2026-cı ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Rəsmi statistikaya görə, ilin ilk beş ayında ölkəyə dünyanın 186 ölkəsindən 871,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.
Turizm eksperti Ceyhun Aşurov Qaynarinfo-ya açıqlamasında bildirib ki, turist sayındakı azalma paytaxtdakı mehmanxanaların fəaliyyətində də hiss olunur:
"Hazırda iyun ayıdır və bu dövr adətən turist axınının daha intensiv olduğu mövsüm hesab edilir. Buna baxmayaraq, hələ də gözlənilən turist bolluğunu müşahidə etmirik".
Ekspertin sözlərinə görə, azalmaya təsir edən əsas amillərdən biri regionda baş verən proseslərdir:
"Pandemiya dövründən sonra yaranan məhdudiyyətlərin təsiri, hava nəqliyyatındakı problemlər, aviabiletlərin və yanacağın bahalaşması, eləcə də regional gərginliklər ölkəyə gələn turistlərin sayına təsir göstərib. Digər tərəfdən, Azərbaycan yeni bazarlara çıxış imkanlarını genişləndirməyə çalışır. Bu istiqamətdə davamlı danışıqlar aparılır və yeni turist seqmentlərinin cəlb olunması üçün işlər görülür. Hazırda Türkiyə, Çin və Şərqi Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində fəaliyyət davam etdirilir".
Ceyhun Aşurov hesab edir ki, Azərbaycan təhlükəsizlik baxımından üstün mövqeyə malik olsa da, qiymət amili turist seçimində həlledici rol oynayır:
"Azərbaycan kifayət qədər təhlükəsiz ölkə kimi tanınır və bu, böyük üstünlükdür. Bakıya gələn qonaqlar şəhərin gözəlliyini və rahatlığını yüksək qiymətləndirirlər. Lakin turistlərin qərarına ən ciddi təsir göstərən amillərdən biri aviabiletlərin qiymətidir. Təəssüf ki, Azərbaycana səyahət bir çox hallarda əlverişli hesab edilmir. Nəticədə potensial turistlər alternativ istiqamətlərə üstünlük verirlər".
İqtisadçı Natiq Cəfərli isə turizm sektorunda problemlərin dərinləşdiyini düşünür. Onun sözlərinə görə, turist sayında 11 faizlik azalma kifayət qədər ciddi göstəricidir:
"Rəsmi statistikada diqqətimi çəkən başqa bir məqam da var. Məlumata görə, ölkəyə gələn əcnəbilərin 70 faizi hava nəqliyyatı, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib. Xarici vətəndaşlar ölkədən quru yolla çıxa bilirlər, lakin ölkəyə quru sərhədlərdən giriş mümkün deyil. Bu halda 28,5 faizlik göstəricinin necə formalaşdığı sual doğurur. Əgər bunların böyük hissəsi yük avtomobili sürücüləridirsə, niyə turist kimi qeydiyyata alınıblar?"
İqtisadçı xatırladıb ki, hökumət turizmi prioritet sahə elan edib:
"Əgər turizm prioritet istiqamətdirsə və beş ay ərzində turist sayında 11 faizlik azalma qeydə alınıbsa, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Quru sərhədlərin bağlı qalmasının turizmə vurduğu zərər də hesablanmalıdır. Maraqlıdır ki, eyni dövrdə Gürcüstanda turist sayı təxminən 6 faiz, Ermənistanda isə 19,3 faiz artıb".
Bahar Rüstəmli
Şərhlər