ABŞ-ın süni intellektin inkişafı üzrə Mind First Foundation fondunun bioloqu Preston Estep süni intellektin təkamülü ilə bağlı “instrumental varislik” adlandırdığı yeni elmi konsepsiya irəli sürüb.
Qaynarinfo xəbər verir ki, "Frontiers in Psychology" jurnalında dərc olunan araşdırmada alim alqoritmlərin inkişafının insanların – xüsusilə də onları hazırlayan mütəxəssislərin – idarəetmə funksiyalarını tədricən və könüllü şəkildə ötürməsi hesabına baş verdiyini iddia edir.
Uzun müddət fundamental informatika sahəsində filosof Nik Bostromun irəli sürdüyü instrumental konvergensiya nəzəriyyəsi üstünlük təşkil edib. Bu nəzəriyyəyə görə, inkişaf etmiş alqoritmlər qaçılmaz olaraq özünü qoruma instinkti qazanacaq və resurslar uğrunda insanlarla rəqabət aparmağa başlayacaq. Lakin Estep qeyd edir ki, müasir böyük dil modellərinin (LLM) sabit yekun məqsədi, yəni bioloji baxımdan çoxalma instinktinin analoqu yoxdur. Bunun əvəzinə, kommersiya məqsədlərinə çatmaq üçün neyroşəbəkələrin hesablama gücünü artıran və onları özünü təkmilləşdirməyə öyrədən məhz tərtibatçılardır.
Empirik məlumatlar bu prosesin sürətləndiyini göstərir. 2026-cı ilin mayına qədər “Anthropic” şirkətinin proqram kodlarının 80 faizindən çoxu “Claude” modeli tərəfindən yaradılıb, mühəndislər isə əsasən rəyçi roluna keçiblər. Biliklərin ötürülməsi böyük mətn massivləri üzərində ilkin təlim vasitəsilə həyata keçirilir. Bu prosesin bioloji analoqları da var: o, Bolduin effektini təqlid edir. Bu zaman bəşəriyyətin mədəni təcrübəsi strukturlaşdırılmış şəkildə neyroşəbəkədə möhkəmlənir və getdikcə daha yeni modellərə ötürülür.
“İnsan tərtibatçılarla ‘böyüyən’ süni intellekt arasındakı münasibətlər bir çox cəhətdən valideynlərlə uşaqlar arasındakı münasibətləri xatırladır. Bu da varislik prosesinin təbii xarakterini vurğulayır”, deyə Preston Estep bildirib.
Alim hesab edir ki, məsuliyyətin tədricən ötürülməsi alqoritmlərin kritik muxtariyyət əldə etdiyi anı aşkar etməyi çətinləşdirir.
Estep klassik “bəşəriyyəti xilas etmək” ssenarilərində olduğu kimi alqoritmləri məhdudlaşdırmağa çalışmaq əvəzinə, insanla maşının birləşməsinə hazırlaşmağa çağırır. Alimin fikrincə, süni intellektlə inteqrasiya insanlara həm yox olmaqdan, həm də neyroşəbəkələrdən dəfələrlə geri qalan varlıqlara çevrilməkdən yayınmağa kömək edə bilər.
Uzunmüddətli perspektivdə bu proses insanların resurslar uğrunda rəqabətini dayandıracaq və planetin təhlükəsizliyini təmin edəcək vahid qlobal neyroarxitekturanın yaradılmasına gətirib çıxara bilər.
Aydın
Şərhlər