Hava haqqında ən çox danışdığımız, amma ən az əmin olduğumuz mövzulardan biri də hava şəraitidir. Nəsillərdir bir-birimizə ötürdüyümüz müxtəlif inanclar var: “Üstünü örtməsən, soyuqlayarsan”, “İldırım eyni yerə iki dəfə düşmür”, “Səhər göy üzünün qızarması havanın pisləşəcəyindən xəbər verir”.
Qaynarinfo xəbər verir ki, “Popular Science” bu fikirlərdən üçünü elmi baxımdan araşdırıb.
Araşdırmaya görə, bu üç məşhur fikrə elmin cavabı fərqlidir: onlardan biri tamamilə yanlışdır, biri yalnız müəyyən şərtlərdə doğrudur, digəri isə elmi əsaslara malikdir.
“Üstünü ört, soyuqlayarsan” fikri geniş yayılsa da, soyuq havanın insanı birbaşa xəstələndirməsi doğru deyil.
Vestminster Universitetinin tibbi mikrobiologiya üzrə baş müəllimi Manal Mohammed “The Conversation”da dərc olunan məqaləsində bildirir ki, soyuq hava öz-özlüyündə infeksiyaya səbəb olmur. Bunun əvəzinə, tənəffüs yolu viruslarının yayılmasına şərait yaradan bioloji, ətraf mühit və sosial amillərə təsir edir.
Bəs qış aylarında insanlar niyə daha çox xəstələnirlər?
Hava soyuduqda insanlar vaxtlarının böyük hissəsini qapalı məkanlarda keçirir. Bu isə virusların insandan-insana keçməsini asanlaşdırır. Bundan başqa, qapalı məkanların qızdırılması havadakı rütubətin azalmasına səbəb olur. Aşağı rütubət isə burun selikli qişasının qurumasına və onun viruslara qarşı daha həssas hala gəlməsinə şərait yaradır.
Cons Hopkins Universitetinin məlumatına görə, məktəblərin fəaliyyət göstərməsi də virusların yayılmasına təsir edən amillərdən biridir. Bununla yanaşı, soyuq hava burun və tənəffüs yollarının daxili temperaturunu aşağı sala və damarların daralmasına səbəb ola bilər. Bu da həmin bölgələrdə immun müdafiəni zəiflədə bilər.
Lakin bütün bunlar soyuğun birbaşa xəstəliyə səbəb olması demək deyil. İnsanları xəstələndirən əsas amil temperatur deyil, viruslardır.
Digər məşhur fikir isə “ildırım eyni yerə iki dəfə düşmür” ifadəsidir. Əslində bu, tamamilə yanlışdır.
İldırım çox vaxt ətrafındakı ən hündür obyektlərə düşməyə meyllidir. Bu səbəbdən böyük şəhərlərdə hündür binalar mütəmadi olaraq ildırımın hədəfinə çevrilir.
Nyu-Yorkun Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, “Empire State Building”ə ildə orta hesabla 25 dəfə ildırım düşür. Torontodakı CN Tower-də isə bu rəqəm 75 dəfəyə qədər çatır.
Bu, həmin binaların təhlükəli olduğu anlamına gəlmir. Hər iki binada ildırımötürən sistem quraşdırılıb və elektrik boşalmasının təhlükəsiz şəkildə torpağa ötürülməsi təmin edilir.
Bununla belə, ABŞ Milli Şiddətli Fırtınalar Laboratoriyası qeyd edir ki, ildırım həmişə ən hündür nöqtəyə düşmür. Buna görə də ildırımın dəqiq hara düşəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Amma onun eyni yerə iki dəfə düşmədiyi fikri elmi baxımdan doğru deyil.
Üçüncü məşhur inanc isə göy üzünün qızarması ilə bağlıdır. Buna görə axşam saatlarında göyün qızarması yaxşı, səhər qızarması isə pis hava şəraitinin əlaməti hesab olunur.
Böyük Britaniya Meteorologiya Xidmətinin məlumatına görə, atmosferdə toz və digər xırda hissəciklərin yüksək təzyiq sahəsi tərəfindən saxlanılması göy üzünün qırmızı rəng almasına səbəb ola bilər. Bu zaman mavi işıq səpələnir və qırmızı işıq üstünlük təşkil edir.
Bu əlamətin hava proqnozu baxımından işləməsində əsas rol isə küləyə məxsusdur. Orta enliklərdə üstünlük təşkil edən küləklər əsasən qərbdən şərqə doğru əsir. Yüksək təzyiq isə sabit və quru hava şəraiti ilə əlaqələndirilir.
Axşam göy üzünün qızarması yaxşı hava şəraitinin qərbdə olduğunu və küləyin həmin havanı əraziyə gətirə biləcəyini göstərir. Səhər göyün qızarması isə yaxşı hava şəraitinin artıq şərqə doğru hərəkət etdiyini və küləyin onu ərazidən uzaqlaşdırdığını göstərə bilər. Bu halda havanın pisləşməsi ehtimalı artır.
Lakin bu qayda bütün dünyada keçərli deyil. Mütəxəssislər bildirirlər ki, belə hava əlamətləri əsasən 30-60 dərəcə arasındakı orta enliklərdə işləyir. Avropanın böyük hissəsi, ABŞ, Avstraliyanın cənubu və Yaponiya ilə yanaşı, 36-42-ci paralellər arasında yerləşən Türkiyə də bu zonaya daxildir.
Günay
Şərhlər