Dünya İqtisadi Forumunun (DİF) ekspertləri tərəfindən müəyyən edilən gender bərabərliyi indeksi son 20 ildə 5,2 faiz bəndi artaraq 2006-cı ildəki 64,2 faizdən 2026-cı ildə 69,4 faizə yüksəlib.
Qaynarinfo xəbər verir ki, səhiyyə, təhsil, iqtisadiyyat və siyasətdə gender fərqinin ən aşağı səviyyəsi əvvəlki kimi Şimali Avropa ölkələrində qeydə alınır.
Mövcud temp qorunarsa, dünyada tam gender paritetinə yalnız 120 ildən sonra nail olmaq mümkün olacaq. Bu barədə DİF-in “Qlobal gender bərabərsizliyi hesabatı”nda bildirilir. Təşkilat ekspertlərinin hesablamalarına görə, 2026-cı ildə kişilər və qadınlar arasındakı bərabərsizlik ümumilikdə 69,2 faiz aradan qaldırılıb. Bu, bir il ərzində 0,4 faiz bəndi artım deməkdir və göstəricinin iyirmi illik tarixində ən yüksək nəticədir.
İlk pillədə 17-ci dəfə İslandiya (93 faiz) qərarlaşıb. İkinci yerdə Finlandiya (87,2 faiz), üçüncü yerdə isə Norveç (85,7 faiz) gəlir. İlk beşliyə həmçinin Namibiya (84,5 faiz) və Böyük Britaniya (84,2 faiz) daxildir. Dünyanın bir sıra ən böyük iqtisadiyyatlarının göstəriciləri belədir: Almaniya 9-cu (81,7 faiz), İspaniya 12-ci (79,6 faiz), Fransa 22-ci (77,9 faiz), Kanada 24-cü (77 faiz), ABŞ isə 47-ci (74,9 faiz) yerdədir. Reytinqin sonuncu pillələrində Pakistan (59,5 faiz), İran (58,5 faiz) və Çad (57,8 faiz) qərarlaşıb.
Gender bərabərliyi indeksi kişilər və qadınların səhiyyə, təhsil, iqtisadiyyat və siyasət sahələrindəki vəziyyətini nəzərə alır.
Hazırda dünyada kişilər və qadınlar üçün imkanların ən yüksək bərabərliyi təhsil (96,9 faiz) və səhiyyə (96,2 faiz) sahələrində əldə olunub. Bu sahələrdə tərəflərin zəruri infrastruktura çıxışındakı fərqlər demək olar ki, aradan qalxıb. İqtisadiyyatda isə vəziyyət xeyli zəifdir (61,7 faiz). Siyasi sahədə gender fərqi isə ən yüksək səviyyədədir (22,1 faiz).
Gözlənildiyi kimi, gender bərabərliyi göstəricisi yüksək gəlirli ölkələr qrupunda daha yüksək olub — 74,5 faiz. Orta gəlir səviyyəsi aşağı düşdükcə göstərici də azalır. Yuxarı orta gəlirli ölkələrdə bu göstərici 70,3 faiz, aşağı orta gəlirli ölkələrdə 66,3 faiz, aşağı gəlirli dövlətlərdə isə 65,8 faiz təşkil edir.
Müşahidələrin başlanmasından bəri qlobal gender bərabərsizliyi indeksi 5,2 faiz bəndi artaraq 2006-cı ildəki 64,2 faizdən 2026-cı ildə 69,4 faizə yüksəlib. Bu dinamika tədqiqatda bütün 20 il ərzində iştirak edən 97 ölkə üzrə hesablanıb.
DİF-in idarəedici direktoru Saadiya Zahidinin sözlərinə görə, bu illər ərzində dünya iqtisadiyyatı qlobal maliyyə böhranı, rəqəmsal transformasiya və koronavirus pandemiyası ilə üzləşib. Onun sözlərinə görə, bu amillər gender bərabərliyinə nail olunması prosesini yalnız ləngitməyib, bəzi illərdə ayrı-ayrı ölkələrdə bu prosesi geriyə də çevirib.
2016-cı ildə DİF ekspertləri gender bərabərsizliyinin 100 il ərzində aradan qaldırılacağını gözləyirdilər.
Aydın
Şərhlər