Tədqiqatçılar nefrit əlavəsi yerləşdirilmiş qədim azı dişinin müayinəsi zamanı mayalıların diş bəzəklərindən yalnız estetik məqsədlərlə deyil, müalicə məqsədilə də istifadə etdiyini müəyyən ediblər.
Qayanrinfo xəbər verir ki, "National Geographic" nəşrinin məlumatına görə, arxeoloqlar onilliklər ərzində maya sivilizasiyasına aid abidələrdə qiymətli daşlarla bəzədilmiş diş nümunələri aşkar ediblər. Əvvəllər bu əlavələrin əsasən moda və ya dini mərasimlərlə bağlı olduğu düşünülürdü.
"Bu kariyes boşluğu olduqca mükəmməl şəkildə işlənib”, deyə tədqiqatın həmmüəllifi, stomatoloq-antropoloq Elma Veqa-Lisama bildirib. Onun sözlərinə görə, prosedur "çox yaxşı, diqqətli və təmiz” şəkildə həyata keçirilib.
Tədqiqatda araşdırılan diş Qvatemalada yerləşən Universidad Francisko Marroquin Universitetinin Museo Popol Vuh muzeyində saxlanılır. Burada dünyanın ən böyük maya dişi kolleksiyalarından biri yerləşir.
Dişin dəqiq mənşəyi məlum olmasa da, alimlər onun müasir Qvatemala şəhərinin ərazisində yerləşən qədim Kaminalhuyu yaşayış məntəqəsindən gətirildiyini ehtimal edirlər. Tədqiqatçıların fikrincə, nümunə eramızın təxminən 250–900-cü illərini əhatə edən klassik maya dövrünə aiddir.
Diş əlavələri sosial status göstəricisi idi
Əvvəllər aşkar edilmiş bu tip əlavələrin əksəriyyəti ön dişlərdə yerləşirdi. Buna görə alimlər onların əsasən estetik və sosial status göstəricisi olduğunu düşünürdülər.
Universidad Francisko Marroquin Universitetinin ortodontu Marko Ramirez-Salomon bildirib ki, belə diş bəzəklərinə həm varlı, həm də kasıb mayalar arasında rast gəlinib, lakin onlar daha çox yüksək sosial təbəqənin nümayəndələrində müşahidə olunub.
Bəzi imkanlı şəxslərin ağız boşluğunda müxtəlif forma və rənglərdə səkkizə qədər qiymətli daş əlavəsi olduğu müəyyən edilib.
Lakin yeni araşdırılan azı dişi fərqli xüsusiyyətə malikdir. Arxa hissədə yerləşən və demək olar ki, görünməyən bu dişdə aparılmış əlavə estetik məqsədlə izah olunmur. Bu isə alimləri onun müalicəvi funksiyası ola biləcəyi qənaətinə gətirib.
Qədim "plomb”un tərkibi alimləri təəccübləndirib
Tədqiqatçıların diqqətini daşın bərkidildiyi maddənin tərkibi çəkib. Əvvəlki araşdırmalarda bu materialda fosfat, kalsium, bitki yağları və bitum izləri aşkar edilib.
Marko Ramirez-Salomon qeyd edib ki, bəzi qədim hermetik materiallar müasir diş plomblarında istifadə olunan maddələrdən daha davamlı ola bilər.
Onun sözlərinə görə, müasir plomblar zamanla zədələnə və ya düşə bilər, halbuki qədim maya əlavələri əsrlər boyu qorunub saxlanılıb. Alimlər hesab edirlər ki, həmin materiallar antiseptik xüsusiyyətlərə də malik olub.
Araşdırma zamanı əlavəli dişlərdə təkrar kariyes hallarının daha az olduğu müəyyən edilib.
Qədim stomatoloji prosedurun izləri aşkarlanıb
Üçölçülü tomoqrafiya vasitəsilə alimlər daş əlavəsinin insan sağ ikən yerləşdirildiyini müəyyən ediblər. Buna sübut kimi prosedurdan sonra yaranmış pulpanın kalsifikasiyası göstərilib.
Dişin vəziyyətinə əsasən, tədqiqatçılar pasiyentin yaşlı yeniyetmə olduğunu və əməliyyatdan sonra daha 5–10 il yaşadığını ehtimal edirlər.
Elektron mikroskopiya isə qədim ustaların yüksək dəqiqliyə malik olduğunu göstərib. Araşdırmada azı dişində primitiv burğudan qalan dairəvi izlər aşkarlanıb.
Aydın
Şərhlər