"Microsoft" əməkdaşları iş zamanı istifadə etdikləri süni intellekt (Al) resurslarının həcmi barədə könüllü məlumat veriblər. Şirkətdə müxtəlif göstəriciləri izləmək və şəffaflığı təmin etmək üçün daxili platforma fəaliyyət göstərir.
Qaynarinfo xəbər verir ki, bu il həmin platformaya yeni göstərici – “AI $ Usage Per Month” əlavə edilib.
600 qeyddən ibarət ümumiləşdirilmiş cədvəl “Business Insider” nəşrinin əldə etdiyi məlumatlara görə, təxminən 350 əməkdaş Al alətlərindən istifadə göstəricilərini təqdim edib. 28 günlük dövr üzrə median göstərici 300 dollar olub.
Bununla belə, göstəricilər arasında böyük fərq müşahidə edilib. Ən yüksək məbləğ 28 min dollar təşkil edib. “Microsoft Customer and Partner Solutions” bölməsinin bir əməkdaşı 28 günlük müddət ərzində məhz bu qədər Al resursundan istifadə etdiyini göstərib. Bəzi əməkdaşlarda isə xərclər cəmi bir neçə dollar olub.
Bölmələr üzrə göstəricilər
* “Azure” – median 241 dollar, diapazon 1–7500 dollar;
* “Cloud + AI” – 325 dollar, diapazon 1–15 000 dollar;
* “CoreAI” – 975 dollar, diapazon 40–16 000 dollar;
* “Experiences and Devices” – 250 dollar, diapazon 1–3391 dollar;
* “Microsoft AI” – 490 dollar, diapazon 45–10 000 dollar;
* “Microsoft Customer and Partner Solutions” – 134 dollar, diapazon 1–28 000 dollar;
* “Security” – 526 dollar, diapazon 58–10 000 dollar.
Qeyd olunur ki, söhbət əməkdaşların öz ciblərindən ödədikləri vəsaitdən getmir. Göstərilən məbləğlər onların iş tapşırıqlarını yerinə yetirmək üçün istifadə etdikləri hesablama gücünün və digər süni intellekt alətlərinin təxmini dəyərini əks etdirir.
Bu statistikanın ortaya çıxması “Microsoft”un süni intellektə yatırdığı böyük investisiyalarla əlaqələndirilir. İT nəhəngi Al infrastrukturu üçün yüz milyardlarla dollar xərcləyir və eyni zamanda əməkdaşların şirkətin təqdim etdiyi alətlərdən nə dərəcədə fəal istifadə etdiyini müəyyənləşdirməyə çalışır.
Hazırda bəzi əməkdaşlar süni intellekt modellərindən yalnız nadir sorğular üçün istifadə etdiyi halda, digərləri onları gündəlik iş prosesinin ayrılmaz hissəsinə çevirib və bunun üçün minlərlə dollar dəyərində hesablama resurslarından yararlanır.
Aydın
Şərhlər