“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsində xüsusi pay sahibi olan futbolçulardan biri Timoteuş Puxaçdır. Polşalı müdafiəçinin 90+4-cü dəqiqədə verdiyi məhsuldar ötürmə Tellur Mütəllimovun tarixi qoluna çevrildi. Lakin həmin ötürmənin arxasında rədd edilmə, tənhalıq və illərlə davam edən klub axtarışı ilə dolu bir həyat hekayəsi dayanır.
2026-cı il avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ın Çempionlar Liqası arzusu sönmək üzrə idi.
Qaynarinfo-nun verdiyi xəbərə görə, “Hapoel Beer-Şeva” ilə ilk qarşılaşmada 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu cavab oyununda da iki dəfə hesabda geri düşmüşdü. Matçın əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə ümumi hesab 4:4 idi. “Sabah”a oyunu əlavə vaxta aparmaq üçün daha bir qol lazım idi.
Top sol cinahda Timoteuş Puxaça çatdı. Polşalı müdafiəçinin cərimə meydançasına göndərdiyi ötürməni Tellur Mütəllimov qola çevirdi.
Bu, sadəcə məhsuldar ötürmə deyildi. Puxaçın illərlə axtardığı futbol evinə, “Sabah”ın isə Avropa futbolunun ən böyük səhnəsinə açılan qapı idi.
Əlavə vaxtda daha iki qol vuran “Sabah” 5:2 hesablı qələbə qazandı və tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Bir vaxtlar Almaniyada meydana çıxmaq üçün fürsət gözləyən Puxaç indi Azərbaycan klubunun tarixini dəyişdirən hücumun müəlliflərindən biri idi.

Kiçik şəhərdən böyük akademiyaya
Timoteuş Puxaç 1999-cu il yanvarın 23-də Polşanın Sulexuv şəhərində anadan olub. Futbola “Poqon Şvebodzin”də başlayan solaxay oyunçu daha sonra UKP Zelona Quranın hazırlıq sistemindən keçib.
2013-cü ildə, 14 yaşında olarkən ölkənin ən məşhur futbol akademiyalarından birinə – “Lex Poznan”a qəbul edilməsi onun həyatında ilk böyük dönüş oldu. Ailəsindən uzaqlaşan yeniyetmə Vronkidə yerləşən internatda yaşamağa və peşəkar futbolun sərt tələblərinə uyğunlaşmağa başladı.
O, aşağı yaş qruplarından ehtiyat komandaya, oradan isə əsas heyətə qədər irəlilədi. 2017-ci il mayın 7-də “Bruk-Bet Termalitsa”ya qarşı oyunda meydana çıxaraq Polşa çempionatında debüt etdi.
Lakin əsas komandaya çatmaq hələ orada qalmaq demək deyildi. Puxaç müntəzəm oynamaq üçün yenidən evindən ayrılmalı oldu.

“Məni gənc oyunçu kimi kənara atdılar”
2018-ci ilin əvvəlində Puxaç Polşa birinci liqasında mübarizə aparan “Zaqlembe Sosnovets”ə icarəyə göndərildi. Yeni komandasında 15 oyuna çıxdı və klubun yüksək liqaya vəsiqə qazanmasına kömək etdi.
Gənc futbolçu düşünürdü ki, qazandığı uğur ona növbəti mövsüm üçün də şans verəcək. Amma yüksək liqada cəmi iki oyundan sonra ona artıq ehtiyac olmadığı bildirildi.
Xəbər transfer pəncərəsinin bağlanmasına üç gün qalmış gəlmişdi.
Puxaç sonradan “Lex”in rəsmi saytına verdiyi müsahibədə həmin anı belə xatırlayırdı:
“Əvvəlki altı ay ərzində həmin klub üçün hər şeyimi vermişdim. Yüksək liqaya vəsiqə qazandıq, amma məni gənc oyunçu kimi kənara atdılar. İki gün evdə oturdum. Məhv olmuşdum”.
20 yaşı belə tamam olmamış futbolçu ilk dəfə peşəkar idmanın amansız tərəfini görmüşdü: dünən komandanın uğuru üçün çalışan oyunçu sabah heç kimə lazım olmaya bilərdi.
Üstəlik, Puxaç ailəsindən və Poznandakı dostlarından uzaqda yaşayırdı. Öz sözlərinə görə, ilyarım davam edən icarə dövrü xüsusilə başlanğıcda çox ağır keçmişdi. Sosnovetsə gedəndə komandada heç kimi tanımır, boş vaxtlarını isə əsasən təkbaşına məşq etməklə keçirirdi.
Onu ayaqda saxlayan futbol oldu.

