İdman 11:35 09.06.2023

Ançelotti UEFA və FİFA-ya “od püskürdü”: “Bu belə davam edə bilməz”

La Liqa nəhəngi "Real”ın baş məşqçisi Karlo Ançelotti dünya futbolunun gündəmində olan məsələlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, təcrübəli mütəxəssis VAR sistemini, oyun saylarının artıq olmasını, tribunalardan futbolçulara irqçi şüarlar səsləndirməsini və bir çox şeyləri qabardaraq FİFA ilə UEFA-nı tənqid edib:

"Futbolu asanlaşdırmaq baxımından ofsayd və qapı xətti üçün texnologiyadan istifadə edilməli idi. Ancaq "Espanyol” - "Atletiko” (Madrid) matçında VAR xəyali qol qərarı verərək bir komandanın aşağı liqaya düşməsinə səbəb oldu. VAR oyunun ruhuna və reallığına uyğun gəlməyən qərarlar verməklə hakimlərin gücünü əlindən aldı. Obyektivlik yoxdur, yalnız şəxsi qərarlar verilir. VAR həqiqətən sui-istifadə olunur. Oyunu daha yaxşı bilən keçmiş futbolçular və məşqçilər prosesə daxil edilməlidir”.

O, son illərdə matçların sayının artmasına münasibət bildirib: 

"Liqa, kubok və dünya çempionatı arasında qalan komandam mövsümü 73 matçla tamamladı. Dekabrın 30-dan martın 12-dək Mərakeş və Ərəbistan arasında gedən bir həftə istisna olmaqla, fasiləsiz oyunlar keçirdik. Bu belə davam edə bilməz. UEFA hər dəfə Çempionlar Liqasına daha çox komanda əlavə edir. FİFA daha çox ölkə ilə dünya çempionatı təşkil edir. Liqalar dörd komanda ilə Superkubok finalı təşkil etmək istəyir. Ya bir-biri ilə anlaşırlar, ya da futbolçuların sağlamlığının artıq heç bir əhəmiyyəti yoxdur”.

"Real"ın çalışdırıcısı tribunalardakı irqçiliyin futbolda ən böyük problem olduğunu bildirib:

"Stadionların düşmənçilik mərkəzinə çevrilməsini heç vaxt qəbul edə bilmərəm. Futbolçu və ya məşqçinin dərisinin rənginə, dininə, etnik mənsubiyyətinə görə bu nifrət mühitini qəbul edə bilmirəm. İngiltərədə yaşadığım dörd il ərzində bircə dəfə də olsun kimisə təhqir etdiyimi xatırlamıram”.

Səbuhi Həsənov