Dünya 18:42 30.07.2022

ABŞ artıq Ukrayna üçün NASAMS zenit-raket kompleksləri almağa başlayıb - Pentaqon

ABŞ artıq Ukrayna üçün NASAMS zenit-raket komplekslərinin alınması prosesinə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi brifinqdə bildirib.

"Müqavilə prosesinin xüsusiyyətləri barədə ətraflı məlumatım yoxdur. Amma biz artıq sistemlərin satın alınması prosesindəyik", - Pentaqonun sözçüsü bildirib.

İyul ayında Birləşmiş Ştatlar Ukraynaya 820 milyon dollarlıq yeni hərbi yardım paketi elan edib ki, bu paketə Amerikanın HIMARS MLRS, iki Norveç NASAMS zenit-raket kompleksi, 150 000-ə qədər 150 mm-lik artilleriya mərmisi və dörd əks-akkumulyator radarı daxildir.

Cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Qərbin Ukraynaya silah tədarükü yalnız münaqişəni və Kiyev rejiminin aqoniyasını uzadır, eləcə də qurbanların sayını artırır.

Rusiya Federasiyası daha əvvəl Ukraynaya silah tədarükü ilə əlaqədar bütün ölkələrə, o cümlədən ABŞ-a nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya göndərilən istənilən hərbi yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır”. 

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.

Alpər