XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

II Dünya müharibəsindən sonra ilk: Meloni Berluskoni rekordunu qırır (TƏHLİL)
Dünya14:06 31.08.2026

II Dünya müharibəsindən sonra ilk: Meloni Berluskoni rekordunu qırır (TƏHLİL)

Siyasi qeyri-sabitliyi ilə tanınan İtaliyada Baş nazir Corca Meloni II Dünya müharibəsindən sonra ölkənin ən uzunömürlü hökumətinə rəhbərlik etməyə hazırlaşır. Bununla o, 2005-ci ildə Silvio Berluskoni tərəfindən müəyyən edilmiş 1 412 günlük fasiləsiz hakimiyyət rekordunu geridə qoyacaq.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, 2022-ci ilin oktyabrında hakimiyyətə gəldikdən sonra populist meyillərini praqmatizmlə tarazlaşdıran Meloni bu əlamətdar hadisəni sentyabrın 4-də keçiriləcək mitinqdə qeyd etməyi planlaşdırır. O, koalisiyanın uzunömürlülüyünü hökumətinin əsas nailiyyətlərindən biri kimi təqdim edir.

80 il ərzində 68 hökumət dəyişən İtaliya qlobal münaqişələrin hökm sürdüyü dövrdə Fransadan daha sabit siyasi mənzərə nümayiş etdirib. Fransa 2022-ci ilin payızından bəri beş baş nazir dəyişib, Böyük Britaniyada isə bu müddətdə dörd baş nazir hakimiyyətdə olub.

Lakin İtaliyanın siyasi dəyişkənlik reputasiyasını geridə qoyduğu bir vaxtda rəy sorğuları göstərir ki, 2027-ci il parlament seçkiləri daha parçalanmış və potensial olaraq daha qeyri-sabit siyasi mənzərə yarada bilər.

Roma Luiss Universitetinin İtaliya siyasəti üzrə professoru Roberto D'Alimonte deyib: “Növbəti seçkidən sonra yenidən ən pis formada parçalanmış parlamentlə üzləşməyimizlə bağlı real risk var.”

Berluskoninin bir hökumətlə müəyyən etdiyi rekord geridə qalmaq üzrə olsa da, o, ümumilikdə İtaliyanın ən uzun müddət hakimiyyətdə olmuş baş naziri olaraq qalacaq. Berluskoninin 1994-2011-ci illər arasında dörd hökumət dövründə hakimiyyətdə olduğu ümumi müddət təxminən doqquz il təşkil edib.

Büdcə intizamı

Yeni siyasi qarışıqlıq ehtimalından narahat olan koalisiya tərəfdaşları dörd illik fasiləsiz hakimiyyətin nəticələrini ön plana çıxarırlar.

Meloninin “İtaliya qardaşları” partiyasından olan xarici işlər nazirinin müavini Edmondo Çirielli bildirib ki, hökumət büdcə kəsirini və dövlət borcunu nəzarətdə saxlayıb, əmək bazarına 1,2 milyon yeni işçi cəlb edib və işsizliyi 6 faizdən aşağı salıb.

“İşsizlik və məşğulluqla bağlı rekord göstəricilər danılmazdır”, – o, Reuters-ə deyib.

Analitiklər ümumilikdə Meloninin ən mühüm nailiyyətinin böyük dövlət borcunun yaratdığı problemlərlə üzləşən İtaliyanın dövlət maliyyəsinə inamı bərpa etməsi olduğunu düşünürlər.

İtaliya Maliyyə Nazirliyinin keçmiş baş iqtisadçısı, hazırda LC Macro Advisors şirkətinin rəhbəri Lorenso Kodonno bildirib ki, hökumət investorları büdcə intizamına sadiq olduğuna inandıra və əvvəlki administrasiyaların bahalı siyasətlərini, xüsusilə “Superbonus” mənzil təmiri proqramını məhdudlaşdıra bilib.

“Fiskal məsuliyyət baxımından hökumətin yaxşı iş gördüyünü düşünürəm. Artımın təşviqi və iqtisadiyyatın islahatı baxımından isə o qədər də çox iş görülməyib”, – Kodonno deyib.

Səmərəsiz dövlət idarəçiliyinin, səhiyyə və təhsil sistemlərinin əsaslı şəkildə dəyişdirilməsi istiqamətində ciddi addımlar atılmayıb. Baş nazirə daha çox səlahiyyət verilməsi də daxil olmaqla, hökumətin bütün institusional islahatları uğursuzluğa düçar olub.

“Meloninin dörd il hakimiyyətdə qala bilməsinin səbəblərindən biri çox şeyi dəyişməyə və seçiciləri narazı salmağa çalışmaması idi”, – YouTrend sorğu şirkətinin rəhbəri Lorenso Prelyasko bildirib.

“Düşünürəm ki, bu dövrdən çıxara biləcəyimiz ən düşündürücü dərs də budur.”

