Dünya 16:35 07.03.2023

AK rəhbəri NATO-nun baş katibi postuna iddia edə bilər - Media şərti açıqladı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen NATO-nun baş katibi postuna iddia edə bilər. Lakin bu, onun yenidən Avropa Komissiyasına seçilməməsi şərti ilə baş verəcək.

Bu barədə Qaynarinfo İtaliyanın "La Repubblica” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, fon der Lyayen artıq bir neçə həftə əvvəl belə bir hərəkətə hazırlığa başlayıb.

Bundan əlavə, Avropa Komissiyasının rəhbəri martın 7-də Kanada və ABŞ-a səfər edəcək. Nəşr vurğulayır ki, onun səfərinə "fərqli prizmadan”, yəni NATO-nun baş katibi vəzifəsinə mümkün namizədliyi rakursundan baxmaq lazımdır.

İtaliya qəzetinin yazdığına görə, NATO-nun Vilnüsdə keçiriləcək yay sammitində alyans üzvləri səlahiyyət müddəti sentyabrda başa çatan Yens Stoltenberqin səlahiyyətlərini daha bir il uzatmağa çalışacaqlar. Fon der Lyayenin səlahiyyət müddəti isə 2024-cü ilin yayında başa çatır.
Qəzet qeyd edir ki, Ursula fon der Lyayen Birləşmiş Ştatlar üçün "mükəmməl həll" olardı, çünki Vaşinqton çoxdandır bu vəzifəyə qadın namizəd nəzərdən keçirir. 

Xatırladaq ki, daha əvvəl KİV-də Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Yens Stoltenberqin NATO-nun baş katibi vəzifəsinin müddətinin daha bir il uzadıla biləcəyi irəli sürülüb.

Eyni zamanda, digər nəşrlər Stoltenberqin vəzifəsini vaxtında - bu payızda tərk etmək niyyətində olduğunu yazır.

Nizami Bağırov