Dünya 11:16 13.05.2022

Avropa İttifaqının İran üzrə koordinatoru Frankfurt hava limanında saxlanıldı

İranın nüvə sazişinin bərpası üzrə danışıqların Aİ koordinatoru Enrike Mora Tehrandan qayıtdıqdan sonra Almaniyanın Frankfurt şəhərində polis tərəfindən qısa müddətə saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə diplomatın özü Twitter-də məlumat verib və hadisəni Vyana Konvensiyasının pozulması adlandırıb.

Mora yazıb: "Tehrandan Brüsselə qayıdarkən Almaniya polisi məni Frankfurt hava limanında saxladı. Mən İspaniya diplomatik pasportu ilə rəsmi missiyada olan Aİ rəsmisiyəm".

O, əlavə edib ki, hüquq-mühafizə orqanları onun pasportunu və telefonlarını əlindən alıblar. Ondan başqa, polis daha iki avropalı diplomatı saxlayıb.
Mora yarım saat sonra özünün və iki həmkarının sərbəst buraxıldığını bildirib.

"Onlar bizə hər hansı izahat verməkdən imtina etdilər, bu, Vyana Konvensiyasının pozulması kimi görünür", - avropalı diplomat bildirib.

İranda Mora İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın Tehrana qarşı sanksiyalarının ləğvi ilə bağlı Vyanada keçirilən danışıqlarda qalan və həll olunmamış məsələləri müzakirə edib.
 
Alpər