"Partiyaya üzv olduqdan sonra üzvlük haqqı vermək, partiya fəaliyyətində iştirak etmək istəməyən və yaxud da fəaliyyəti ilə partiya adına kölgə salan insanlardır və belələri partiya sıralarından uzaqlaşdırılır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə 2 mindən artıq üzvün Yeni Azərbaycan Partiyasından xaric edilməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Deputat bildirib ki, onlardan bir qismi üzvlük haqqını verməyənlərdir:
"Çünki partiya üzvlük haqqı hesabına fəaliyyət göstərir. Əgər kimlərsə buna töhfə vermək istəmirsə, aydın məsələdir ki, bizim sıralarımızda ola bilməzlər".
Aydın Mirzəzadə YAP-ın 800 mindən çox üzvü olduğu bildirib:
"Bütün Azərbaycan coğrafiyasını əhatə edən siyasi təşkilatdır. Biz dinamik, çevik, cəmiyyətdə gedən proseslərə operativ reaksiya verən bir təşkilatıq. Bizim sıralarımıza könüllü qoşulan hər bir üzvdən fəallıq və eyni zamanda üzərinə götürdüyü partiya öhdəliyini yerinə yetirilməsini istəyirik. Böyük əksəriyyət bu məsələyə məsuliyyətlə yanaşır, amma təəssüf ki, bəzən partiya üzvü olduqdan sonra üzvlük haqqı vermək istəməyənlər də olur".
Qeyd edək ki, Gununsesi.info-nun YAP-ın Mərkəzi Aparatından əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib. Bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub. Xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili üzvlük haqqını ödəməkdən yayınıb. Buna görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.
Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub. Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.
Bahar Rüstəmli
Şərhlər