Sənət 13:28 10.08.2020

Bakıda ancaq intihar etmək üçün qalmaq olar… - Kəndə köçən gənc yazar

Qaynarinfo yazar Orxan Saffarinin yazar həmkarı Ayxan Ayvazla online müsahibəsini təqdim edir:

- Salam, Ayxan, necəsən? Xaşmaz rayonunda karantin necə gedir? Evləndikdən sonra orada yaşamağa qərar verdin. Sənə nə kimi müsbət və mənfi tərəfləri oldu? 
- Açığı, mən karantini elə də hiss etmədim. Rayon yerində karantin elə də hiss olunmur. Bakıdan, mühitdən uzaqlaşmağımda bircə səbəb vardı. Yorulmuşdum. Oturub ciddi şəkildə mütaliə etmək və yazmaq istəyirdim. Bu, elə də böyük səslənməsin. İddia kimi deyil. Sadəcə, gördüm ki, biz yazarlar çox danışırıq, boşuna çox vaxt sərf edirik, oturub yazmağa qarınağrısı çəkirik. Təbii, bunun obyektiv səbəbləri də vardı. Amma hər halda yol tapıb yazmaq lazım olduğunu düşünürdüm. Mənə rayon yerində yaşamağın çətin olacağını, şəraitə alışa bilməkdə güclük çəkəcəyimi qabaqcadan duyurdum. Bu hissi adlatmaq, öyrəşmək bir az vaxtımı aldı. Amma müsbət tərəfi çox oldu. Xeyli kitab oxudum, xeyli də yazdım.

- Elə rayona gedəndə də demişdin ki, ədəbi mühitdən uzaq durmaq istəyirsən. Niyə? Ədəbi mühit sənə nə edib? Yazını oğurlayıb, qələmini əlindən alıb? Onda belə çıxır ki, əlinə fürsət düşdü, getdin deyə belə deyirsən. Bakıda yaşasan, yenə eyni şey olacaqdı. Burada mühitdən necə uzaq duracaqdın ki?
- Görünür, kənardan yanlış anlaşılmışam. Yox, ədəbi mühit mənə bir şey eləməyib. Lap sənin xoşuna gələn tərzdə cavab verim: Mənə heç kim heç nə edə bilməz! Mən rayona sırf yazmaq və oxumaq niyyəti ilə gəldim. Gündəlik iş rejimi, üstəlik ədəbi mühitdəki eyni söhbətlər adamı depressiyaya aparır. Sənə bir əhvalatla daha yaxşı izah edim. Əkrəm Əylisliylə bulvarda çay içirdik. Rayona getmək fikrimi deyəndə təəccübləndi və belə bir sual verdi: "Sən də iyrəndin?" Onun bu hissiyyatla sual verməsi elə sənin sualının cavabıdır. Biri var uzaqdasan, kimsə sənə deyir ki, bu cür şey oldu, filankəs belə elədi, biri də var, onu görürsən. Mən istədim bundan sonrakı həyatımda o iyrənc tərəfləri görməyim.

- Ayxan, şəhər mühiti, yoxsa kənd? Necə düşünürsən, ömrünü kənddə başa vura biləcəksən, yoxsa müvəqqətidir, darıxıb köçəcəksən? Amma köçəsi olsan, yenə ədəbi mühitdə dediyin boş-boş söhbətlərlə baş-başa qalacaqsan...
- Şəhər əslində mədəniyyət hadisəsidir. Teatr, kino, ədəbiyyat şəhərlə bağlıdır. Amma mən kəndi seçirəm. Əslində, özüm şəhər uşağıyam. Uşaqlığım Tiflisdə keçib. Biz kəndə ancaq yay aylarında gedirdik. Tutaq ki, bəlkə Tiflisə, o da imkan olsa, gedərəm, orda qalaram, amma daha Bakıda qalmağa dözümüm yoxdur. Bakıda ancaq intihar etmək üçün qalmaq olar. Bir az ağır oldu deyəsən. Mən Bakıdan qorxmuşam həmişə. Bura gələndən var o qorxu. Rahat ola bilmirəm Bakıda. Elə bilirəm, kimsə gəlib mənə bıçağı saplayacaq. Amma dediyim kimi, Tiflisdə rahatam, ora doğma yerdi mənə. Görünür, yaxşı xatirələrə görə şəhər mənə gözəl görünüb həmişə. Bakıya qayıtmayacam. Heç vaxt! Hərdən dostlarla görüşərəm. Bu heç. Tamamilə qopmaq olmur. Mən ümumi mənada mühitdən yorulduğumu bəlirtdim.

