XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fillər klassik psixologiya testində bir çox insandan yaxşı nəticə göstərdi
Dünya19:29 13.09.2026

Fillər klassik psixologiya testində bir çox insandan yaxşı nəticə göstərdi

Asiya filləri bir çox heyvanın və hətta insanların belə tez-tez impulslarına məğlub olduğu klassik psixoloji testi uğurla keçərək yüksək səviyyədə özünənəzarət nümayiş etdirib. Fillər şəffaf maneənin ətrafından dəfələrlə keçərək yeməyə çatıb, ona birbaşa uzanmağa çalışmayıblar.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “PLOS One” jurnalında dərc olunub.

Tədqiqat Nyu-York Şəhər Universitetinin alimləri tərəfindən Sidni Houp və Coşua Plotnikin rəhbərliyi ilə, Taylanddakı “Golden Triangle Asian Elephant Foundation” fondu ilə əməkdaşlıq çərçivəsində aparılıb. Təcrübədə yaşı 4-60 arasında dəyişən 16 Asiya fili iştirak edib.

Tədqiqat zamanı “dolama yol testi” adlanan üsuldan istifadə olunub. Bu, insanın və ya heyvanın görünən hədəfə doğru birbaşa hərəkət etmək istəyini cilovlamalı və bunun əvəzinə dolama marşrut seçməli olduğu eksperimentdir.

Əsas sınaqlardan birində qutunun divarı şəffaf olub. Beləliklə, yemək birbaşa görünsə də, fillər maneənin içərisindən ona çatmağa çalışmayıb, sakit şəkildə kənardakı dəlikdən keçməyə davam ediblər. Alimlər onların keçidə daxil olma müddətində fərq qeydə almayıblar. Bu isə əvvəllər öyrənilmiş “təmkinli” davranışın dəyişməz qaldığını göstərib.

İmpulsu cilovlamaq qabiliyyəti koqnitiv inkişafın mühüm göstəricilərindən biri hesab olunur. Fillərdə bu qabiliyyət onların böyük beyin ölçüsünə malik heyvanlar üçün gözlənilən səviyyədə olub. Maraqlıdır ki, yaşlı fillər qutunun istiqamətinin dəyişdirilməsinə uyğunlaşmaqda daha çox çətinlik çəkiblər. Bu nəticə beyinin fəaliyyətində yaşla bağlı dəyişikliklərə işarə edir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, bu cür testlər yüksək səviyyədə sosial həyata malik növlərin düşüncə mexanizmlərini anlamağa kömək edir.

“Dolama yol” kimi özünənəzarət testlərindən balıqlardan və quşlardan tutmuş primatlara qədər müxtəlif növlərin intellektini müqayisə etmək üçün istifadə olunur. Sürətli, lakin səhv qərardan imtina edərək daha faydalı nəticəni seçmək qabiliyyəti inkişaf etmiş düşüncənin əlaməti hesab edilir.

Fillər mürəkkəb sosial davranışları, qarşılıqlı yardımlaşmaları və güclü yaddaşları ilə tanınırlar. Yeni nəticələr onların ən zəkalı heyvanlardan biri olduğu barədə təsəvvürü daha da möhkəmləndirir.

Aydın