Grenobl-Alp Universitetinin geomorfoloqu Kristen Kuk və Kalqari Universitetinin alimi Den Şuqar müəyyən ediblər ki, Nepalın Tibet sərhədi yaxınlığında baş verən dağıdıcı daşqına yalnız buzlaqın qopması deyil, eyni zamanda Lanqtanq-Lirunq zirvəsində dağın əsas yamacının bir hissəsinin çökməsi səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Geomorfoloqlar fəlakətdən əvvəl və sonra ərazinin peyk görüntülərini araşdırıblar. İlk görüntülərdə bulud və toz səbəbindən hadisənin miqyasını müəyyənləşdirmək mümkün olmayıb. Lakin ertəsi gün əldə edilən görüntülər buzlağın altında yerləşən dağ yamacının da dağıldığını göstərib.
Milyonlarla ton qaya və buz dar dərəyə tökülərək sürətlə aşağı hərəkət etməyə başlayıb. Yol boyunca buz əriyərək su, torpaq və dağıntılarla qarışıb. Nəticədə bəzi yerlərdə hündürlüyü bir neçə mərtəbəyə çatan güclü sel yaranıb.
Sel daha sonra Trişuli çayının vadisinə çıxıb. Peyk görüntüləri Kolpurtar, Betkavati və Syaqru-Besi ərazilərində çayın əhəmiyyətli dərəcədə genişləndiyini göstərib. Böyük miqdarda torpaq və çöküntünün daşınması nəticəsində çayın suyu yaşılımtıl rəngdən qəhvəyi və demək olar ki, qara rəngə çevrilib.
Xüsusilə turist mərkəzi və Lanqtanq marşrutunun başlanğıc nöqtəsi olan Syaqru-Besi ciddi zərər görüb. Sel binaları dağıdaraq özü ilə aparıb, gətirdiyi dağıntılar isə bəzi ərazilərdə çayın məcrasını tamamilə dəyişib.
Alimlər baş verənləri indiyədək müşahidə olunan ən böyük buzlaq mənşəli daşqınlardan biri hesab edirlər. Bununla belə, mütəxəssislər fəlakəti hələlik birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirmirlər. Dağ yamaclarının təbii səbəblərdən də çökməsi mümkündür.
Bununla yanaşı, alimlər qeyd edirlər ki, əbədi donun əriməsi yüksək dağlıq ərazilərdəki süxurları zəiflədə və bu cür çökmələrin başvermə ehtimalını artıra bilər.
Beləliklə, tədqiqatçılar iqlim dəyişikliyini dağ yamaclarının qeyri-sabitliyini gücləndirə biləcək amil kimi nəzərdən keçirirlər, lakin onu daşqının yeganə və təsdiqlənmiş səbəbi hesab etmirlər.
Qeyd edək ki, son məlumata görə, Nepalda daşqın və güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 955 nəfərə çatıb.
Aydın
Şərhlər