
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi baş tutub.
Bu barədə Qaynarinfo-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.
BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E.Məmmədli bayrağı L.Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K.Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.
Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.


