Xəbər lenti

Alimlər sirri açdı: Buz dövrünün ovçuları niyə məhz dişi mamontları seçirdi?
phrase_var_qaynar. 09:38 02.08.2026

Alimlər sirri açdı: Buz dövrünün ovçuları niyə məhz dişi mamontları seçirdi?

Buz dövründə yaşamış insanlar qida və geyim əldə etmək üçün ovladıqları yunlu mamontları təsadüfi deyil, müəyyən meyarlara əsasən seçiblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” nəşrinin istinad etdiyi yeni elmi araşdırmada bildirilir.

Tədqiqat müəllifləri xatırladırlar ki, mamontlar qədim insanların Avrasiya və Şimali Amerikada ən qiymətli ov obyektlərindən biri olub. Bir heyvan çoxlu miqdarda ət və yağ təmin edir, dərisindən geyim hazırlanır, sümükləri və dişlərindən əmək alətləri, silahlar və incəsənət nümunələri hazırlanır, iri sümüklərindən isə tikinti materialı kimi istifadə olunurdu.

Alimlər Polşa, Avstriya, Çexiya və Almaniyadakı 11 arxeoloji abidədən tapılmış mamont sümüklərinin genetik analizini apararaq müəyyən ediblər ki, qədim ovçular əsasən dişi mamontları hədəfə alıblar.

Araşdırmanın nəticələrinə görə, öyrənilən mamont qalıqlarının təxminən 70 faizi dişi, 30 faizi isə erkək heyvanlara məxsus olub. Müqayisə üçün qeyd olunur ki, təbii şəraitdə tapılmış mamont sümüklərinin 66 faizi erkək, 34 faizi isə dişi fərdlərə aid olub.

Tədqiqatın aparıcı müəllifi Hanna Muts bildirib ki, bunun mümkün səbəblərindən biri dişi mamontların müasir fillərdə olduğu kimi ana fərdin rəhbərlik etdiyi sürülərdə yaşaması ola bilər.

Onun sözlərinə görə, belə sürülər mövsümi və daha proqnozlaşdırılan marşrutlarla hərəkət etdiyindən, buz dövrü insanları onları daha asan izləyə və tapa bilirdilər. Yetkin erkək mamontlar isə əsasən tək yaşayır və daha geniş ərazilərdə hərəkət edirdilər.

Tədqiqatın həmmüəllifi, Paleogenetika Mərkəzinin təkamül genetikası üzrə mütəxəssisi Lav Dalen hesab edir ki, balaları olan sürüləri izləmək də daha asan olub. Onun fikrincə, dişi heyvanlar balalarını qorumaq üçün yaşadıqları ərazini tərk etməyə daha az meyilli olublar.

Bundan əlavə, dişi mamontlar erkəklərlə müqayisədə daha kiçik olub. Yetkin erkək mamontların çəkisi təxminən 6 ton, hündürlüyü isə 3,4 metr olduğu halda, dişi mamontlar orta hesabla 4 ton çəkidə və 2,9 metr hündürlükdə olublar. Bu da onların ovlanmasını nisbətən asanlaşdırmış ola bilər.

Araşdırmada həmçinin qeyd olunur ki, qədim ovçular ərazinin relyefindən də məharətlə istifadə ediblər. Onlar mamontları bataqlıqlara, qayalıqlara və digər təbii maneələrə doğru qovaraq hərəkətlərini məhdudlaşdırıblar.

Paleogenetika Mərkəzinin təkamül genetiki və araşdırmanın həmmüəllifi David Dies-del-Molino bildirib ki, qədim insanlar böyük ehtimalla bataqlıq və palçıqlı ərazilərdən istifadə edərək mamontları hərəkətsiz vəziyyətə salır, daha sonra isə nizə və digər silahlarla onları ovlayırdılar. 

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->