Tramp amili

Meloni genişmiqyaslı dəyişikliklərdən yayınaraq diqqəti asayiş və qanunun aliliyinə yönəldib, polis səlahiyyətlərini artırıb və əsas seçki vədlərindən biri olan qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirib. Ölkəyə gələn yeni miqrantların sayı 2023-cü ildəki 157 651 nəfərdən ötən il 66 316 nəfərə qədər azalıb.

“Corca Meloninin qeyri-qanuni miqrasiyanın idarə olunmasına gətirdiyi paradiqma dəyişikliyi baş verib”, – “İtaliya qardaşları” partiyasının siyasət proqramının rəhbəri Françesko Filini Reuters-ə bildirib. Onun sözlərinə görə, hazırda Avropanın böyük hissəsi Meloninin siyasətini təkrarlamağa çalışır.

Meloni bir sıra Avropa liderləri ilə yaxşı münasibətlər qursa da, onun beynəlxalq mövqeyi Donald Trampla bir vaxtlar yaxın olan əlaqələrinin pozulmasından sonra zəifləyib. ABŞ prezidenti aprel ayında Melonini cəsarətsizlikdə və İranla müharibədə ABŞ-ı yarı yolda qoymaqda ittiham edib.

Bu diplomatik uğursuzluq Meloninin Avropa ilə Vaşinqton arasında körpü rolunu oynaya biləcəyi barədə təsəvvürlərə son qoyub. Bundan bir neçə həftə əvvəl isə italyanların referendumda Meloninin əsas məhkəmə islahatını rədd etməsi hökumət üçün ciddi daxili məğlubiyyət olmuşdu.

Bu nəticə Meloni koalisiyasını əhatə edən məğlubedilməzlik təsəvvürünü sarsıdıb. Onun partiyası hələ də İtaliyanın ən populyar siyasi qüvvəsidir, lakin əsas koalisiya tərəfdaşlarının, xüsusilə ifrat sağçı “Liqa”nın dəstəyi davamlı şəkildə azalıb.

Vaxtın tükəndiyi bir şəraitdə hökumət son qanunvericilik təşəbbüsünə başlayıb. Təklif olunan seçki sistemi seçkilərdə 42 faizdən çox səs toplayan bloka əlavə çoxluq üstünlüyünün verilməsini nəzərdə tutur.

Tənqidçilər bu dəyişikliklərin mühafizəkar blokun hakimiyyətdə qalmaq şanslarını artırmaq məqsədi daşıdığını bildirirlər. Meloni isə məqsədin kim qalib gəlməsindən asılı olmayaraq siyasi sabitliyi təmin etmək olduğunu deyir.

Yeni partiya siyasi mənzərəni dəyişir

Lakin qanun layihəsi hazırlandıqdan sonra siyasi mənzərə dəyişib. Keçmiş general Roberto Vannaccinin rəhbərlik etdiyi yeni ifrat sağçı partiyanın meydana çıxması seçki dinamikasına təsir göstərir.

Vannacci miqrasiya, təhlükəsizlik və mədəni dəyişikliklərlə bağlı narahatlıqlardan istifadə edir və Meloninin ritorikasından daha sərt ifadələrə üstünlük verir.

Avqustun 26-da “BiDiMedia” tərəfindən dərc edilən sorğuya əsasən, hökumət koalisiyasını təşkil edən partiyaların ümumi dəstəyi 38,5 faiz təşkil edir. Xarici siyasət məsələsində ciddi fikir ayrılıqları yaşayan və daxili çəkişmələrdən qurtula bilməyən geniş mərkəz-sol düşərgənin dəstəyi isə kritik 42 faizlik həddə yaxınlaşır.

Vannaccinin dəstəyi 8 faizə yüksəlib. Bu göstərici Meloninin onu ittifaqına daxil etməyə razılaşacağı təqdirdə, onun seçkidə üstünlük qazanmasına kömək edə biləcəyini göstərir.

Lakin belə addım risklidir. Bu, mötədil seçiciləri uzaqlaşdıra və Vannaccinin ekstremist mövqelərindən narahat olan Aİ tərəfdaşlarını təşvişə sala bilər. Alternativ olaraq Meloni nəticəsiz seçkiyə ümid edə və seçkidən sonra Vannacci ilə koalisiya razılaşması əldə edərək işlək parlament çoxluğu formalaşdırmağa çalışa bilər.

Hər iki halda, növbəti sabit hökumətin formalaşdırılması əvvəlkindən daha çətin görünür. Müxalifət parçalanmış vəziyyətdədir, Vannaccinin yüksəlişi isə əvvəllər intizamlı olan mühafizəkar ittifaqı daha parçalanmış bloka çevirə bilər.

“Bazarlar sabitliyi bəyənib və ona öyrəşiblər, amma bura İtaliyadır, bu, əbədi davam etməyəcək”, – Kodonno deyib.

Aydın