
Riyazi məsələləri həll etmək bacarığı yalnız düsturları və qaydaları bilməkdən asılı deyil. Dil bacarıqları, söz ehtiyatı, məntiqi düşünmək və ədədlər arasındakı əlaqələri anlamaq da mühüm əhəmiyyət daşıyır. ABŞ-ın Texas A&M Universitetinin tədqiqatçıları idrak qabiliyyətləri ilə riyazi bacarıqlar arasındakı əlaqəni araşdıraraq bu nəticəyə gəliblər.
Qaynarinfo Phys.org nəşrinə istinadən xəbər verir ki, alimlər hansı zehni qabiliyyətlərin riyaziyyat üzrə uğurla daha sıx əlaqəli olduğunu müəyyənləşdirmək üçün 122 müxtəlif test toplusunun nəticələrini təhlil ediblər.
Tədqiqat riyazi bacarıqların müxtəlif aspektlərini, o cümlədən fənn üzrə bilikləri, hesablamaları, məsələlərin həllini və tapşırıqların yerinə yetirilmə sürətini əhatə edib. Müəlliflər ən mühüm amillər sırasında dili anlama və çevik düşünmə qabiliyyətini xüsusi qeyd ediblər.
Araşdırmaya rəhbərlik edən, pedaqoji psixologiya kafedrasının dosenti Daniel Qayovski bildirib ki, dili anlamaq yalnız sözləri bilmək demək deyil. Bu bacarıq həmçinin məlumatlarla işləməyi, əvvəlki biliklərdən istifadə etməyi və nəticə çıxarmağı əhatə edir. Bu vərdişlər yalnız oxu və yazı üçün deyil, riyaziyyatı mənimsəmək üçün də vacibdir.
“Bu, oxumaq üçün vacibdir, yazmaq üçün vacibdir və indi görürük ki, riyaziyyat üçün də vacibdir”, deyə tədqiqatçı vurğulayıb.
Digər mühüm amil çevik düşünmə qabiliyyətidir. Bu, insanın əvvəlki təcrübəsi və ya hazır qaydaları olmadığı hallarda belə deduktiv və induktiv nəticələr çıxarmaq bacarığıdır. Qayovskinin sözlərinə görə, bu qabiliyyət vacib məlumatları ikinci dərəcəli məlumatlardan ayırmağa və tanış olmayan vəziyyətlərdə həll yolu tapmağa kömək edir.
Bununla belə, yalnız idrak qabiliyyətləri kifayət etmir. Tədqiqat müəllifləri qeyd edirlər ki, ədədlər haqqında ilkin anlayış da az əhəmiyyət daşımır. Buraya ədədlərin bir-biri ilə necə əlaqələndiyini və riyazi qanunauyğunluqların necə işlədiyini anlamaq daxildir.
Alim həmçinin vurğulayıb ki, bu bacarıqlar təcrübə və təlim vasitəsilə zamanla inkişaf etdirilə bilər. Riyaziyyatın yeni mövzuları əvvəlki biliklərə əsaslandığından, çətinlik çəkən şagirdlərə vaxtında kömək göstərilməsi xüsusi əhəmiyyət daşıyır.
Tədqiqatçıların fikrincə, müəllimlər yalnız şagirdlərin qiymətlərinə deyil, onların yol verdikləri tipik səhvlərə də diqqət yetirməlidirlər. Bu səhvlərin təhlili çətinliklərin anlayışların mənimsənilməməsi, dil problemləri, zəif məntiqi düşünmə və ya tapşırıqları yerinə yetirmə sürətinin aşağı olması ilə bağlı olduğunu müəyyənləşdirməyə kömək edə bilər.
Belə yanaşma tədris prosesini hər bir uşağın ehtiyaclarına uyğunlaşdırmağa və riyaziyyatı öyrənərkən üzləşdiyi çətinlikləri daha effektiv aradan qaldırmağa imkan verəcək.
Aydın
