2026-cı ilin ilk yarısında həm Azərbaycana gələn xarici vətəndaşların, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Eyni zamanda, həmin dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 5,1 faiz azalaraq 937,4 min nəfər təşkil edib.
Bəs Azərbaycana turist axınının azalmasının əsas səbəbləri nədir?
Turizm eksperti Ceyhun Aşurov Qaynarinfo-ya bildirib ki, turizm sektorunda müşahidə olunan geriləmə ciddi narahatlıq doğurur:
"Ölkəyə gələn turistlərin sayında ötən illə müqayisədə təxminən 11 faizlik azalma müşahidə olunur. Avropa bazarında cüzi artım qeydə alınsa da, əsas hədəf bazarlarında ciddi geriləmə var. Bunun nəticəsində otellərin doluluq səviyyəsi də təxminən 30 faiz azalıb. Bu göstəricilər turizm sektoru üçün ciddi siqnaldır”.
Ekspertin sözlərinə görə, dünyada baş verən geosiyasi proseslər də turizmə mənfi təsir göstərir:
"Müharibələr, geosiyasi gərginlik, iqtisadi qeyri-sabitlik, inflyasiya, enerji daşıyıcıları və yanacağın bahalaşması, eləcə də aviabiletlərin qiymətlərinin artması dünya turizm bazarında artım tempini zəiflədib. Əgər əvvəllər qlobal turizmdə 4 faizlik artım proqnozlaşdırılırdısa, hazırda bu göstərici təxminən 2 faizə enib”.
Ceyhun Aşurov bildirib ki, regiondakı müharibələr və hava məkanlarının bağlanması da Azərbaycana gələn turistlərin sayına mənfi təsir göstərib:
"Hava məkanlarının qismən bağlı qalması, xüsusilə Körfəz ölkələrindən Azərbaycana uçuşları çətinləşdirib. Nəticədə Hindistan, Pakistan, Körfəz ölkələri, İran və İsrail kimi əsas hədəf bazarlarında turist axını əhəmiyyətli dərəcədə azalıb”.
Ekspert hesab edir ki, vəziyyəti yaxşılaşdırmaq üçün yeni bazarlara çıxış və əlçatanlığın artırılması vacibdir:
"Yeni hədəf bazarlarının müəyyənləşdirilməsi, birbaşa uçuşların artırılması və viza prosedurlarının sadələşdirilməsi istiqamətində işlər görülür. Azərbaycanın əsas üstünlükləri sabitlik və təhlükəsizlikdir. Lakin turist üçün ikinci ən vacib amil qiymətdir. Bu baxımdan Azərbaycan regionun rəqib ölkələri ilə müqayisədə hələ də kifayət qədər rəqabətqabiliyyətli deyil”.
Ceyhun Aşurov Azərbaycanın doqquz beynəlxalq hava limanına malik olduğunu xatırladaraq bildirib ki, bu potensialdan daha səmərəli istifadə edilməlidir:
"Regional hava limanlarının imkanlarından daha effektiv yararlanmaq, aşağıbüdcəli aviaşirkətlərlə əməkdaşlığı genişləndirmək və daha sərfəli aviabiletlər təklif etmək mümkün olsa, Azərbaycana turist axını da əhəmiyyətli dərəcədə arta bilər”.
Bahar Rüstəmli
Şərhlər