Xəbər lenti

Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Dünya 17:10 08.07.2026

Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı

Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. 

Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır.

Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusdan gedir. Ross adasında, Cənub qütbündən təxminən 1 350 kilometr məsafədə yerləşən vulkanın əsas xüsusiyyətlərindən biri daim mövcud olan lava gölüdür. Alimlərin diqqətini cəlb edən əsas məqam isə onun lava və vulkanik qazlarla yanaşı, saf elementar qızıl kristalları da yaymasıdır.

Hələ 1991-ci ildə "Geophysical Research Letters" jurnalında dərc olunmuş tədqiqata əsasən, Erebus hər gün təxminən 80 qram qızıl hissəciklərini atmosferə buraxır. Ən xırda hissəciklər kraterdən 1 000 kilometrədək, hətta daha uzaq məsafələrə daşına bilir.

Alimlər digər vulkanların püskürmələri zamanı da qızıl izləri aşkarlayıblar. Bunlara Havaydakı Kilauea, İtaliyadakı Etna, Alyaskadakı Avqustin və Meksikadakı El-Çiçon vulkanları daxildir. Məlumata görə, Yerin dərinliklərindən qalxan maqma mis, gümüş, civə, arsen, selen, kükürd və qızıl kimi müxtəlif elementləri daşıyır və onlar müxtəlif kimyəvi birləşmələr əmələ gətirirlər.

Tədqiqatçılar bildirirlər ki, qızıl birbaşa buxarlanmır. Çünki onun qaynama temperaturu vulkanik proseslər zamanı yaranan temperaturdan xeyli yüksəkdir. Onların fikrincə, qızıl xlor və ya kükürdlə əmələ gətirdiyi uçucu birləşmələr vasitəsilə daşınır və bu birləşmələr isti vulkanik qazlarda sabit qala bilir.

Nyu-Meksiko Dağ-Mədən və Texnologiya İnstitutunun geokimyaçısı Kimberli Mikerin rəhbərlik etdiyi tədqiqat qrupu krater ətrafındakı qar nümunələrini, lava gölünün üzərindəki qazları və vulkandan 1 000 kilometrədək məsafədə yerləşən Antarktida troposferindən götürülmüş hava nümunələrini araşdırıb.

Məqalədə qeyd olunur ki, hər üç növ nümunədə mikroskopik saf qızıl hissəcikləri aşkar edilib. Elektron mikroskop altında onların formasız dənəciklər deyil, demək olar ki, ideal həndəsi quruluşa malik kristallar olduğu müəyyənləşdirilib. Bəzi kristalların ölçüsü 60 mikrometrə çatıb.

Maraqlıdır ki, qızıl emissiyasının həcminə görə Erebus lider deyil. Hesablamalara əsasən, Kilauea gündə 500–800 qram, Etna isə gündə 2,4 kiloqrama qədər qızıl hissəcikləri buraxır. Lakin məqalədə qeyd olunduğuna görə, yalnız Erebusda saf elementar qızıl kristallarının müşahidə edildiyi bildirilir.

Alimlərin hələ də cavab tapa bilmədiyi əsas sual qızılın onu vulkan sistemi boyunca daşıyan kimyəvi birləşmələrdən necə ayrılmasıdır.

Versiyalardan birinə görə, qızıl lavanı xlor tərkibli uçucu birləşmələrin tərkibində tərk edir və soyuma zamanı Antarktida buzlaqlarına çökməzdən əvvəl kristallaşır. Lakin tədqiqatçılar bildirirlər ki, bu nəzəriyyə bütün müşahidələri tam izah etmir. Onların fikrincə, vulkanik qazlarda qızılın miqdarı havada bu qədər mükəmməl kristalların əmələ gəlməsini izah etmək üçün kifayət etmir.

"ScienceAlert" nəşrinin məlumatına görə, tədqiqat qrupunun üzvlərindən olan vulkanoloq Filip Kayl daha sonra başqa ehtimal irəli sürüb. Onun fikrincə, qızıl əvvəlcə lava gölünün səthində əmələ gələn qabıqda formalaşır, daha sonra isə qazlarla birlikdə atmosferə qalxır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->