(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb)
Ordu hər bir dövlətin suverenliyinin, təhlükəsizliyinin və milli birliyinin əsas dayağıdır. Güclü və peşəkar ordu yalnız silahla deyil, ilk növbədə insan amili ilə qurulur. Azərbaycanın ordu quruculuğu tarixinə nəzər saldıqda, Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi hərbi xadimlərin şəxsi keyfiyyətlərə, mənəvi prinsiplərə və insan faktoruna verdikləri önəm bu gün də aktualdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövləti ordu quruculuğuna xüsusi diqqət yetirib, ordunu təkcə müdafiə gücü kimi deyil, həm də milli qürur və dövlətçilik dayağı kimi formalaşdırmağa çalışıb. Bu prosesin zirvəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərlə öz təsdiqini tapdı.
Məhz bu baxımdan 26 İyun – Silahlı Qüvvələr Günü yalnız təqvimdə bir tarix deyil, həm də Azərbaycan Ordusunun qüdrətini, keçdiyi inkişaf yolunu və əldə etdiyi uğurları qeyd etmək, hərbi sahədəki nailiyyətləri dəyərləndirmək üçün mühüm gündür.
Qaynarinfo Azərbaycanın müasir ordu sisteminin inkişaf mərhələləri, keçdiyi tarixi yolu, orduda insan amilinin rolunu, qazanılmış uğurları hərbi ekspert İbrahim Rüstəmli ilə müzakirə edib.
- İbrahim bəy, Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci ildən bu günə qədər keçdiyi inkişaf yolunu necə xarakterizə etmək olar?
- Ordunun formalaşmasında, qurulmasında, inkişafında əsas rolu insan amili oynayır. Ona görə də ordunun qurucuları, Səməd bəy Mehmandarov başda olmaqla, Əliağa Şıxlınski və digərləri ordunun dövlətin, xalqın əsas sütununa, dayağına çevrilməsi üçün insan amilini xüsusi qabartmışdılar. Mehmandarov onu da vurğulamışdı ki, ordu xalqın güvənc yeridir. Buraya kimsə şəxsi mənfəətini güdmək üçün gəlməməlidir. Ordu dövlətin qarantı, xalqın təhlükəsizliyi və s.-dir. Bu gün də vəziyyət dəyişməyib. Biz orduya Azərbaycanın milli maraqlarının əsas təminatçısı, Azərbaycan dövlətinin və xalqının əsas güvən yeri kimi baxırıq. İnsan amili ilə bağlı isə təəssüflə qeyd etməliyəm ki, problemlər yaşanmaqdadır. Bütün neqativ hallara baxmayaraq, Azərbaycan ordusu bugünkü uğurlarına, 44 günlük Vətən müharibəsindəki qələbəmizə görə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevə borcludur. İlham Əliyevin ordu idarə etmə sistemindəki fəali mövqeyi, müdaxiləsi ordumuzun formalaşması üçün əsas stimul rolunu oynayır.
- 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun tətbiq etdiyi strateji və taktiki dəyişikliklər, eləcə də beynəlxalq hərbi əməkdaşlıqlar ordumuzun qələbəsində necə rol oynadı? Bu uğurların davamlılığı üçün gələcəkdə hansı addımlar atılmalıdır?
- Azərbaycan müstəqil dövlətdir, onun 30-dan çox dövlətlə hərbi sahədə, bir, iki və daha çox tərəfli hərbi əlaqələri var. Azərbaycan dünyanın aparıcı ordularına məxsus ölkələri ilə, xüsusilə Türkiyə ilə fikir və təcrübə mübadiləsi aparır, öyrənir. Xüsusilə silah sənayemizdəki müəyyən irəliləyişlər ordumuzun inkişafı üçün stimul rolu oynayan əsas məqamlardan biridir. 44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun bugünkü uğurlarının əsas göstəricisidir. Hətta dünya dövlətləri bu savaşda Azərbaycanın hərbi fəaliyyətini həm yüksək qiymətləndirib, həm də öyrəndilər. Təcrübə baxımından bu döyüş onlar üçün böyük əhəmiyyət daşıyıb. Bu savaşda Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Onu da xüsusi vurğulamaq istəyirəm ki, çox dar bir məqamda orduda kardinal, kadr siyasətində sərt, cəbbəxanada, strateji, taktiki çox ciddi dəyişiklik oldu. Bütün bunlar günün tələbləri çərçivəsinə uyğun olaraq formalaşdırıldı və 44 günlük müharibədə biz ildırım sürəti ilə düşməni məhv etdik, onun komunikasiyasını, logistikasını iflic vəziyyətə saldıq. 30 il ərzində torpaqlarımızda bərkimiş işğalçı ordunun bütün dəyər sütunlarını Azərbaycan 44 gün ərzində sıradan çıxardı. Ən əsası isə ordumuzun gücü və qüdrəti sayəsində biz torpaqlarımızın müəyyən hissəsini müharibəsiz, döyüşsüz ala bildik. Laçın, Kəlbəcər kimi ağır coğrafi şəraitə malik olan regionlarda döyüş aparmaq çox çətindir. Bu bizə müəyyən itkilər hesabına başa gələ bilərdi. Amma Azərbaycan burda o qədər unikal strategiya, takitika həyata keçirdi ki, düşmənin böyük hissəsini mühasirəyə aldı və torpaqlarımızın döyüşsüz boşaldılmasına nail olmayınca, onların da çıxışına icazə vermədi.
