətindən sonra ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz ediləcək.
Çində “təxirə salınmış ölüm cəzası” hökmün dərhal icra olunması demək deyil.
Tsyan Çaolyan 1995-2025-ci illər ərzində Çində bank sektorunda, eləcə də Tszilin və Hubey əyalətlərinin partiya strukturlarında bir sıra rəhbər vəzifələrdə çalışıb.
Ötən ilin dekabrında Çinin Dövlət Bədən Tərbiyəsi və İdman Baş İdarəsinin keçmiş rəhbəri Qo Çjunven də külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları üzrə iki illik təxirəsalma ilə ölüm cəzasına məhkum edilmişdi.
Yançen Orta Xalq Məhkəməsinin qərarına əsasən, məmur 2009-2024-cü illər arasında vəzifəsindən istifadə edərək ayrı-ayrı şəxslərin və təşkilatların layihələrdə və biznes əməliyyatlarında maraqlarını lobbiçilik yolu ilə müdafiə edib və bunun müqabilində 236 milyon yuandan (təxminən 33,4 milyon dollar) çox vəsait əldə edib.
Aydın
Şərhlər