Maqazin 10:50 07.05.2022

Şairə oğlunun toyundan görüntü yayanlara: “Siz gələcəyə kupalnikdə gedin” (VİDEO)

Şairə Nazilə Səfərli oğlu Nurlanın xınayaxdı məclisindən görüntülər yayanlara hirslənib.
 
Qaynarinfo xəbər verir ki, şairə həmin adamlara sosial şəbəkədə paylaşdığı görüntüləri silməyi xahiş edib. O, övladlarının media adamı olmadığını bildirib:
 
"Gəlinimin xınasıydı, xeyir-dualarınız həddən artıq idi. Səhifəmdə məclisimdən heç nə paylaşmamışam. Övladlarım media adamı deyil. Onlar mənim sayəmdə məşhurlaşmaq, gündəm olmaq istəmirlər. Bizim məclisə gələn qonaqlar paylaşım edib, onu götürüb yayırsınız. Yazırlar, "gəlinin üstündə pul var”, "keçmişdə qalıb”, "görməmişlikdir” və s. Biz beləyik, biz keçmişdə qalmışıq, siz gələcəyə "kupalnik"də gedin. Paylaşmayın mənim gəlinimi, oğlumu. Kim sizdən xahiş edib? Səhifəm sizinkindən balacadır? Mənim ailəmin tədbiridir, indidən deyirəm, oğlumun toyundan reklam tutmaq istəyən gəlməsin. Mən kiminsə haqqını yemirəm. Sizi sayıb, ailənin içərisinə buraxmışıq”. 
 
Nazilə Səfərli paylaşımlarda artıq-əskik sözlərin yazıldığını deyir:
 
"Hamı xoşbəxt deyil. Xoşbəxt olmayan insan niyə mənə xeyir-dua versin ki? Adam onsuz da bədbəxtdir... Xahiş edirəm, camaatı mənim üstümə qaldırmayın. Qəpik-qəpik yığdığımı balamın toyuna xərcləyirəm”.
 
Bahar Rüstəmli