Aşağı liqada yenidən doğuldu
Puxaçın növbəti ünvanı QKS “Katovitse” oldu. Komanda mövsümün sonunda aşağı liqaya düşsə də, bu mərhələ futbolçunun özünəinamını bərpa etdi. O, 25 çempionat oyununda dörd qol vurdu, əlavə məşqlərə qatıldı və zəif hesab etdiyi sağ ayağı üzərində ayrıca çalışdı.
Puxaç sonradan paradoksal görünən bir etiraf etmişdi: Sosnovetslə yüksək liqaya çıxsa da, aşağı liqaya düşdüyü Katovitse dövrü onu daha yaxşı futbolçuya çevirmişdi.
2019-cu ildə “Lex”ə qayıdan müdafiəçi artıq ehtiyatda şans gözləyən yeniyetmə deyildi. O, əsas heyətin aparıcı üzvlərindən birinə çevrildi, Avropa Liqasında oynadı və Polşa millisinin qapısını açdı.
2021-ci il iyunun 1-də Rusiya ilə yoldaşlıq görüşündə əsas milli komandada debüt etdi. Elə həmin yay Avropa çempionatında Polşanın hər üç qarşılaşmasına start heyətində başladı.
Kiçik şəhərdən çıxan və bir vaxtlar ona ehtiyac olmadığını eşidən Puxaç artıq ölkəsinin formasını Avropanın ən böyük turnirlərindən birində geyinirdi.

Arzusundakı Bundesliqa onun üçün gözləmə otağına çevrildi
2021-ci ilin yayında Almaniyanın “Union Berlin” klubu Puxaçı transfer etdi. Bu keçid onun karyerasının zirvəyə doğru növbəti addımı kimi görünürdü.
Amma Berlin macərası gözlənilən kimi alınmadı. O, məşqlərdə çalışsa da, Bundesliqa matçlarında istədiyi şansı qazana bilmədi. Puxaç illər sonra həmin dövrdə özünə qarşı ədalətsiz davranıldığını düşündüyünü açıqlayacaqdı:
“Niyə daha çox şans almadığımı bilmirəm. Düşünürəm ki, mənə qarşı ədalətsiz davranılmışdı. Daha yaxşı futbolçu idim, amma oynamırdım. Həmişə ən yaxşıların meydana çıxması kimi bir qayda yoxdur”.
Futbolçu olmaq üçün evindən ayrılan yeniyetmə indi Avropanın mərkəzində yenidən özünə klub axtarırdı.
2022-ci ilin əvvəlində “Trabzonspor”a icarəyə verilən Puxaç Türkiyə çempionluğunu qazandı. Sonra Yunanıstanın “Panatinaikos” klubunda oynadı. Ardınca Almaniyanın ikinci liqasında “Kayzerslautern”in formasını geyindi.

Xüsusilə “Kayzerslautern” dövrü onun üçün mənəvi dönüş nöqtəsinə çevrildi. Puxaç həmin mövsümü həyatının ən yaxşı dövrü adlandırırdı. O, yenidən komandanın vacib üzvünə çevrilmiş, Almaniya Kubokunun finalında oynamışdı.
Bununla belə, sabitlik yenə uzun çəkmədi.
2024-cü ildə “Holştayn Kil”ə keçən müdafiəçi burada da möhkəmlənə bilmədi. Bir müddət sonra İngiltərənin “Plimut Arqayl” klubuna icarəyə göndərildi. 2025-ci ilin yayında İngiltərədən Almaniyaya qayıdanda karyerasının növbəti dayanacağının harada olacağı yenə məlum deyildi.
27 yaşına çatmamış artıq Polşa, Almaniya, Türkiyə, Yunanıstan və İngiltərədə oynamışdı. CV-si zəngin idi, amma onun özünü tam mənada aid hiss etdiyi bir komanda yox idi.

