Xəbər lenti

Dünya 16:45 27.12.2025

"ABŞ Avrasiyaya yönəlir, Avropadan isə imtina etmir" - Ekspert

"ABŞ-ın Avrasiya məkanına marağı heç də yeni strategiya deyil. Dünyanın ürəyi adlandırılan bu coğrafiya hər zaman Vaşinqton üçün maraq kəsb edib. Xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ABŞ-ın hədəflərində xüsusi yer tutur. Ancaq bu, Amerikanın Avropadan uzaqlaşacağı anlamına gəlmir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın Avropaya marağının zəifləməsi fonunda Ağ Ev üçün Mərkəzi Asiyanın əhəmiyyətinin artması ehtimalını şərh edərkən deyib. 

Ekspert bildirib ki, Vaşinqton istəsə belə, Avropadan imtina edə bilməz:

"Əks təqdirdə, Avropanın Rusiya və Çinlə daha ciddi münasibətlər qurması mümkündür. ABŞ-ı Avropa ilə bağlayan çoxsaylı iqtisadi və geosiyasi maraqlar mövcuddur".
 


Üzeyir Şəfiyev qeyd edib ki, Trampın "köhnə qitə”yə münasibətdə apardığı siyasət Avropa ölkələrini hərəkətə gətirmək və onları problemlərin həllində daha fəal iştiraka sövq etmək məqsədi daşıyır: 

"Avropa ölkələri uzun müddət sosial rifaha üstünlük verib, bu isə hərbi büdcələrin aşağı səviyyədə qalmasına səbəb olub. Avropanın təhlükəsizliyi həm maliyyə, həm də hərbi baxımdan əsasən ABŞ-ın üzərində idi. Bu baxımdan Trampın mövqeyi müəyyən qədər əsaslıdır".

Ekspertin fikrincə, ABŞ-Avropa münasibətlərindəki soyuqluq və Ukrayna müharibəsi "köhnə qitə”ni oyadacaq: 

"Müharibənin bir missiyası da səfərbərlikdir. Təhlükə ilə üz-üzə qalan ölkələrdə müdafiə instinkti güclənir. Artıq Avropa ölkələrinin əksəriyyəti hərbi büdcələrini artırır və ABŞ-dan asılı olmadan öz təhlükəsizliklərini təmin etmək barədə düşünür. Orta perspektivdə Avropa toparlanacaq, güclənəcək və öz maraqları uğrunda daha fəal mübarizəyə qoşulacaq. Hətta yeni siyasi-hərbi konfiqurasiyalar da yarana bilər. Onlar buna məcburdurlar".

Konfliktoloqun sözlərinə görə, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda mövqelərini gücləndirmək niyyətindədir: 

"Zbiqnev Bjezinski Mərkəzi Asiyanı butulkaya, Azərbaycanı isə həmin butulkanın klapanına bənzədərək bildirirdi ki, Bakı olmadan bu məkana daxil olmaq mümkün deyil. Bu baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın ürəyinin əsas hissəsidir. ABŞ Rusiyanın neoimperialist maraqlarını cilovlamağa çalışır və bu məqsədlə regionda iqtisadi və geosiyasi baxımdan möhkəmlənmək istəyir".

Qeyd edək ki, son dövrlər Qərb mediasında ABŞ Prezidenti Donald Trampın Avropaya marağının azaldığı barədə məlumatlar yayılır. Tramp dəfələrlə Avropa İttifaqını zəif qurum, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı əsas maliyyə yükünü daşımaq istəmir. Bunun fonunda ABŞ-ın diqqətini getdikcə daha çox Avrasiya məkanına, xüsusən də Mərkəzi Asiyaya yönəltdiyi müşahidə olunur. Ağ Ev sahibinin Azərbaycanla Ermənistan arasında barışığın əldə olunmasına və "Tramp yolu” layihəsinin reallaşmasına maraq göstərməsinin əsas hədəflərindən biri də Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirməkdir. 

Rüfət Sultan
--> -->