- İbrahim bəy, Azərbaycan Ordusunun 1918–2020-ci illər arasında keçdiyi inkişaf yolu göstərir ki, yalnız hərbi texnika ilə deyil, sosial təminat və siyasi iradə ilə də güclü ordu qurmaq mümkündür. Bəs sizcə, bu inkişafda hansı amil daha həlledici rol oynayıb? Dövlətin maddi-siyasi dəstəyi, yoxsa xalqla ordu arasındakı mənəvi birlik?
- Azərbaycan Ordusu 1918-ci ildən 2020-ci ilə kimi çox böyük inkişaf yolu keçib. Yəni Azərbaycan 1918-ci ildən 2020-ci ilə qədər ordu quruculuğu sahəsində, deyərdim ki, fantastik şəkildə böyük uğura imza atıb. Mən 1992-ci ildə orduda idim. Həmin dövrdə bizim təminatımız, məvacibimiz, sosial müdafiəmiz sıfırdan da aşağı idi. Təqribən 30-35 il ərzində bu ordunun həyatında o qədər mükəmməl dəyişiklik edilib ki, hərbi qulluqçuların sosial həyatı, mənzillə təmin olunması məsələsində çox böyük irəliləyişlər var. Onların pensiya təminatında, ailə vəziyyətiinin yaxşılaşdırılmasında maddi yardımların göstərilməsi kimi böyük işlər görülüb. Ordumuzun paltar təminatı, cəbbəxanamız çox yaxşı vəziyyətdədir. Dünyanın ən müasir silahları alınır. Bu kimi məsələlər ilk olaraq böyük diqqət, daha sonra maliyyə xərcləri tələb edir. Bu diqqətin də arxasında birmənalı şəkildə dayanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. O özünü Ali Baş Komandan kimi yox, həm də Azərbaycan xalqının bir əsgəri kimi aparır. İlham Əliyev müharibədə təkcə Prezident, Ali Baş Komandan olmadı, vətən savaşında əlinə silah alıb əsgərləri ilə birgə addımlayan döyüşçü kimi çıxış elədi. Təbii ki, ordu ilə xalqın mənəvi birliyi, xalqın, ordunun və dövlətin bir-biri ilə birləşib bir yumruğa çevrilməsi Azərbaycan Ordusunun həyatında da izsiz ötüşə bilməzdi.
- Silahlı Qüvvələr Günü kimi rəsmi tədbirlər və hərbi simvolika bu gün artıq təkcə daxili auditoriyaya yox, beynəlxalq ictimaiyyətə də mesaj verə biləcək alətlərə çevrilməlidirmi?
- Əlbəttə, çevrilməlidir. Azərbaycan düşməni çox olan dövlətdir. Yazılarımın birində bu barədə xüsusi vurğulamışdım. Demişdim ki, İlham Əliyev 44 günlük savaşı uddu. İndi də sülhü qorumağa çalışır. Bu, çox doğru strategiaydır. O bizim üçün bir rəmzdir. Onun fəaliyyəti bizim üçün bir rəmzə çevrilib. Azərbaycan torpaqlarının bütövlüyü üçün Azərbaycan Prezidenti rəmzi rol oynayır. Bizi bunu deməyə İlham Əliyevin fəaliyyəti vadar edir. Düşmənlərimiz çox olduğu üçün ordumuzu daim inkişaf etdirməliyik. Çin strategiyasında 3-cü bənddə deyilir ki, müharibə istəmirsənsə, güclü ol. Yəni zəif olacaqsansa, daima sənin üstünə hücum edəcəklər. Ona görə də ordumiz daim inkişaf etməlidir, daim mükəmmələşməlidir ki, zəif tərəfini göstərməsin. Çünki heç kim güclü tərəfə hücum eləmir. Ona görə də ordumuzun güclənməsi düşmənlərimizə qarşı bir mesajdır. Bildiyimiz kimi, Ermənistana Fransadan, Hindistandan silahlar daxil olur. Azərbaycan da buna adekvat hərəkətlər edir. Bu da onun qələbə mövqeyini itirməməsi üçündür.
- 44 günlük Vətən Müharibəsindən sonra Silahlı Qüvvələr qarşısında duran əsas strateji hədəflər hansılardır?
- Bizim strateji hədəflərimiz milli maraqlarımızdır. Azərbaycan Prezidenti də ordumuzu milli maraqlarımızın qarantı kimi təqdim edib və buna prioritet məsələ kimi baxıb. Bunun da arxasında orduya daim diqqət, müdafiə qüdrətinin artırılması, sosial təminatının gücləndirilməsi kimi vacib məsələlər dayanır. Azərbaycan hərbi sənayesi də artıq inkişaf edib. Biz bu gün hansısa mötəbər silah sərgilərində yanlış müşahidəçi kimi deyil, həm də öz istehsal etdiyimiz müasir silahlarla təmsil olunuruq. Əsas milli maraqların təminatçısı mövqeyini əldə saxlamaqdır. Azərbaycan dövlətinin qorunması, müdafiəsi, Azərbaycan ərazilərinin bütövlüyünün toxunulması məhz Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bağlıdır. Ona görə də bu strateji hədəflər son dərəcə vacibdir. Azərbaycan son 200 il ərzində heç vaxt bu qədər bütöv olmayıb. Biz 44 günlük Vətən Müharibədə son 200 ilin ən böyük qələbəsini qazanmışıq. Ordumuzun ən böyük strateji hədəflərindən biri də sülhü qorumaqdır. Bu məsələdə də Azərbaycan Silahlı Qüvvələrinin üzərinə çox böyük məsuliyyət düşür.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər