XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Merzdən istefa sualına diqqətçəkən cavab: AfD-nin qələbəsi dərin şok yaradıb
Dünya18:15 07.09.2026

Merzdən istefa sualına diqqətçəkən cavab: AfD-nin qələbəsi dərin şok yaradıb

Almaniya üçün Alternativ (AfD) partiyasının Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdə qələbəsi ölkədə geniş əks-səda doğurub. Almaniya kansleri Fridrix Merts Xristian Demokrat İttifaqının (CDU) məğlubiyyətinin “dərin şok” yaratdığını bildirərək bunun partiyasının illər ərzində aldığı ən ağır məğlubiyyət olduğunu qeyd edib. Mertsdən nəticənin onun üçün “şəxsi nəticələrinin olub-olmayacağı” soruşulduqda o, “geri çəkilməyin özü üçün qətiyyən seçim olmadığını” deyib.

Qaynarinfo xəbər verir ki, Almaniya kansleri və CDU-nun sədri Merts partiyasının Berlində keçirilən Federal İdarə Heyətinin iclasından sonra Saksoniya-Anhaltın baş naziri Sven Şultse ilə birgə mətbuat konfransı keçirib.

Merts nəticənin demokratik qaydaların bir hissəsi kimi qəbul edilməli olduğunu bildirib. Bununla belə, heç nə baş verməyibmiş kimi gündəlik işlərə qayıtmağın mümkün olmadığını vurğulayıb.

Seçkinin nəticəsi ilə bağlı Merts deyib: “Hamımız dərin şok içindəyik. Belə bir nəticə gözləmirdik”.

“Geri çəkilmək seçim deyil”

Nəticənin onun üçün “şəxsi nəticələrinin” olub-olmayacağı ilə bağlı suala cavab verən Merts deyib: “Geri çəkilmək mənim üçün seçim deyil”.

Ölkəsi qarşısında şəxsi məsuliyyətinin fərqində olduğunu bildirən Merts bu məsuliyyəti yerinə yetirməkdə qətiyyətli olduğunu söyləyib.

Merts seçkinin nəticələrindən sonra Almaniyanın köklü islahatlara ehtiyac duyduğunu və hökumətin qəbul etdiyi qərarları, eləcə də onların səbəblərini xalqa daha yaxşı izah etməli olduğunu bildirib.

“Ən ağır məğlubiyyət”

İnsanların siyasi mövqelərini dəyişə bilməsinin demokratiyanın mahiyyəti olduğunu deyən Merts bildirib: “Səsverməyə açıq olmayan bir məsələ var, o da birgəyaşayış qaydalarımız və konstitusiyada təminat altına alınmış dəyərlərdir”.

Merts bunun CDU-nun illər, hətta onilliklər ərzində aldığı “ən ağır seçki məğlubiyyəti” olduğunu açıqlayıb.

O, Almaniyanın tarixindən irəli gələn xüsusi məsuliyyət daşıdığını vurğulayaraq ölkənin siyasi və konstitusion quruluşunu qorumağa davam edəcəklərini bildirib.

AfD-nin seçki qələbəsi

AfD Saksoniya-Anhaltda keçirilən əyalət parlamenti seçkilərində 43,8 faiz səs toplayaraq qalib gəlib. Lakin partiya təkbaşına hakimiyyətə gəlmək üçün tələb olunan çoxluğu əldə edə bilməyib.

Əyalət Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrə əsasən, AfD 43,8 faiz səslə böyük fərqlə birinci olub.

AfD 2021-ci il seçkilərindəki 20,8 faizlik nəticəsindən iki dəfədən çox səs toplayaraq əyalət parlamenti seçkilərində ən yüksək nəticəsinə imza atıb.

Xristian Demokrat İttifaqı (CDU) 2021-ci illə müqayisədə 19,9 faiz bəndi itirərək 17,2 faiz səslə ikinci yerdə qərarlaşıb. Əvvəlki seçki ilə müqayisədə səsini 0,9 faiz bəndi artıran Sosial Demokrat Partiyası (SPD) isə 9,3 faiz səslə seçkini üçüncü pillədə başa vurub.

Aydın