Xəbər lenti

İsti havalarda bu 5 səhv həyati təhlükə yarada bilər (XƏBƏRDARLIQ)
Dünya 11:35 17.07.2026

İsti havalarda bu 5 səhv həyati təhlükə yarada bilər (XƏBƏRDARLIQ)

Havanın həddindən artıq istiləşməsi xəstəxanaların təcili yardım şöbələrində müraciətlərin kəskin artmasına səbəb olur. Bəzi hallarda isə yol verilən sadə səhvlər ölümcül nəticələrlə yekunlaşa bilir.

Böyük Britaniyanın Addenbrooke's Xəstəxanasında çalışan, 20 illik təcrübəyə malik təcili yardım mütəxəssisi həkim Adrian Boyl (Adrian Boyle) isti hava dalğaları zamanı insanların ən çox buraxdığı səhvləri və onlardan qorunma yollarını açıqlayıb.

Həkimin sözlərinə görə, təcili yardıma müraciət edən xəstələrin əhəmiyyətli hissəsi qarşısı alına biləcək səbəblərlə xəstəxanaya düşür.

Gündəlik rejimi dəyişməmək

Dr. Boyl bildirib ki, insanlar havanın həddindən artıq isti olmasına baxmayaraq gündəlik işlərini əvvəlki qaydada davam etdirməyə çalışırlar. O, son isti hava dalğası zamanı 35 dərəcə istidə alış-verişə çıxan və huşunu itirərək başından xəsarət alan yaşlı pasiyenti nümunə göstərib.

Həkimin sözlərinə görə, orqanizmin həddindən artıq isinməsinin ilk mərhələsində halsızlıq, başgicəllənmə, baş ağrısı və güclü tərləmə yaranır. Vaxtında sərin yerə keçmək və maye qəbul etmək vəziyyəti yaxşılaşdıra bilər. Lakin tədbir görülməzsə, bu hal günvurma və ya istilik vurmasına çevrilə bilər. Belə vəziyyət təcili tibbi müdaxilə tələb edir və qıcolma, hətta infarkt riski yarada bilər.

Boyl isti hava dalğası dövründə xüsusilə günorta saatlarında çölə çıxmamağı, nazik və açıq rəngli geyimlər seçməyi, papaq taxmağı, ventilyator və ya kondisionerdən istifadə etməyi tövsiyə edib.

Güclü idmanla məşğul olmaq

Həkim qeyd edib ki, havanın temperaturu 35 dərəcədən yuxarı olduqda açıq havada qaçış, velosiped sürmək və digər ağır fiziki məşqlər ciddi təhlükə yaradır.

Onun sözlərinə görə, isti və rütubətli hava şəraitində tər buxarlana bilmir, orqanizm soyumur və ürək daha çox yüklənir. Bundan başqa, susuzlaşma böyrəklərə gedən qan dövranını azaldaraq sonradan kəskin böyrək çatışmazlığına səbəb ola bilər.

Həkim Boyl isti günlərdə idmana fasilə verməyi, məşq ediləcəyi halda isə bunu səhər tezdən və ya kondisionerli idman zallarında etməyi tövsiyə edib. O vurğulayıb ki, yalnız su içmək orqanizmi bütün risklərdən qorumur.

Manqalı tez alışdırmağa çalışmaq

Yay aylarında təcili yardıma müraciət edilən ağır hallardan biri də manqal yanmalarıdır.

Həkimin sözlərinə görə, kömürün tez alışması üçün üzərinə benzin, tiner və ya alışqan qazı kimi yanıcı maddələr tökmək qəfil partlayışlara və ağır yanıqlara səbəb olur.

Həkim Boyl bildirib ki, manqal yandırarkən yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi alışdırıcılardan istifadə edilməli, benzin və digər yanacaq növləri qətiyyən kömürün üzərinə tökülməməlidir.

Nəzarətsiz çimərliklərdə çimmək

İsti havada sərinləmək üçün suya girmək rahatlatsa da, nəzarətsiz çimərliklər, göllər və çaylar ciddi təhlükə yaradır.

Həkim bildirib ki, qızmış vəziyyətdə qəfil buz kimi suya tullanmaq "soyuq su şoku" yaradaraq infarkt və ya boğulma riskini artıra bilər. Bundan əlavə, güclü axınlar, görünməyən qayalar və dərinlik dəyişiklikləri də həyati təhlükə yaradır.

Dr. Boyl insanlara tək üzməməyi, xilasedicisi olan çimərlik və hovuzlara üstünlük verməyi, suya isə tədricən – əvvəlcə ayaqları isladaraq daxil olmağı məsləhət görüb.

Qəbul edilən dərmanları nəzərə almamaq

Mütəxəssis xəbərdarlıq edib ki, bəzi dərmanlar isti havada orqanizmin reaksiyasını dəyişdirərək ciddi fəsadlara səbəb ola bilər.

Onun sözlərinə görə, təzyiq və ürək dərmanları damarları genişləndirərək təzyiqin təhlükəli dərəcədə enməsinə, başgicəllənmə və huş itirməyə səbəb ola bilər.

Antidepressantlar və antipsixotik preparatlar isə bədənin istilik tənzimləmə mexanizmini poza, susuzluğun hiss edilməsini çətinləşdirə və tərləməni azaldaraq günvurma riskini artıra bilər.

Dəriyə yapışdırılan ağrıkəsici plastırlar da isti havada dəridən daha çox sorularaq dərmanın normadan artıq qəbuluna, şüur bulanıqlığına və tənəffüs problemlərinə səbəb ola bilər.

Boyl vurğulayıb ki, isti hava dalğaları zamanı bəzi dərmanların dozasının dəyişdirilməsi lazım gələ bilər. Lakin o, heç kəsin həkimlə məsləhətləşmədən dərman qəbulunu azaltmamasını və ya dayandırmamasını tövsiyə edib.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->