Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)
HBO bu yaxınlarda yeni “Harri Potter və fəlsəfə daşı” serialının ilk rəsmi və tam treylerini nümayiş etdirib. Məşhur sehrbazın macəralarından bəhs edən ekran işinin bu Milad bayramında premyerasını gözləyən pərəstişkarları ilə yanaşı, çəkilişlərdən narazı qalan insanlar da var. Söhbət İngiltərənin Latimer qəsəbəsinin sakinlərindən gedir.
Qaynarinfo xəbər verir ki, birinci mövsümün bəzi səhnələri məhz bu ərazidə çəkilib. Bu səbəbdən yaradıcı heyət üç gün ərzində yolları bağlayıb və ya həmin yollardan yalnız xüsusi icazə ilə istifadə edilməsinə şərait yaradıb.
“Newsminimalist”in məlumatına görə, çəkiliş məkanından yan keçməli olan bir çox avtomobil sürücüsünün yol müddəti ən azı 20 dəqiqə uzanıb.
“Onların bizim ora necə girib-çıxmalı olduğumuza heç bir əhəmiyyəti yox idi. Onları yalnız bu üç gün ərzində öz çəkilişləri maraqlandırırdı. Biz sakinlərik, vergi ödəyirik və yolu bizim üçün bağladılar. Həqiqətən elə hiss edirəm ki, hamımızı öz taleyimizlə baş-başa qoydular”, – deyə Latimer sakini narazılığını bildirib.
Maraqlıdır ki, rayon administrasiyası çəkiliş prosesi ilə bağlı məsələlərin əvvəlcədən sakinlərlə razılaşdırıldığını vurğulayır.
Serialın “Harri Potter və fəlsəfə daşı” adlı ilk mövsümü səkkiz bölümdən ibarət olacaq. Ekran işinin istehsalının təxminən 10 il davam etməsi planlaşdırılır. Artıq ikinci mövsümün də çəkilişlərinə başlanılıb.
Şərhlər