Zaur Əliyev
Ölkə 14:58 06.11.2022

65 igidin imzası ilə yenidən yazılan Şuşanın tarixi..

2020-ci ilin noyabr ayı.

Şuşa. Hündür təpələrdən, dərin uçurumlu dərələrdən, buzlu aşırımlardan, qarlı dağlardan, qayalarda böyük çətinliklə və zəhmətlə oyulan dar dağ cığırlarından keçən yolların demək olar ki, hamısı qış vaxtı dumanlı-çiskinli olduğundan keçilməz yerlərə çevrilirdi. Olduqca əyri-üyrü, sərt və dik yoxuşları tarix boyu heç bir ordunun, heç bir döyüşçü dəstənin qalmadığı yolda bir dəstə addım addım irəliləyir. Bu dəstə 65 nəfərdən ibarət igidlərdir. Şuşanı azad etməyə gedən 65 igid, YAŞMA, Naxçıvan xüsusi təyinatlıları və Daxili Qoşunların qorxu bilməz, ölümün gözünə dik baxan və Şuşanı ilk azad edən qəhrəmanlar...

Şuşada olanlar bilirlər, oranın yolları keçilməz sədlərdir. O yolu qısa zamanda, səssiz keçmək dünyanın heç bir ordusunun komandoslarının gücü daxilində belə deyil. Amma bunu 65 igid bacardı. Nağıllarda deyilir ey, 7 gecə və 7 gündüz dağlar-dərələr aşan pəhləvanlar. Bax onlar realldırlar. 7 gün ac və susuz, gecə və gündüz bilmədən Şuşaya doğru hərəkət edən 65 nəfəri təsəvvür edin. Onların bir hədəfi var. Dünyanın ən gözəl və sehirli şəhəri olan Şuşanı azad etmək... Su yoxdur, yemək yoxdur. Təbiətin bəxş etdiyi otlar, ağac yarpaqları onların qidasıdır. Ağaclar və güllər üzərində olan şeh onların içdiyi sulardır. Dayanmaq olmur, hər bir addım elə atılır ki, Şuşanın hər qarışanda şəhidlərimizin qanı tökülən torpaq inciməsin... Tarix boyu Şuşanı qoruyan azərbaycanlıların ruhu igid 65 nəfəri addım-addım izləyir, onların qələbəyə doğru gəlməsini sevinclə, qürurla gözləyirlər...

Ətraf düşmənlə doludur, sıldırım yolları addım addım aşaraq düşməni məhv etməyi qarşısına hədəf qoyan 65 nəfər noyabr ayının 5-də artıq Şuşa yaxınlığında düşmənlə savaşırlar. Döyüşə girməzdən öncə 65 igid üzü Şuşaya tərəf tutaraq diz çöküb, Tanrıya dua edirlər. "Ey Tanrı, sən bizi xalqımız, dövlətimiz qarşısında utandırma. BİZƏ Güc ver ey, Böyük Tanrı... Şuşamızı alaq və xalqımızın başın uca edək"... Sonra isə düşmənlə açıq döyüşə girirlər. Qarşılarına çıxan düşmənlər bir bir yerə sərilir... Ölü sayısı getdikcə artır... Erməni meyitlərinin sayı 100 keçir.... 150-ni keçir... 65 nəfər içərisində şəhidlərimiz, yaralılarımız olur. Ancaq onlar dayanmırlar.. Yaralı döyüşçülər irəli-irəli deyib Şuşa ətrafından keçərək keçmiş həbsxana yanına çatıb, erməniləri mühasirəyə alırlar.. Ermənilər Tanrının Əsgərləri qarşısında dözə bilmirlər. Xankəndiyə doğru qaçırlar... Artıq Şuşa azaddır. 65 nəfərlik xüsusi qrup Şəhərlər Şəhərinə daxil olub, uğrunda can verdikləri üç rəngli Bayrağı sancırlar....

Artıq Şuşa azaddır, ardınca Azərbaycan ordusu gəlir... Şuşaya bayrağı il dəfə 65 nəfərik xüsusi dəstə sancır. Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə QALİB  xalq kimi yazdırırlar. Azərbaycan xalqının tarixinə nəzər salsaq minlərlə qəhrəman adına rast gəlirik. Bu xalqın son 30 ildə tarixə düşən qəhrəmanlarının sayı o qədərdir ki, yazmaqla bitirmək olmur. 44 gün ərzində yüzlərlə qəhraman adını tarixə yazır, eyni zamanda 65 nəfər qorxu bilməz azərbaycanlı..

Qələbə gününü memarları... Şuşanın yeni tarixinin memarları...

Azadlığın mübarək, Şuşa!
Azadlığın mübarək, Qarabağ!
Azadlığın mübarək, Azərbaycan! 

Zaur Əliyev, dosent