- Ayxan, səncə, necə yazıçısan? Təkcə oxucu olsaydın, yazıçı Ayxan Ayvazı necə dəyərləndirərdin? 
- Məncə, necəliyi bir qırağa qoyaq, hələ heç yazıçı olduğumu bilmirəm. Bircə bacardığım şey yazmaqdır sadəcə. Əlimdən başqa heç nə gəlmir. Yazıçılıq mənim başıma qəza kimi gəlib. Yəni oturub deməmişəm ki, yazım, mən də tanınım-zad. Olmayıb elə şey. Mənim bədbəxtliyim budur: yazmaq tək bacarığımdır.

- Bəs, yaza bilməsən? Qəfildən oyandın ki, artıq yaza bilmirsən. Heç bircə cümlə də. Zərrə də istedadın yoxdur. Hazırda bacardığın, məşğul olduğun bir peşə də yoxdur, nə edəcəksən?
- Yazmaq elə bir şey deyil ki, qəfildən itə. Tutaq ki, əllərim şikəst oldu, diktə edəcəm, biri yazacaq. Amma lap deyək, sən dediyin şey baş verə. Heç nə. Nəsə öyrənərəm. Çulumu sudan çıxararam. Mən şanslı adamam (gülür).

- Ayxan, yazıçı oğlusan, Eyvaz Əlləzoğlunun oğlu. Sənin kimi ədəbi mühitdə bir neçə dostumuzun atası da şair-yazıçıdır və hamısının ətrafında zaman-zaman bu söhbətlər dolanıb, elə indi də dolanır. Səncə, səni yalnız sənsən deyə oxuyub tanıyırlar, yoxsa atana görə? Atanın yazıçı olmağında rolu nə qədər olub? Atanın kölgəsindən çıxa bilmisənmi?
- O vaxt, lap təzə-təzə yazanda elə bilirdilər ki, yazılarımı atam yazır. Atam da əsəbi adam idi, yazıçı kimi bu cəmiyyətdə yaşaya bilməmişdi, mühit də elə deyəndə dəliyə dönürdü ki, mən nə qazanmışam ki, oğlum da nəsə qazansın, niyə onun əvəzinə yazım. 

Düzü, əvvəl atama görə tanıdılar məni. Bu Ayvazın oğludur - belə deyirdilər. Mənə başda xoş gəlirdi, getdikcə qıcıq yaratmağa başladı. Təsəvvür elə, belə deyənlər də vardı: səni atana görə oxuyuram. Adamın əsəbləri sıradan çıxmazmı? Bu münasibətdən bezirdim. İndi də bu cür adamlar var. Atam olmasa, mənim heç kim olacağımı söyləyənlər. Gülürəm onlara. Niyə bunu adamın başına qaxasan ki? Bəli, atam mənə çox kömək edib. Amma əlimdən tutub yazmağı öyrətməyib ha. İstedad məsələsi ayrıdır. Atam heç yazıçı olmağımı istəmirdi. 

Qaldı ki, kölgə məsələsinə. İndi tam əksidir, məncə. Atamı mən yaşadıram. Yəni onun ömrünü davam etdirirəm. Eyvaz Əlləzoğlunu mənə görə tanıyırlar, onunla maraqlanırlar. Bu da bir taledir.

- Onda belə deyim, atan yaxşı yazıçıdır, ya sən? 
- Postmodernist yazıçı Viktor Pelevinə Dostoyevski, yoxsa Tolstoy yaxşı yazıçıdır deyə soruşmuşdular. O da demişdi ki, mən daha yaxşı yazıçıyam. Çünki onlar ölüdür. Qoy Pelevinin bu cavabından burda istifadə edim (gülür).

- Bu yaxında bir kitabın da çıxdı. "Mavra, Zəhra və başqaları"  Kulis.az-da işlədiyin vaxt yazdığın reportajları kitab eləmisən. Niyə? Onsuz da hamısı saytda var. Bunu saytlara güvənmədiyin üçün etdin, yoxsa, çox maraqlı, çox qəşəng yazmışam, kitab edim, hamı oxusun deyə? Həm də, işindən dolayı sənin reportyor kimi də çox tanıyıblar. Mən hətta eşitmişəm ki, deyirlər, Ayxan yaxşı reportyordur, yazıçı yox. Bu, səni narahat eləmir? Təyinatı üzrə tanınmamaq...
- Əslində mənə bunu lap çoxdan demişdilər ki, reportajlarını topla kitab elə. Çünki o reportajlar, jurnalistlər inciməsin, adi jurnalist reportajları deyildi. Mənim hər reportajım hadisə yaradırdı. O reportajlar əslində, həm də hekayələr idi. Vaxt ayırıb yaza bilmədiyim hekayələrin acığını reportajlarımdan çıxmışam. Məsələn, Rasim Qaracanın hekayələr kitabını oxudum bu yaxınlarda. Abimizdi, xətrini çox istəyirəm, ləyaqətli adamdı. Amma mənim reportajlarımda o hekayələrdən daha çox bədiilik vardı. Yəni ona görə də bu reportajların itib-batmamasına qərar verdim və kitabı çapa verdik. 

