Xəbər lenti

İlon Mask bir trilyon dollarlıq bonusa yaxınlaşdı: 10 milyonuncu
Dünya 17:58 01.08.2026

İlon Mask bir trilyon dollarlıq bonusa yaxınlaşdı: 10 milyonuncu "Tesla" çıxdı

ABŞ-ın "Tesla" şirkəti istehsal etdiyi avtomobillərin sayını 10 milyona çatdırdığını açıqlayıb. Bununla da şirkət rəhbəri İlon Maskın uzunmüddətli bir trilyon dollarlıq bonus proqramında nəzərdə tutulan əsas hədəflərdən birinin yarısı yerinə yetirilib.

Qaynarinfo xəbər verir ki, şirkət səhmdarlarının təsdiqlədiyi plana əsasən, "Tesla" 2035-ci ilədək ümumilikdə 20 milyon avtomobil istehsal etməlidir. Şirkətin rəsmi açıqlamasına görə, istehsal xəttindən artıq 10 milyonuncu avtomobil çıxıb. Bu göstəriciyə ilk 1 milyon avtomobil istehsalından altı il sonra nail olunub.

Lakin İlon Maskın bonus paketini əldə etməsi yalnız istehsal həcmi ilə məhdudlaşmır.

Plana əsasən, "Tesla"nın "Full Self-Driving" (FSD) tam avtonom idarəetmə proqramının 10 milyon aktiv istifadəçiyə çatması, 1 milyon humanoid robotun müştərilərə təhvil verilməsi və 1 milyon robotaksinin istismara buraxılması da əsas şərtlər sırasındadır.

Hazırda şirkətin bu hədəflər arasında ən çox irəliləyiş əldə etdiyi sahə avtomobil istehsalı hesab olunur. Məlumata görə, FSD xidmətinin təxminən 1,5 milyon istifadəçisi var. Bununla belə, bu rəqəmə ödənişsiz sınaq istifadəçilərinin daxil olub-olmadığı dəqiqləşdirilməyib. Robot və robotaksi layihələri isə hələ ilkin inkişaf mərhələsindədir.

"Tesla"nın ümumi istehsalı sürətlə artsa da, şirkətin illik satışları hələ də 2 milyon avtomobil həddini keçməyib. "Model 3" və "Model Y" sayəsində əldə olunan sürətli artım son dövrlərdə zəifləyib.

ABŞ bazarında şirkətin satışları ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalıb. Şirkət bu azalmanı kompensasiya etmək üçün Avstraliya, Litva və Yaponiya kimi yeni bazarlarda fəaliyyətini genişləndirməyi planlaşdırır.

Analitiklər hesab edirlər ki, maliyyə hədəflərinə çatmaq istehsal göstəricilərini yerinə yetirməkdən daha çətin olacaq. Bonus proqramının şərtlərinə görə, "Tesla"nın düzəldilmiş FAVÖK (faiz, vergi, amortizasiya və köhnəlmə xərclərindən əvvəlki mənfəət) göstəricisi 400 milyard dollara çatmalıdır.

Hazırda isə qiymət endirimləri, emissiya kreditlərindən əldə olunan gəlirlərin azalması və süni intellekt layihələrinə yatırımlar səbəbindən bu göstərici 3,27 milyard dollar səviyyəsindədir.

Məqalədə qeyd olunur ki, "Tesla"nın əsas rəqiblərindən biri olan Çinin "BYD" şirkəti isə artıq 17 milyonuncu avtomobilini istehsal edib. Həmin avtomobillərin təxminən yarısını hibrid modellər təşkil edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->