Azərbaycanda 2024-cü ildə abort etdirən qadınların statistikası açıqlanıb. Statistikaya əsasən, 78 245 abort qeydə alınıb. Onların 72 nəfəri 15-17 yaş, 2679 nəfəri isə 18-19 yaş arasında olan qadınlardır.
Abort - hamiləliyin 22 həftəliyinə qədər süni pozulmasıdır. Hər bir abort ciddi tibbi müdaxilə olub, müəyyən fəsadlar riski daşıyır. Amma abort sonrakı hamiləliklərə mənfi təsir göstərir. Abort zamanı uşaqlıq boynunun zorla genəldilməsi onun zəifliyinə və sonrakı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb olur.
Bir abortdan sonra hamiləliyin düşük təhlükəsi 26%, ikisindən sonra – 32%, üç və daha çoxdan sonra isə – 41%-dir. Abortdan sonra düşük təhlükəsinin səbəblərindən biri uşaqlıq boyununun travma almasıdır.
"Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında proseslərin fərqli getdiyini və hər dövrün özünün təlatümləri olduğunu vurğulayıb:
"İndiki dövrdə iqtisadi amillər, o cümlədən sosial problemlər, yaxud da karyera qurmaq, yüksəlmək istəyən qadınlar hesab edir ki, uşaq onlara bu yolda mane olur. İnsanlar sürətlə irəli getmək istəyir. Oğlanlar kənarda qalıb. Bütün qadınlar biznes və karyera qurmağa maraq göstərir. Hamı "onsuz da olacaq” deyib analıq hissini sonraya atır. Abort boşanmalardan da yaranır. Ailə qurur, bir neçə aydan sonra boşanır, deyir, "onun uşağı nəyimə lazımdır” və s. Uğursuz ailə modeli uşağı əlavə yük hesab edir. Uşağın yaxşı mühitdə böyüməməsi, kifayət qədər əmək haqqının olmaması sonda aborta aparan yollardandır. Bundan əlavə, qanunsuz münasibətlər də var”.
Mehriban Zeynalova statistikanın ümumu verildiyini vurğulayıb:
"Bunların arasında səbəblər göstərilmir. Əvvəl belə bir təbliğat vardı, həkimlər deyirdi ki, qadın ilk uşağı abort etdirsə, sonradan hamilə qalmaq şansı olmayacaq. Bizim dövrün qadınları buna inanırdı, həta arzuolunmaz hamiləliyi belə aborta aparmırdı. Uşaq ana üçün əsas meyar idi. İndi bu, önəm daşımır, təki karyera olsun. Qadınlar müasir texnologiyaya çox güvənir, düşünür ki, əgər hamilə qalmasam, uşaq götürərəm. Bundan əlavə münasibətlərdən narahat olanlar da aborta üstünlük verir”.
Sədr hesab edir ki, evsizik, işsizlik, daha yaxşı şəraitdə yaşamaq həvəsi qadınları analıq hissindən kənarlaşdırır:
"Bu, bir yandan valideyn məsuliyyət hissinin formalaşmasından xəbər verir, digər yandan isə özünün sağlamlığına məsuliyyətsiz yanaşmasını ortaya qoyur. Qanunsuz münasibətlər indi daha geniş yayılıb. O vaxt isə buna müəyyən qınaq, tənqidi yanaşmalar vardı. Hətta qanunsuz doğulan uşağın özü linç olunurdu. Ona görə də cürət edib Azərbaycan ərazisində qanunsuz uşaq doğmazdılar. Bu gün isə qanunsuz doğmaq qınaq obyekti deyil. İnsanların cinsi münasibətlər azadlığı var. Hətta erkən cinsi münasibətlərin başlanması ilə bağlı bir ara təbliğat da getdi. Deyirdilər ki, "birgə yaşasınlar, lazım olarsa, evlənənlər”. Abortun pozulması halları bu münasibətlərdən də doğa bilər”.
Sədr hər təbliğatın hədəf qrupu olduğunu deyib:
"Hədəf qrupun da özünün davranış modeli var. Əvvəl münasibət toydan sonra olardı. İndi münasibətlərin özünün təbliğatı fərqli gedir. Bu da ehtimal ki, hamiləliyə gətirir. 2679 elə də böyük rəqəm deyil. Abort həm də dərmanlarla sonlandırılır. Çoxları həkimə getməmək üçün bu yolla hamiləliyə son verir”.
Bahar Rüstəmli
Şərhlər