O biri sualına gələndə... Bax özün də deyirsən, işindən dolayı... Bu sualı mənə bir neçə dəfə veriblər. Yazmaq mənim peşəmdir. Jurnalistika sahəsinə gəldim, ölkənin ən tanınan reportyoru oldum. Yazıçı elə olmalıdır da. Yaxşı yazıçı həm də yaxşı reportaj yaza bilməlidir. Markes, Cek London, Corc Oruel, Əziz Nesin kimi əjdahalar da jurnalistikayla məşğul olub, reportyorluqdan gəliblər. Bu, məni heç narahat etməyib. Normal bir ölkə olsa, nəşriyyat sistemi yaransa, "mənə ilə bir roman, yaxud hekayələr kitabı yaz ver, sənə qonorar veririk” desələr, onu yazıb yazıçı kimi tanınaram. Qonorarı reportaja verdikləri üçün reportyor kimi tanınıram. Bu qədər sadə. Guya jurnalistikada olan və alındıra bilməyən qələm əhli yazıçı-şairdir. Elə bilirlər ki, jurnalistikada yaza bilməmək boş şeydi, əsas şeirdi, hekayədir. Mən belələrini də tanıyırdım. Halbuki o, heç şeir, hekayə də yaza bilmir. Ona elə gəlir, yaza bilir. Bir oxunaqlı reportaj, bir köşə yaza bilməyən adam necə şair, yazıçı ola bilər? Mən buna şübhə edirəm.

- Ayxan, bir yazıçı kimi AYB-yə münasibətin necədir? Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının harasındadır?
- Artıq AYB çox maraqsızdır. Vaxtı ilə o dava aparıldı və hesab edirəm ki, bitdi. İndi AYB-yə qarşı çıxmaq qəhrəmanlıq deyil, söhbəti bilməməkdir (gülür).

- AYB sənə iki dəfə təqaüd verib, bunu özləri də demişdilər. Amma sən naşükürlük edirmişsən kimi. Buna münasibətin necədir bəs?
- Hə, bunu bir neçə dəfə başıma qaxıblar. Elə bil, öz ciblərindən pul veriblər. Dövlətin ayırdığı vəsaitdir halbuki. Hər il istedadlı adamlara verilir. Heç bu da doğru təyin olunmur. Bəzən elə adama verilir ki, əlin üzündə qalır. Yəni indi durub iki dəfə mənə təqaüd veriblər deyə susub oturmalıydım? Bu nə minnətdir ki?

- Təkcə ədəbi ictimai fəaliyyətə görəmi deyirsən, yoxsa orda işləyənləri də? Gənc yazarların AYB ətrafında toplaşmağının faydası varmı?
- Yaxşı ki, bu sualı verdin. Dəqiqləşdirək. Mən orda çalışanlara demirəm bu sözü. Yəni quru maaş alanlara. Onlar əziyyət çəkirlər. Məsələ, Yazıçılar Birliyinin ictimai yükündədir. Artıq bu cür qurumlar əhəmiyyət daşımır. Bircə potsovet ölkələrində bu birliklər var. Çağdaş deyil yəni AYB. Fəaliyyətsizdir. Ədəbi prosesi irəli çəkəcək heç bir funksiyası yoxdur.

- Yəni, deyirsən ki, gənclər AYB-dən çəkilsin, Anarın ətrafında sıx birləşməsin? Bu mənasızdır?
- Gənc yazarlara dəfələrlə demişəm. AYB-də olmağın mənası yoxdur. Biz bir dəfə olduq, səhvi gördük. Deyirik ki, biz o palçığa batdıq, siz batmayın.

