(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu" üzrə hazırlanıb)
İşğaldan azad olunmuş ərazilərə dair "Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi artıq yekunlaşmaq üzrədir. 2026-cı ilin sonunadək proqramın nəticələri ilə bağlı yekun qiymətləndirmənin aparılması nəzərdə tutulur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, proqram çərçivəsində qarşıya qoyulan əsas hədəflərin böyük hissəsi artıq reallaşdırılıb. Deputatın sözlərinə görə, proqramın ən böyük uğuru on minlərlə insanın doğma torpaqlarına qayıtmasıdır:
"Düşünürəm ki, bu proqramın ən böyük nailiyyəti bu gün 80 mindən çox vətəndaşımızın işğaldan azad olunmuş ərazilərdə yaşaması, işləməsi, təhsil alması, mədəni və ictimai həyatda fəal iştirak etməsidir. Böyük Qayıdışın rəqəmlərlə ifadə oluna bilən ən mühüm nəticəsi məhz budur. Lakin bu prosesin mənəvi tərəfi də var. İnsanların uzun illərdən sonra öz yurdlarına, evlərinə, ata-baba ocaqlarına qayıtması ayrıca bir hadisədir. Bununla yanaşı, qısa müddətdə Böyük Qayıdış planında nəzərdə tutulan yol, enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki logistika, müasir infrastruktur və məşğulluq imkanları olmadan Böyük Qayıdışın uğurla reallaşdırılması mümkün olmazdı".
Hikmət Babaoğlu qeyd edib ki, proqramın vacib istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyətin bərpasıdır.
"Diqqət etsək, görərik ki, məskunlaşmanın həyata keçirildiyi bütün şəhər, qəsəbə və kəndlərdə iş yerləri yaradılıb, dövlət xidmətləri təşkil olunub, səhiyyə və sosial xidmətlər fəaliyyət göstərir. Dövlət xidmətlərinin vətəndaşlardan əvvəl həmin ərazilərə gətirilməsi qayıdışın uğurlu təşkili üçün vacib şərtlərdən biri idi və bu vəzifə artıq yerinə yetirilib".
"Böyük Qayıdış bizə nə verdi?" sualını cavablandıran deputat hesab edir ki, proqramın ən mühüm nəticələrindən biri xalqın mənəvi və psixoloji bütövlüyünün bərpasıdır.
"Biz illərlə arzuladığımız, 30 ildən artıq həsrətini çəkdiyimiz torpaqlara qayıtdıq. Bu, məsələnin yalnız bir tərəfidir. Digər mühüm məqam isə ondan ibarətdir ki, biz uzun illər əlçatmaz görünən Xankəndi şəhərinə qovuşduq. Vaxtilə xüsusi status verilərək Azərbaycanın daxilində formalaşdırılmış separatizm ocağı bu gün tamamilə Azərbaycan dövlətinin nəzarəti altındadır. Bu gün Xankəndidə universitet fəaliyyət göstərir, mədəniyyət müəssisələri yaradılır, şəhər infrastrukturu yenilənir. Zəfərimizi əks etdirən abidələr ucaldılır, yeni iş yerləri açılır, turizm və xidmət sektoru inkişaf edir. Eyni zamanda Ağdərə və Əsgəran rayonlarının ölkənin ümumi inkişaf prosesinə inteqrasiyası təmin olunur. Hesab edirəm ki, uzun illərdən sonra Xankəndi, Ağdərə və Əsgəranla yenidən qovuşmağımız müasir tariximizin ən mühüm hadisələrindən biridir. Böyük Qayıdış haqqında danışarkən ilk növbədə məhz bu böyük mənəvi nəticələri qeyd etməliyik. Böyük Qayıdış bizə qürur hissi bəxş etdi, milli arzularımızı reallığa çevirdi".
Hikmət Babaoğlu bildirib ki, Böyük Qayıdış Dövlət Proqramının növbəti mərhələsində də mövcud istiqamətlər üzrə işlər davam etdiriləcək.
"Tam və dayanıqlı qayıdışın təmin olunması üçün infrastrukturun genişləndirilməsi, yeni yaşayış məntəqələrinin salınması, məşğulluğun artırılması və sosial xidmətlərin inkişafı bundan sonra da prioritet olacaq. Bununla yanaşı, yeni reallıqlar nəzərə alınaraq yeni məqsədlər və inkişaf istiqamətləri müəyyən ediləcək. Məhz həmin hədəflər Böyük Qayıdışın ikinci mərhələsinin mahiyyətini təşkil edəcək."
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər