Dünyanın müxtəlif ölkələrində ənənəvi ticarət sürətlə rəqəmsal platformalara keçərkən, canlı yayımlar da yeni gəlir modelinə çevrilir. ABŞ-da qədim və kolleksiya sikkələrinin satışı ilə məşğul olan sahibkar Byorn Berqstrom (Bjorn Bergstrom) bunun ən diqqətçəkən nümunələrindən birini ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, Nebraska ştatının Kearni şəhərində yaşayan 41 yaşlı Berqstrom zirzəmidə başladığı biznesini sosial şəbəkələr vasitəsilə milyonlarla dollarlıq ticarətə çevirib. O, fasiləsiz 177 saat 10 dəqiqə davam edən canlı yayım təşkil edərək bir həftə ərzində 2 milyon 47 min dollar dəyərində satış həyata keçirib.
Berqstrom canlı yayımlarını əsasən gecə saatlarında təşkil edib. Onun sözlərinə görə, insanlar məhz bu vaxt mobil telefonlardan daha çox istifadə etdikləri üçün auditoriya daha geniş olur.
Sahibkarın məqsədi təkcə məhsul satmaq deyil, eyni zamanda izləyiciləri uzun müddət platformada saxlamaq, onların fəallığını artırmaq və daimi izləyici icması formalaşdırmaq olub.
Bu məqsədlə o, əvvəlki rekordunu təxminən üç dəfə üstələyərək bir həftə fasiləsiz canlı yayım edib.
Berqstrom və onun kimi kontent istehsalçıları satış, əyləncə və izləyici icmasını bir araya gətirən yeni biznes modeli formalaşdırırlar.
Resellbot elektron ticarət platformasının məlumatına görə, son altı ayda kolleksiya sikkələri satış həcminə görə platformanın ən populyar üç kateqoriyasından biri olub. Geyim, idman kartları və kolleksiya məhsulları ilə yanaşı, bu sahə sürətlə böyüyən bazarlardan hesab edilir.
Berqstromun Kearnidə yerləşən fiziki mağazasında təxminən 30 nəfər çalışır. Bununla belə, biznesinin əsas hissəsi artıq canlı yayımlar vasitəsilə həyata keçirilir. Şirkətin aylıq əməliyyat həcmi ən yüksək dövrdə 8,4 milyon dollara çatıb, illik satışlarının isə on milyonlarla dollar olduğu bildirilir.
Berqstromun məzmun strategiyası məşhur "YouTube" və "TikTok" fenomeni MrBeast-in yanaşmasına əsaslanır.
Canlı yayımlarda yüksək temp, gözlənilməz hədiyyələr, ani hərraclar və daim izləyicinin diqqətini cəlb edən üsullardan istifadə olunur.
Ən populyar formatlardan biri qısa müddətli hərraclardır. Bu zaman ekranda nümayiş etdirilən sikkə üçün geri sayım başlayır və vaxt bitənədək ən yüksək məbləği təklif edən şəxs məhsulu əldə edir. Bu sistem izləyicilər arasında rəqabəti artırır.
"Wall Street Journal"a danışan 29 yaşlı Dom Devis bildirib ki, bu hərraclar video oyunları xatırladır və qalib gəlmək üçün tam diqqət tələb olunur.
58 yaşlı Mayk Qobl isə yayımları alış-verişdən çox televiziya proqramı kimi izlədiyini deyib. O, gümüş sikkələri investisiya vasitəsi hesab etsə də, onu daha çox prosesin özü maraqlandırdığını qeyd edib.
Uzunmüddətli canlı yayım sahibkarın şəxsi həyatına da təsirsiz ötüşməyib.
Berqstromun həyat yoldaşı Canin Berqstrom bildirib ki, əri bu qədər uzun yayım planı barədə əvvəlcədən ona tam məlumat verməyib. Onun sözlərinə görə, gərgin iş qrafiki ailə həyatında müəyyən çətinliklər yaradıb. Cütlüyün 4 yaşlı qızı da bu intensiv iş rejimi şəraitində böyüyür.
Marafon yayımın sonunda əldə olunan göstəricilər belə olub:
177 saat 10 dəqiqə fasiləsiz canlı yayım;
2 milyon 47 min dollar dəyərində satış;
20 min 700-dən çox məhsul satışı;
717 yeni müştəri;
26 mindən çox izləyici şərhi;
Bəzi istifadəçilərin 80 saatdan çox canlı yayımı izləməsi.
Lakin Berqstrom etiraf edib ki, bütün bu göstəricilərə baxmayaraq, nəticə gözlədiyi qədər gəlirli olmayıb. Hədiyyələr, logistika və digər əməliyyat xərcləri çıxıldıqdan sonra onun xalis mənfəəti təxminən 155 min dollar təşkil edib.
Günay
Şərhlər