Xəbər lenti

Avropanın ən məşhur döyüşlərindən biri onilliklər boyu səhv başa düşülüb - TƏDQİQAT
Dünya 10:20 28.03.2026

Avropanın ən məşhur döyüşlərindən biri onilliklər boyu səhv başa düşülüb - TƏDQİQAT

İngiltərəni Norman hersoqu Fateh Uilyama qarşı məşhur Hastings döyüşündə uduzan kral Harold Qodvinsonun faciəvi hekayəsi uzun illərboyu sənədli və bədii filmlərdə geniş əks olunub. Lakin yeni araşdırmalara görə, bu tarixi hadisə ilə bağlı təsəvvürlərə yenidən baxılması tələb oluna bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "HotNews" yazır

XI əsrdə baş vermiş bu döyüş Haroldun qısa hökmranlığını sona çatdırıb və Uilyamın hakimiyyətə gəlməsi ilə İngiltərə tarixini və bütövlükdə Avropanın gedişatını dəyişib. Lakin yeni mənbə təhlili Haroldun məğlubiyyətinin səbəblərinə fərqli yanaşma təqdim edir.

Uzun illər belə hesab olunurdu ki, Harold və ordusu döyüşdən əvvəl təxminən 322 kilometrlik yorucu yürüş edərək tükənmiş vəziyyətə düşüb və bu da onların məğlubiyyətinə səbəb olub. Lakin Şərqi İngiltərə Universitetinin orta əsrlər üzrə professoru Tom Laysons bu versiyanı şübhə altına alır. Onun sözlərinə görə, ordu cənuba quru yolla deyil, dəniz vasitəsilə hərəkət edib.

Kembric Universitetindən professor Rory Neismit də qeyd edir ki, 1066-cı il tarixdə dönüş nöqtəsi olub: bir siyasi rejim sürətlə devrilib və bu, İngiltərənin mədəni və institusional kimliyinə böyük təsir göstərib.

Tarixi mənbələrin yenidən qiymətləndirilməsi

Laysons bildirir ki, Haroldun ordusunun 10 gün ərzində belə uzun məsafəni qət etməsi əvvəldən də şübhəli görünürdü. Onun fikrincə, bu hekayə viktorian dövründə formalaşmış və elmi ədəbiyyatda möhkəmlənmiş bir interpretasiyadır.

Araşdırmaya görə, səhv təfsir "Anqlosakson salnaməsi”ndəki bir ifadənin yanlış anlaşılmasından qaynaqlanıb. Salnamədə Haroldun donanmasının "evə göndərildiyi” qeyd olunur. Əvvəlki təfsirlərdə bu, donanmanın buraxıldığı kimi başa düşülürdü. Lakin Laysons bu ifadənin Londonu – kralın bazasını nəzərdə tutduğunu iddia edir.

Beləliklə, Harold əvvəlcə donanması ilə şimala gedərək 1066-cı il 26 sentyabrda vikinqlərin lideri Harald Hardrada üzərində qələbə qazanıb. Daha sonra isə donanma ilə Londona qayıdıb və əsgərlərinə istirahət imkanı verib.

Sonradan Harold cənuba doğru hərəkət edərək Hastingsdə Uilyamla qarşılaşıb. Laysons hesab edir ki, o, eyni zamanda donanmanı da cənuba göndərərək Vilyamı mühasirəyə almağa çalışıb, lakin donanma döyüşə gec çatıb.

Neismit bu yeni yanaşmanı məntiqli hesab edir və bildirir ki, ingilislərin güclü donanması var idi və bu faktorun hadisələrdə daha böyük rol oynaması real görünür.

Kral Harolda yeni baxış

Nyukasl Universitetindən Duncan Rayt isə qeyd edir ki, Haroldun cənuba yürüşü romantik dövr ədəbiyyatında formalaşmış obrazın bir hissəsidir. O, cəsur, lakin məğlub kral kimi yadda qalıb.

Bu obraz hətta müasir dövrdə də populyarlığını qoruyur və tarix rekonstruksiyalarında geniş istifadə olunur. 2016-cı ildə döyüşün 950 illiyi münasibətilə keçirilən tədbirdə 1066 nəfər iştirak edib.

Laysons hesab edir ki, yeni interpretasiya Haroldun təsadüfi və ya zəif lider deyil, əksinə, bacarıqlı bir komandir olduğunu göstərir. Onun sözlərinə görə, o gün nəticə fərqli də ola bilərdi və qalib Harold da ola bilərdi.

Alimlər həmçinin Hastings döyüşü ilə bağlı məşhur bir mifə də aydınlıq gətiriblər. Bayeux xalçasında Haroldun gözünə ox dəydiyi təsvir olunur, lakin ən qədim mənbələr onun dörd norman cəngavəri tərəfindən öldürüldüyünü bildirir.

Bu tədqiqat Laysons tərəfindən Oksford Universitetində keçiriləcək konfransda təqdim olunacaq və gələcəkdə kral Harold haqqında yazılacaq bioqrafiyada da istifadə ediləcək.

Aydın

--> -->