Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çikunqunya virusu ilə bağlı xəbərdarlığı fonunda professor Adil Qeybulla Azərbaycanda epidemioloji vəziyyətin yenidən qiymətləndirilməsinin vacibliyini bildirib. O, xəstəliyin ölüm halları ilə nadir hallarda nəticələnsə də, ciddi ağırlaşmalara və müvəqqəti əmək qabiliyyəti itkisinə səbəb ola biləcəyini deyib.
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, çikunqunya virusundan ölüm halları çox az müşahidə olunur:
"Xəstəliyin ölümlə nəticələnməsi halları çox azdır. Amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi bu xəstəlik zamanı kifayət qədər tez-tez müşahidə olunur".
Professorun sözlərinə görə, virus orqanizmə daxil olduqdan sonra müəyyən fəsadlar yarada bilər. Bu baxımdan, Azərbaycanda epidemioloji vəziyyətin yenidən qiymətləndirilməsinə ehtiyac var:
"Nəzərə almaq lazımdır ki, virus orqanizmə daxil olduqdan sonra müəyyən izlər buraxa bilər. Mümkün qədər virusa yoluxmamaq və onun yaratdığı ağırlaşmalarla üzləşməmək vacibdir. Bu baxımdan Azərbaycanda epidemioloji vəziyyət yenidən təhlil edilməli, ölkə üçün risk səviyyəsi elmi əsaslarla qiymətləndirilməlidir".
Adil Qeybulla qeyd edib ki, çikunqunya virusu əsasən ağcaqanadların dişləməsi ilə yayılır:
"Azərbaycanda malyariya daşıyıcısı olan ağcaqanadlara qarşı uzun illərdir mübarizə aparılır. Gölməçələrin qurudulması və digər profilaktik tədbirlər görülür. Bununla yanaşı, xüsusilə Bakıda insanları dişləyən, allergik reaksiyalar və toksiki ödem yaradan müxtəlif ağcaqanad növləri də mövcuddur. Onların hansı növlərə aid olması ilə bağlı dəqiq məlumat vermək çətindir. Əsas məsələ odur ki, çikunqunya virusu ağcaqanadların dişləməsi ilə insana keçir".
Professor bildirib ki, xəstəliyin ilkin əlamətləri adətən bir neçə gün ərzində özünü göstərir:
"Bəzən 3-5 günə, bəzən isə bir həftəyə qədər davam edən inkubasiya dövründən sonra xəstəlik başlayır. İlk əlamətlər yüksək hərarət, titrətmə, ürəkbulanma və güclü əzələ ağrılarıdır. Sonradan xəstəlik xroniki mərhələyə keçə bilər. Bu zaman oynaq ağrıları o qədər güclü olur ki, bəzi xəstələr belini düz saxlaya bilmir".
Qeyd edək ki, ÜST, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) çikunqunya virusunun yayılması ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, virus əsasən yoluxmuş ağcaqanadların dişləməsi ilə yayılır və son aylarda dünyanın müxtəlif regionlarında yoluxma hallarında artım müşahidə olunur.
Bahar Rüstəmli
Şərhlər