Dünya 13:52 05.04.2022

Darvinin 22 il əvvəl oğurlanan qiymətli əlyazmaları müəmmalı şəkildə geri qayıtdı

Çalrz Darvinin 22 il əvvəl oğurlanmış iki əlyazması möcüzəli şəkildə Kembric Universitetinə geri qaytarılıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, alimin növlərin mənşəyi skecinin də daxil olduğu iki kitab milyonlarla dollar dəyərində qiymətləndirilir. 

15 ay əvvəl BBC kitabların itməsi ilə bağlı məlumat yayınlamış və bundan sonra universitet kitabxanası onların tapılması üçün dünyaya müraciət etmişdi. 

"Əlyazmalar təhlükəsizlikdədir, onlar yaxşı vəziyyətdədir və öz evlərindədirlər. Mən bir çox başqaları kimi onların itdiyini biləndə çox məyus olmuşdum, indi onlar tapıldığına görə hədsiz sevinirəm”, kitabların tapılmasından xoşbəxt olan kitabxana müdiri Cessika Qardner deyib. 

Ancaq kitabların necə tapılması hələ də qeyri-müəyyən qalır. Belə ki, kitablar çəhrayı hədiyyə bağlamasında kitabxana döşəməsində tapılıb. 

Bağlamanın üzərində "Kitabxanaçı, Pasxa bayramın mübarək, X." yazılıb. Ancaq kitabxanada kameralar quraşdırılmadığı üçün onları kimin gətirdiyi məlum deyil. 

Alimin qeyd dəftərçəsi 1830-cu ilə aiddir.  

Polis hadisə ilə bağlı araşdırma aparır.

Nurlan Hüseynov