XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Selin Dion səhnəyə qayıdır: "Çox darıxmışam"
Sənət12:54 24.08.2026

Selin Dion səhnəyə qayıdır: "Çox darıxmışam"

Dünya şöhrətli müğənni Selin Dion uzun fasilədən sonra yenidən səhnəyə çıxmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, 2022-ci ildə sərt insan sindromu (Stiff Person Syndrome) diaqnozu qoyulan və səhhəti ilə əlaqədar karyerasına fasilə verməli olan sənətçi sentyabrın ortalarından etibarən Parisdə beş həftəlik konsert proqramı ilə çıxış edəcək. Dion geri dönüşü barədə “Harper’s Bazaar Türkiye” jurnalına müsahibəsində danışıb.

Müğənni xəstəliyinə dəqiq diaqnoz qoyulana qədər 17 il ərzində müxtəlif simptomlarla yaşadığını bildirib. Konsertlərini ləğv etdiyi dövrdə pərəstişkarlarını məyus etdiyini düşündüyünü deyən Dion bu illərin ona mühüm bir həqiqəti anlamağa kömək etdiyini vurğulayıb.

Sənətçi səhnəyə qayıdışa ciddi hazırlaşdığını da açıqlayıb. O, həftədə üç dəfə 90 dəqiqə pilateslə məşğul olur, iki gün isə balet dərslərinə qatılır.

Biletlərin sürətlə tükənməsindən sonra Dionun 2027-ci ilin mayında üç həftəlik əlavə konsert proqramı keçirməsi də planlaşdırılır. Müğənni uzun müddətdir səhnədən uzaq olduğunu qeyd edərək pərəstişkarlarına xüsusi şou təqdim etmək istədiyini deyib: “Aradan çox uzun zaman keçdi. Onlar üçün nə qədər darıxdığımı göstərəcək xüsusi bir şey təqdim etmək istəyirəm”.

12 yaşından səhnədə olan Celine Dion karyerası ərzində “Eurovision” qələbəsi, “Grammy” mükafatları, milyonlarla satılan albomları və Las-Veqas konsertləri ilə dünya musiqisinin ən tanınmış simalarından birinə çevrilib.

Aydın