Xəbər lenti

Qadın və kişi cazibədarlığı: Alimlər elmi meyarları açıqladı
Dünya 08:15 17.07.2026

Qadın və kişi cazibədarlığı: Alimlər elmi meyarları açıqladı

Gözəlliyin zövq məsələsi olduğu barədə geniş yayılmış fikrə baxmayaraq, yeni elmi araşdırma insanların əksəriyyətinin cəlbedici hesab etdiyi müəyyən üz xüsusiyyətlərinin mövcud olduğunu göstərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.

Nəşr beynəlxalq tədqiqat qrupunun 601 nəfərin üzünün üçölçülü (3D) skanının təhlili əsasında əldə etdiyi nəticələrə istinad edib.

Alimlər araşdırmaya 21–35 yaş arasında olan iştirakçıları cəlb ediblər. Hər bir iştirakçı üçün yüksək dəqiqlikli 3D üz modeli yaradılıb, üz quruluşu isə 1021 rəqəmsal nəzarət nöqtəsi vasitəsilə təhlil edilib. Daha sonra üç kişi və üç qadından ibarət altı müstəqil ekspert hər bir üzün cazibədarlığını 0-dan 100 bala qədər qiymətləndirib.



Təhlil göstərib ki, ən aydın qanunauyğunluqlar qadın üzləri ilə bağlı müşahidə olunub. Tədqiqatçılar müəyyən ediblər ki, daha yüksək qiymət alan qadınların üzü daha dar, yanaq nahiyəsi daha az ifadəli, dodaqları daha dolğun və üz konturları daha aydın olub. Bundan əlavə, daha dar burun və bir qədər çıxıntılı burun ucu da müsbət qiymətləndirilib.

Kişilərlə bağlı nəticələr isə daha qeyri-müəyyən olub. Bununla belə, ümumilikdə daha ifadəli alt çənəyə, daha bucaqlı üz cizgilərinə və aydın konturlara malik kişilər daha yüksək qiymətlər alıblar.

Bununla yanaşı, tədqiqat müəllifləri nəticələrin həddindən artıq sadələşdirilməsinə qarşı xəbərdarlıq ediblər.



"Cəlbedici üz yalnız ideal burun və ya çənə ilə müəyyən edilmir. Əsas amil çoxsaylı üz cizgilərinin təbii harmoniyasıdır”, deyə alimlər qeyd ediblər.

"Daily Mail”in məlumatına görə, psixoloqlar da bildirirlər ki, xarici görünüşün qiymətləndirilməsi yalnız anatomiya ilə məhdudlaşmır. İnsan beyni həmsöhbət haqqında ilk təəssüratı saniyələr ərzində formalaşdırır və gözəlliyin qavranılmasına bioloji amillərlə yanaşı, həyat təcrübəsi, mədəni mühit və müəyyən görünüş tiplərinə alışqanlıq da təsir göstərir.

Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr ortodontlar, üz-çənə cərrahları və plastik cərrahlar üçün faydalı ola bilər. Bununla belə, onlar vurğulayırlar ki, vahid "gözəllik formulu” mövcud deyil və cazibədarlıq üzün obyektiv xüsusiyyətləri ilə insanın fərdi qavrayışının vəhdətindən formalaşır.

"Daily Mail” qeyd edir ki, alimlərin müəyyən etdiyi meyarlara bir çox insanın cazibədarlıq nümunəsi hesab etdiyi məşhurlar da uyğun gəlir. Nümunə kimi qadınlar arasında kinoaktrisa Marqo Robbi və model Elza Hosk, kişilər arasında isə model Devid Qendi və kinoaktyor Henri Kavill göstərilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->