Xəbər lenti

ABŞ Çinə qarşı minlərlə ucuz hipersəs raketi almağı planlaşdırır
Dünya13:00 13.10.2026

ABŞ Çinə qarşı minlərlə ucuz hipersəs raketi almağı planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ ordusu aviadaşıyıcı gəmilərdəki qırıcı təyyarələri ucuz hipersəs raketləri ilə silahlandırmağa hazırlaşır. Ekspertlərin fikrincə, bu silahlar Çin hərbi gəmilərinin hava hücumundan müdafiə sistemlərini yükləyərək onların imkanlarını zəiflədə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Söhbət Kaliforniyanın “Castelion” müdafiə şirkətinin hazırladığı “Blackbeard” raketindən gedir. Səs sürətini beş dəfədən çox aşması nəzərdə tutulan raket həm dəniz, həm də quru hədəflərini vurmaq üçün hazırlanır. Onun əsas üstünlüyü nisbətən ucuz olması və kütləvi istehsala hesablanmasıdır.

May ayında Pentaqon Konqresdən beş il ərzində müxtəlif qoşun növləri üçün 12 mindən çox belə raketin alınmasına maliyyə ayrılmasını istəyib. ABŞ Hərbi Dəniz Qüvvələrinin proqnozuna görə, 2028–2031-ci maliyyə illərində bir raketin qiyməti orta hesabla 385 min dollar olacaq. Müqayisə üçün, “Lockheed Martin” şirkətinin LRASM gəmiəleyhinə raketinin 2024-cü il üzrə qiyməti təxminən 3,25 milyon dollar təşkil edib.

Ekspertlər hesab edirlər ki, ucuz raketlərin böyük ehtiyatının yaradılması ABŞ-a Çin gəmilərinə ardıcıl hücumlar təşkil etmək imkanı verəcək. Bu halda Çin tərəfi hücumları dəf etmək üçün daha çox ələkeçirmə raketi sərf etməli, nəticədə digər raketlərin hədəfə çatması asanlaşa bilər.

ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, donanma iyunda 50, sentyabrda isə əlavə 444 sınaqöncəsi raket sifariş edib. Sentyabrda F/A-18E/F “Super Hornet” qırıcısının iki “Blackbeard” raketi daşıya bildiyi nümayiş etdirilib. Gələcəkdə hər təyyarənin dörd raketlə təchiz edilməsi planlaşdırılır.

ABŞ-ın bu addımı mümkün Tayvan münaqişəsi ilə bağlı narahatlıqlardan qaynaqlanır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin 2023-cü ildə açıqladığı hərbi simulyasiyalarda ABŞ qüvvələrinin hipotetik münaqişənin ilk həftəsində LRASM raketlərinin ehtiyatını tükətdiyi göstərilib.

Çin də kütləvi raket hücumlarına qarşı müdafiə imkanlarını gücləndirməyə çalışır. ABŞ Hərbi Dəniz Kollecinin Çin Dəniz Araşdırmaları İnstitutunun direktoru Kristofer Şarmen bildirib ki, Çin hərbi dairələrində ABŞ qüvvələrinə raketlər buraxılmamışdan əvvəl zərbə endirmək, peyk naviqasiyasını pozmaq, pilotsuz uçuş aparatlarını, qırıcıları və hava hücumundan müdafiə sistemlərini əlaqəli şəkildə istifadə etmək təklif olunur. Lakin bu yanaşmaların Çin ordusunda tətbiq edilib-edilmədiyi məlum deyil.

Avstraliya Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Piter Consun sözlərinə görə, hipersəs raketləri yüksək sürətinə görə müdafiə sistemlərinin hədəfi aşkarlaması və zərərsizləşdirməsini xeyli çətinləşdirir. Onun fikrincə, belə hücumlara qarşı ən effektiv üsul gəmilərin və təyyarələrin vahid şəbəkə şəklində işlədiyi çoxqatlı müdafiə sistemidir.

“Perceptum” araşdırma şirkətinin təsisçisi Timoti Hit hesab edir ki, “Blackbeard” radarları sıradan çıxarmaqla daha ağır raketlərin hədəfə çatmasına şərait yarada bilər. “Defense Priorities” analitik mərkəzinin Asiya proqramının direktoru Layl Qoldsteyn isə raketin yüksək sürətlə birbaşa zərbə endirməklə hərbi gəmini döyüş qabiliyyətindən məhrum edə biləcəyini düşünür.

Bununla belə, ekspertlər ABŞ aviadaşıyıcılarının və göyərtə aviasiyasının həssaslığını əsas risklərdən biri sayırlar. Çin hücumları aviadaşıyıcıları Tayvandan uzaqlaşmağa məcbur edərsə, raketlərin mənzilinə daxil olan hədəflərin sayı azala bilər.

Nəşr qeyd edir ki, “Blackbeard” raketinin real uçuş məsafəsi və hərəkətdə olan gəmiləri vurmaq qabiliyyəti hələ açıq şəkildə nümayiş etdirilməyib.

Bu arada Çin də hərbi dəniz qüvvələrini gücləndirir. 2024-cü ildən inşa edilən 004 tipli atom enerjili superaviadaşıyıcının uzunluğunun 339 metrə, su tutumunun isə 110 min tona çatacağı ehtimal olunur. Bu göstəricilər onu ABŞ-ın ən böyük aviadaşıyıcısı “USS Gerald R. Ford”dan da böyük edə bilər.

Günay