Xəbər lenti

2026-cı ilin ən dəbli texnoloji yenilikləri açıqlandı
DƏB 08:15 14.07.2026

2026-cı ilin ən dəbli texnoloji yenilikləri açıqlandı

Texnologiya sahəsində innovasiya yarışı sürətlə davam edir. Böyük istehsalçılar süni intellekt (AI) ilə təchiz edilmiş yeni nəsil cihazlar təqdim edərək bazarda üstünlük qazanmağa çalışırlar.
 
Qaynarinfo adevarul.ro-ya istinadən xəbər verir ki, 2026-cı ildə isə ağıllı eynəklər, interyerin bir hissəsinə çevrilən televizorlar və uzun müddət yuyulmadan istifadə edilə bilən geyimlər ən diqqətçəkən texnoloji yeniliklər sırasında yer alır.

Süni intellektli ağıllı eynəklər populyarlıq qazanır

2026-cı ilin ən maraqlı texnoloji məhsullarından biri süni intellektlə işləyən ağıllı eynəklərdir. Bu qurğular adi eynəklə ağıllı cihazın xüsusiyyətlərini birləşdirir və istifadəçiyə şəxsi köməkçi funksiyasını yerinə yetirir.

Hazırda bu eynəklərin üç əsas növü mövcuddur:

süni intellekt və kamera ilə təchiz olunmuş ağıllı eynəklər;
artırılmış reallıq (AR) eynəkləri;
sənaye sahələrində istifadə olunan funksional eynəklər.

Ən populyar modellər süni intellektlə təchiz edilən eynəklərdir. Onlar istifadəçinin baxdığı istiqamətdən foto və video çəkə, musiqi səsləndirə, telefon zənglərini qəbul edə, bəzi dillərdə danışığı real vaxtda tərcümə edə, suallara cavab verə, həmçinin baxılan obyektləri, tarixi abidələri və məhsulları tanıya bilir.
 


Başqa sözlə, süni intellekt istifadəçinin gördüyünü analiz edərək ətraf mühit barədə dərhal məlumat təqdim edir.

Artırılmış reallıq eynəkləri isə bildirişləri, GPS istiqamətlərini, real vaxt subtitrlərini, elektron məktubları və digər məlumatları birbaşa istifadəçinin görmə sahəsində göstərir.

Bununla yanaşı, bu cihazların bəzi çatışmazlıqları da var. Aktiv istifadə zamanı batareyanın ömrü adətən bir neçə saatla məhdudlaşır, kamera səbəbindən məxfiliklə bağlı narahatlıqlar yaranır və bir çox AI funksiyası internet bağlantısı tələb edir.

Sənaye analitiklərinin fikrincə, növbəti beş il bu bazar üçün həlledici olacaq. Meta, Google, Apple, Samsung Electronics və XREAL daha yüngül, daha güclü batareyaya malik və inkişaf etmiş süni intellekt imkanları təqdim edən modellərin hazırlanmasına böyük investisiyalar yatırırlar.

Söndürüləndə tabloya çevrilən televizorlar

2026-cı ilin digər texnoloji trendi "Art TV" adlandırılan ağıllı televizorlardır.

Bu televizorlar işləmədikdə adi televizor deyil, divardan asılmış rəsm əsəri təsiri bağışlayır. Ekranda məşhur rəssamların əsərləri və ya şəxsi fotolar nümayiş etdirilə bilir.

Bu konsepsiya ilk dəfə 2017-ci ildə təqdim edilsə də, yalnız 2025-ci ildən etibarən müxtəlif istehsalçılar tərəfindən geniş şəkildə istehsal olunmağa başlayıb və 2026-cı ildə populyarlıq qazanıb.

İşlək vəziyyətdə onlar yüksək keyfiyyətli 4K Smart TV kimi fəaliyyət göstərir, söndürüldükdə isə "Art Mode" rejiminə keçir.

Bu televizorlar ultra nazik korpusa, dəyişdirilə bilən maqnit çərçivələrə, əksolunmanı minimuma endirən xüsusi ekrana və otaqdakı işığa uyğun parlaqlığı avtomatik tənzimləyən sensorlara malikdir.
 
 

Hərəkət sensoru isə otaqda heç kəs olmadıqda ekranı söndürərək enerji sərfiyyatını azaldır.

İstifadəçilər "Art Store" platforması vasitəsilə dünyanın məşhur muzeylərində nümayiş olunan minlərlə sənət əsərinə çıxış əldə edə bilirlər.

Bu kateqoriyada ən tanınmış modellər "Samsung Electronics"in The Frame, "Hisense"in CanvasTV, "TCL"in NXTFRAME və "LG Electronics"un OLED evo Gallery Edition televizorları hesab olunur.

30 gün yuyulmadan geyinilə bilən köynək

2026-cı ilin qeyri-adi yeniliklərindən biri də HercShirt V5.0 adlı köynəkdir.

İstehsalçının iddiasına görə, bu köynəyi 30 gün ərzində yumadan istifadə etmək mümkündür və o, xoşagəlməz qoxu yaratmır.
 


Bunun səbəbi parçanın tərkibinə inteqrasiya olunmuş xüsusi texnologiyadır. Materialın daxilində mis, gümüş və vulkan külü də daxil olmaqla yeddi təbii komponentdən istifadə olunub. Bu maddələrin qoxu yaradan bakteriyaları zərərsizləşdirdiyi bildirilir.

İstehsalçı məhsulu həm də ekoloji baxımdan daha davamlı alternativ kimi təqdim edir. Köynəyin qiyməti təxminən 150 dollardı
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->