Xəbər lenti

Elektromobil bazarında təhlükə siqnalı: Şarj məntəqələri niyə azdır?
Ekonomiks 19:39 01.08.2026

Elektromobil bazarında təhlükə siqnalı: Şarj məntəqələri niyə azdır?

Son illər Azərbaycanda elektromobillərin istifadəsinin genişləndirilməsi məqsədilə mühüm təşviq tədbirləri həyata keçirilib. Vergi və gömrük güzəştləri nəticəsində ölkəyə gətirilən elektrik avtomobillərinin sayı artıb, bununla paralel olaraq şəhərin müxtəlif ərazilərində enerji doldurma məntəqələri quraşdırılıb. Həm dövlət qurumları, həm də özəl şirkətlər bu prosesə qoşularaq şarj infrastrukturunun sürətlə inkişaf edəcəyini açıqlayırdılar.

Ancaq hazırda fərqli mənzərə müşahidə olunur. Son dövrlərdə yeni enerji doldurma məntəqələrinin quraşdırılması əhəmiyyətli dərəcədə zəifləyib, bəzi mövcud məntəqələr isə texniki nasazlıq səbəbindən istifadəyə yararsız vəziyyətdə qalıb. Bunun nəticəsində elektromobil sahibləri işlək məntəqələrdə uzun növbələrlə üzləşir, enerji doldurmaq üçün xeyli vaxt itirirlər.

Bəs, görəsən, enerji doldurma infrastrukturunun inkişaf tempi niyə zəifləyib? 

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev hesab edir ki, son dövrlərdə elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinin quraşdırılması tempinin zəifləməsi dövlətin bu sahədən geri çəkilməsi anlamına gəlmir. Onun sözlərinə görə, ilkin mərhələdə əsas məqsəd ölkə üzrə minimal şarj şəbəkəsinin yaradılması idi. Hazırda isə proses daha çox bazar prinsipləri əsasında davam etdirilir. Eyni zamanda, yeni şarj məntəqəsinin yaradılması təkcə avadanlığın quraşdırılması ilə yekunlaşmır. Bunun üçün kifayət qədər elektrik gücü, transformator və kabel infrastrukturu, şəbəkəyə qoşulma, ödəniş sistemi, internet bağlantısı və davamlı texniki xidmət təmin edilməlidir.

Ekspertin sözlərinə görə, mövcud infrastruktur hazırkı elektromobil sayını müəyyən qədər qarşılasa da, yaxın illərdə bazarın genişlənməsi üçün yetərli deyil. Əsas problem şarj məntəqələrinin sayından çox onların işlək vəziyyətdə olması, şarj gücü, əlçatanlığı və ölkə üzrə düzgün yerləşdirilməsidir. Xüsusilə çoxmənzilli binalarda yaşayan elektromobil sahibləri ictimai şarj şəbəkəsindən asılı olduqları üçün bu sahədəki çatışmazlıqları daha çox hiss edirlər.

A.Nəbiyev bildirib ki, şarj məntəqələrinin işləməməsi texniki xidmətin vaxtında aparılmaması, proqram təminatındakı problemlər, ehtiyat hissələrinin gec əldə olunması, müxtəlif qurumlar arasında məsuliyyət bölgüsünün tam müəyyənləşdirilməməsi və bəzi məntəqələrin iqtisadi cəhətdən səmərəli işləməməsi ilə bağlıdır. Bu səbəbdən yalnız yeni cihazların quraşdırılması deyil, onların fasiləsiz işləməsini təmin edəcək peşəkar texniki xidmət sisteminin qurulması da vacibdir.

Ekspert hesab edir ki, şarj məntəqələrində yaranan növbələr elektromobil bazarının inkişafını ləngidə, potensial alıcılarda isə infrastrukturla bağlı narahatlıq yarada bilər. Bu baxımdan, infrastruktur elektromobillərin sayının artmasını gözləmədən əvvəlcədən planlaşdırılmalıdır.

A.Nəbiyevin fikrincə, problemin həlli üçün ölkə üzrə vahid şarj infrastrukturunun inkişaf proqramı hazırlanmalı, məntəqələr real tələbat və nəqliyyat axını nəzərə alınmaqla yerləşdirilməlidir. İlk növbədə Bakı şəhərinin yaşayış massivlərində, çoxmənzilli binaların ətrafında, rayon mərkəzlərində və regionlararası magistral yollar boyunca şarj şəbəkəsi genişləndirilməlidir. Xüsusilə Bakı–Quba, Bakı–Şamaxı, Bakı–Qazax və Bakı–Astara istiqamətlərində kifayət qədər sürətli şarj məntəqələrinin yaradılması vacibdir. Eyni zamanda, yeni tikilən binaların parkinqlərində şarj nöqtələrinin yaradılması üçün zəruri infrastruktur əvvəlcədən nəzərdə tutulmalıdır.