- Özün də gəncsən, amma səndən bir-iki nəsil aşağı yazıçı-şairlər də var. Onlardan mütəmadi oxuduqların kimlərdir? Həm şair, həm də yazıçı. 
- Düzünü desəm, indi o qədər də oxuya bilmirəm. Həm də qəribə bir şey müşahidə edirəm onlarda. Çox eqoistdirlər. Belə bir az pis çıxsa da deyim. Adını çəkdiklərim, necə deyərlər, öz təcrübəmi bölüşdüklərim, əlimdən gələn köməyi əsirgəmədiklərim üzümə ağ oldu. Ona görə də heç kim inciməsin. Ad çəkirsən, tərifləyirsən, sonra qudururlar.

- İstedadsız olduğunu bildiyin, amma çox tanınan, buna layiq olmayan gənclərdən kiminsə adını çəkə bilərsənmi? 
- Kəramət Böyükçöl!

- Kəramət Böyükçöl? Amma o da sənin haqqında tənqidi yazı yazmışdı, təxminən demişdi ki, sənin atana görə tanıyırlar, oxuyurlar, özünü yazıçı sanma. Elə bu yaxınlarda da təxminən bu janrda sözlər dedi. Kəramətin də atası Qəşəm Nəcəfzadə şairdir, amma onun haqqında bu söhbətlər dolaşmır. Səncə, niyə? Eyni nəsil yazarlarsınız, amma səndən çox tanınır, oxunur, sən də deyirsən ki, layiqli dəyərini almayıb, bu dəyər ona çoxdu, istedadsızdır.
- Kəraməti 10 ildən çoxdur tanıyıram. O mühitə gələndən bu günə qədər deyirlər ki, istedadlıdır, nəsə yazacaq. Artıq ciddi bir yaşa gəlib. Hələ bütöv, dişə dəyəsi bir əsəri yoxdur. Ancaq statuslar, ağlamalinski yazılar, sentimental sicilləmələr. Onun da haqqında o vaxt deyirdilər ki, atası yazır. Yəni bu mənada taleyimiz oxşardır. 

Kəramətin çox tanınmağına qalanda... Dəfələrlə çox tanınmaq şansım olub. İndi də eləmək olar. Sadəcə, özüm istəmirəm. Bir yazıçı o qədər tanınmaz. Manıs-zadıq biz? Kəramət ala itdən məşhurdur. Adamı tanımayan bircə nəfər də görməmişəm. Nə olsun? Bu, yazıçı populyarlığı deyil. Bu populyarlıq çox ötəridir. Məsələn, Nərmin Şahmarzadə. Bircə statusla ölkədə tanındı. Yəni bunu eləmək asandı. Amma yazıçı gərək bundan sonra oturub əsər yaza, mütaliə edə, dil öyrənə. Kəramətdən siz çox şey gözləyirsiniz. Halbuki mən onun potensialının elə bu qədər olduğunu bilirəm.

- Bəs, onun "Çöl", "Səkkizinci gün" romanı yaxşı mətnlər deyilmi? Sıradan bir əsər sayırsan?
-"Çöl" ilk romanı idi. O vaxt yazı da yazmışdım haqqında. Hər ikisi istedadla yazılmış mətnlərdir. Sadəcə bu romanlar hələ ki onun məşqidir. Bu iki məşqə roman desən, adama deməzlər ki, niyə yalan deyirsən?

- Onda öz hekayələr kitabın "Buri"ni bunlardan yaxşı hesab edirsən. Axı, sən bunları yetkin vaxtında yazmısan.
- "Buri"də 4 hekayə var ki, onlara əminəm. Nə yazdığımı bilirəm. Ancaq "Buri" hekayələr kitabı olduğu üçün romanlarla müqayisəyə gəlməz. Hər halda o vaxt gənc yaşda roman yazmaq cəsarət tələb eləyir.

- Ayxan, ən sevdiyin Azərbaycan romanı hansıdır? Həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatından.
- Yusif Səmədoğlu "Qətl günü", Şərif Ağayar "Arzulardan sonrakı şəhər".

- Bizə özünü, mahiyyətini ifadə edən bir cümlə de. 
- "Savaşarak kaybedeceğim". Xərçənglə mübarizə aparan Neslican Tayın sözləridir. Son vaxtlar özümü bu cümlə kimi hiss edirəm.

- Düşün ki, milyonların tanıdığı yazıçısan və bu, sənin verdiyin sonuncu müsahibədir. Bunu oxuyanlara nə demək istəyərdin?
- Allah ağzından alsın. O gün olanda gələrsən, sonuncu müsahibəni məhz sənə verəcəm. Onda deyərəm. İndi nə deyəcəyimi, düzü, bilmirəm.