Xəbər lenti

“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlayıb (VİDEO)
Video 13:46 06.09.2023

“Azərişıq” elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlayıb (VİDEO)

"Azərişıq” ASC əməkdaşları sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlayıb.

Qaynarinfo-ya quruma istinadən verdiyi məlumata görə, Abşeron rayonunda iki ayrı fərdi yaşayış evində sayğaca baxış zamanı məlum olub ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Həmçinin, Xəzər rayonunda, Maştağa kəndində və Balakən rayonunda fərdi yaşayış evlərinə baxış keçirilərkən evlərə sayğac sxemindən kənar xətt daxil olması aşkarlanıb.

"Azərişıq” tərəfindən Ağstafa rayonunda sayğaclara aylıq baxış keçirilən zaman fərdi yaşayış evində sayğacın giriş çıxış xətlərinin eyni yuvada birləşdirildiyi müəyyən olunub.

Fərdi yaşayış evləri ilə yanaşı, obyektlərdə də elektrik enerjisindən qanunsuz istifadə halları aşkar edilib. Zirə qəsəbəsində yerləşən marketlərin birinə, Şirvanda isə gözəllik salonuna sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilib.

"Abonentlər bilməlidirlər ki, uçotdan kənar qoşulmalar səbəbindən elektrik xətləri həddən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginliyin aşağı düşməsinə səbəb olur. Bu da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır. Ən əsası isə belə hallar insanların həyat və sağlamlığı üçün təhlükəlidir”, - deyə "Azərişıq”dan bildirilib.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının qarşısının alınması məqsədi ilə "Azərişıq” monitorinqləri davam etdirir. Qanunsuz istifadə aşkar olunduqda abonentlərin elektrik enerjisi təchizatı dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->