Bakıya gələnə qədər altı dəfə icarəyə verilmişdi
2025-ci il sentyabrın 9-da “Sabah” Puxaçı “Holştayn Kil”dən bir mövsümlük icarəyə götürdü.
İlk baxışdan bu da onun karyerasındakı növbəti müvəqqəti dayanacaq təsiri bağışlayırdı. Çünki polşalı futbolçu artıq “Zaqlembe Sosnovets”, QKS “Katovitse”, “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern” və “Plimut”a icarəyə verilmişdi.
Ancaq Bakı əvvəlki şəhərlərdən fərqli oldu.
Puxaç “Sabah”ın sol cinahında yalnız müdafiəçi kimi deyil, hücumların fəal iştirakçısı kimi də çıxış etməyə başladı. İlk mövsümündə bütün turnirlərdə 33 oyuna çıxdı, iki qol vurdu və 12 məhsuldar ötürmə verdi.
“Sabah” həmin mövsüm həm Azərbaycan çempionu oldu, həm də ölkə kubokunu qazandı. Bir vaxtlar “Lex”ə qayıdarkən “mənə güvənən insanları məyus etmək istəmirəm” deyən Puxaç eyni münasibəti Bakıda da göstərirdi.
Bu dəfə klub da ona güvəndiyini konkret qərarla nümayiş etdirdi. 2026-cı il mayın 14-də “Sabah” onun transfer hüquqlarını “Holştayn Kil”dən aldı və futbolçu ilə üçillik müqavilə imzaladı. Puxaç uzun illərdən sonra ilk dəfə icarəyə göndərilən oyunçu deyil, gələcəyi etibar edilən komanda üzvü idi.

90+4-cü dəqiqədə bağlanan dairə
Puxaç “Sabah”la ölkə çempionluğunu və kuboku qazansa da, onun Bakı hekayəsinin ən emosional anı 2026-cı il avqustun 25-nə təsadüf etdi.
“Hapoel Beer-Şeva” ilə qarşılaşmanın son saniyələri gedirdi. “Sabah” turnirdən kənarda qalmağa çox yaxın idi. Puxaç sol cinahdan topu cərimə meydançasına göndərdi, Tellur Mütəllimov isə baş zərbəsi ilə hesabı 3:2 etdi.
Həmin qol oyunu əlavə vaxta apardı. “Sabah” sonda 5:2 qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.
Taleyin qəribə tərəfi bu idi: vaxtilə Bundesliqada meydana çıxmaq üçün şans verilmədiyini deyən futbolçu Avropanın ən nüfuzlu klub turnirinə Bakıdan getdi.
Bir vaxtlar klubdan uzaqlaşdırıldığını eşidəndən sonra iki gün evdə oturan gənc, illər sonra on minlərlə azarkeşin qarşısında “Sabah”ın tarixi qolunun ötürməsini verdi.
Onun karyerası düz xətt üzrə irəliləmədi. Puxaç dəfələrlə geri göndərildi, icarəyə verildi, ehtiyatda qaldı və yeni ölkələrə uyğunlaşmağa məcbur oldu. Ancaq hər dəfə özünə başqa yol tapdı.
Bəlkə də buna görə “Sabah”ın uğurunda onun imzasının olması təsadüfi deyil. Çünki Çempionlar Liqasına aparan həmin ötürməni yalnız sol ayağı ilə deyil, indiyədək keçdiyi bütün dolanbac yolların verdiyi inadla etmişdi.
Şərhlər