
Səhər yeməyi ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Günə düzgün qidalarla başlamaq xolesterin səviyyəsinin tənzimlənməsinə, qan şəkərinin sabit qalmasına və gün ərzində enerji ehtiyacının ödənilməsinə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Parade” nəşri kardioloq Meqan Kamasın tövsiyələrinə istinadən yazıb.
Ürək çatışmazlığının ağır formalarının müalicəsi və ürək transplantasiyası üzrə ixtisaslaşan həkim sağlam qidalanmanın əsasını bitki mənşəli məhsulların təşkil etməli olduğunu bildirir. Onun sözlərinə görə, bu yanaşma xolesterin və doymuş yağların qəbulunu azaltmağa, ürək-damar sistemini uzunmüddətli perspektivdə qorumağa kömək edir.
Kamas səhər yeməyində əsasən iki seçimə üstünlük verir. Birinci variant kəsmik, təzə giləmeyvələr və az miqdarda baldan ibarətdir. Bir stəkan kəsmik təxminən 24 qram zülal təmin edir. Bu, toxluq hissinin qorunmasına və əzələlərin sağlamlığının dəstəklənməsinə kömək edir. Alternativ olaraq, həkim bir porsiyasında təxminən 20 qram zülal olan yunan yoqurtunu da seçir. Giləmeyvələr isə antioksidant və lif mənbəyi kimi qidalanmanı zənginləşdirir.
İkinci seçim isə badam və şirin şaftalı dilimləri əlavə edilmiş yulaf sıyığıdır. Yulafın tərkibində olan beta-qlükan adlı həll olunan lif qanda “pis” xolesterin kimi tanınan LDL səviyyəsinin azalmasına kömək edə bilər. Badam və meyvələr də səhər yeməyinin qida dəyərini artırır.
Kardioloq vurğulayır ki, ürək sağlamlığını qorumaq üçün sərt pəhrizlərə ehtiyac yoxdur. Əsas məsələ zülal, lif və antioksidantlarla zəngin, balanslaşdırılmış qidaları gündəlik rasiona daxil etmək, həmçinin yüksək dərəcədə emal olunmuş məhsulların istehlakını məhdudlaşdırmaqdır.
Aydın