Ekspertin sözlərinə görə, özəl sektorun bu sahəyə marağı qalır. Lakin yüksək investisiya xərcləri, uzun geri dönüş müddəti və şəbəkəyə qoşulma problemləri investisiyaların sürətini azaldır. Buna görə də dövlət tərəfindən vergi və gömrük güzəştləri, subsidiya və güzəştli kredit mexanizmləri tətbiq edilməli, dövlət–özəl tərəfdaşlığı genişləndirilməli, vahid rəqəmsal platforma yaradılmalı və bütün operatorlar üçün texniki xidmət standartları müəyyənləşdirilməlidir.

A. Nəbiyev hesab edir ki, Azərbaycanın mövcud şarj infrastrukturu tələbatı qarşılamaq üçün ciddi şəkildə təkmilləşdirilməlidir. 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev isə bildirib ki, Azərbaycanda elektrik və hibrid avtomobillərin təşviqi məqsədilə dövlət tərəfindən tətbiq olunan güzəştlər şarj infrastrukturunun inkişafına ciddi təkan verib. Onun sözlərinə görə, həmin dövrdə həm dövlət qurumları, həm də özəl sektor tərəfindən şarj məntəqələrinin quraşdırılmasına başlanılıb və son illərdə bu proses daha da sürətlənib.

Ekspert qeyd edib ki, "Azərişıq" və digər özəl şirkətlər tərəfindən təkcə Bakıda və Bakıətrafı ərazilərdə deyil, regionlarda da şarj stansiyalarının sayı artırılıb. O, işğaldan azad olunmuş ərazilərə elektrik avtomobili ilə səfər etdiyini və marşrutunu əvvəlcədən planlaşdırmaqla heç bir enerji doldurma problemi ilə qarşılaşmadığını da vurğulayıb.

Onun fikrincə, son dövrlərdə yeni şarj məntəqələrinin quraşdırılması tempinin nisbətən zəifləməsi investisiya və iqtisadi amillərlə bağlıdır. Belə ki, özəl sektor yatırdığı vəsaitin geri dönüşünü nəzərə alır. Bəzi məntəqələr əvvəlcə sınaq məqsədilə quraşdırılır, gözlənilən istifadə səviyyəsi əldə olunmadıqda isə həmin stansiyanın başqa əraziyə köçürülməsi zərurəti yaranır. Bu isə müxtəlif dövlət qurumlarından icazələrin alınması və digər texniki prosedurlar səbəbindən müəyyən vaxt tələb edir.

E. Əliyev hesab edir ki, hazırkı mərhələdə həm Bakı, həm də regionlara planlı şəkildə səyahət edən elektrik avtomobili sahibləri şarj məntəqələri ilə bağlı ciddi problem yaşamırlar. Onun sözlərinə görə, bəzi stansiyaların müvəqqəti işləməməsinin səbəbi proqram təminatında yaranan nasazlıqlar, ərazidə aparılan tikinti və ya təmir işləri, yaxud da şirkətdaxili texniki problemlər ola bilər. Bununla belə, belə halların uzunmüddətli davam etməsi həm özəl, həm də dövlət tərəfindən qurulan məntəqələrin sahibkarları üçün gəlir itkisi yaratdığından, bu problemlər adətən operativ şəkildə aradan qaldırılır.

Ekspert bildirib ki, Bakıda növbə problemi demək olar ki, müşahidə olunmur. Şarj stansiyaları ticarət mərkəzlərində, restoranlarda, yolkənarı xidmət obyektlərində və yanacaqdoldurma məntəqələrinin ərazisində kifayət qədər mövcuddur.

E.Əliyevin sözlərinə görə, özəl sektorun bu sahəyə investisiya marağı da azalmayıb. Sadəcə, bir müddət əvvəl şarj infrastrukturunun qurulması geniş təbliğ olunduğundan görülən işlər daha çox diqqət çəkirdi. Sonradan bu mövzu medianın və ictimaiyyətin gündəmindən qismən kənarda qaldığı üçün sanki proses dayanmış kimi təsəvvür yaranıb. Halbuki, hazırda da müxtəlif otellər, restoranlar, əyləncə mərkəzləri və digər xidmət obyektləri öz ərazilərində şarj məntəqələri quraşdırmağa davam edirlər.

Ekspert hesab edir ki, dövlət tərəfindən texniki şərtlərin və digər prosedurların daha da sadələşdirilməsi bu sahədə fəaliyyət göstərən şirkətlər üçün əlavə stimul ola bilər. Bununla yanaşı, o vurğulayıb ki, hazırda dövlət tərəfindən hər hansı maneə yaradılmır. Əksinə, elektrik avtomobilləri üçün şarj infrastrukturunun genişləndirilməsi dövlətin prioritet istiqamətlərindən biridir. 

E. Əliyev əlavə edib ki, gələcəkdə şarj məntəqələrinin günəş panelləri vasitəsilə istehsal olunan enerji ilə təmin edilməsi və həmin enerjinin satışına şərait yaradılması istiqamətində atılacaq addımlar özəl sektorun marağını daha da artıraraq yeni investisiyaların cəlb olunmasına təkan verə bilər.

Mənbə: "Kaspi" qəzeti

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->