XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
Ekonomiks18:26 13.09.2026

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

Dünya bazarlarında neft qiymətləri fərqli istiqamətlərdə dəyişir. Maraqlıdır, neftin bahalaşması Azərbaycan üçün hansı imkanlar və risklər yaradır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neft bahalaşması dövlət gəlirlərinə müsbət təsir edir və Azərbaycanın maliyyə ehtiyatlarını artırır:

"Neftin qiymətinin bahalaşması təbii ki, Azərbaycan üçün müsbət amildir. İlk növbədə dövlətin gəlirləri artır. Neftin illik orta qiymətinin hər 10 dollar yüksəlməsi dövlət gəlirlərini təxminən 2,2 milyard manat artırır.

Bunun 1,8 milyard manatı Dövlət Neft Fondunun gəlirlərinə, 400 milyon manatı isə vergi şəklində dövlət büdcəsinə daxil olur. Yəni neftin qiymətinin artmasının xeyri budur.

Məhz buna görə Neft Fondunun aktivlərinin artdığını görürük. Yəni neft bahalaşdıqca dövlətin maliyyə imkanları genişlənir. Xalqın dövlətinin gəliri artır və bu vəsait gələcəkdə büdcə vasitəsilə cəmiyyətin rifahına yönəldilə bilər".

İqtisadçı qeyd edib ki, lakin məsələnin digər tərəfi də var:

"Neftin qiyməti yüksəldikcə enerji daşıyıcıları bahalaşır, bu isə idxal olunan məhsulların və daşınma xərclərinin artmasına səbəb olur. Nəticədə inflyasiya güclənir, yəni xalqın birbaşa cibinə inflyasiya ilə əlaqədar ziyan var. Əhali bunu gündəlik istehlak mallarının bahalaşması ilə hiss edir".