XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

UEFA FIFA yarışlarına boykotu dayandırmağa hazırlaşır
İdman01:07 27.08.2026

UEFA FIFA yarışlarına boykotu dayandırmağa hazırlaşır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonun Dünya Kubokunun kommersiya hüquqlarının satışı ilə bağlı uğursuz planının təkrarlanmayacağına dair zəmanət aldıqdan sonra FIFA yarışlarını boykot etmək təhdidini rəsmi şəkildə geri götürməyə hazırlaşır.

Qaynarinfo-nun verdiyi xəbərə görə. UEFA-ya üzv federasiyaların nümayəndələri Çempionlar Liqasının püşkatma mərasimindən əvvəl cümə axşamı Monakoda toplaşacaqlar. Təkliflə yaxından tanış olan mənbə çərşənbə axşamı “Associated Press”ə bildirib ki, həmin görüşdə boykot təhdidinin aradan qaldırılması gözlənilir.

Mənbə mətbuata anonimlik şərti ilə danışıb, çünki iclas qapalı keçirilir və gündəliyi məxfi saxlanılır.

Boykotun ləğvi sentyabrın 5-də Polşada başlayacaq FIFA-nın qadınlar arasında 20 yaşadək futbolçuların dünya çempionatında iştirak edəcək 6 Avropa komandasına hazırlıqlarını davam etdirməyə imkan verəcək.

Fransa və İspaniya ötən həftə 24 komandanın iştirak edəcəyi turnir üçün heyətlərini açıqlayıb. İngiltərə, İtaliya, Portuqaliya və turnirin ev sahibi Polşa da yarışda iştirak edəcək. ABŞ, Braziliya və Argentina da turnirin iştirakçıları sırasındadır.

FIFA UEFA ilə bağlı xəbərə dair yaydığı bəyanatda “futbolun hətta çətin vəziyyətlərdə belə insanları bir araya gətirmək gücünə inandığını və bütün komandaları və oyunçuları Polşada görməyi səbirsizliklə gözlədiyini” bildirib.

İnfantino ötən ay Britaniyanın “The Times” qəzetində yayılan məlumatdan sonra futbol ictimaiyyətində narazılığa səbəb olub. Söhbət FIFA-nın kommersiya hüquqlarını, o cümlədən Dünya Kuboku ilə bağlı hüquqları idarə edəcək 20 milyard dollar dəyərində yeni törəmə qurumun yaradılması planından gedirdi.

Plana əsasən, həmin qurumun 20 faizi Nyu-Yorkda yaradılmış və Coşua Kuşnerin (Joshua Kushner) rəhbərlik etdiyi fonda məxsus olacaqdı. İlkin investisiya FIFA-nın 211 üzv federasiyasının hər birinə 20 milyon dollar təklif edilməsini nəzərdə tuturdu. Coşua Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin (Jared Kushner) qardaşıdır. Üzv federasiyalara təklifi sentyabrın ortalarınadək qəbul etmək üçün vaxt verilmişdi.

FIFA prezidenti UEFA, Asiya Futbol Konfederasiyası (AFC), eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) etirazlarından sonra dörd gün ərzində təklifi geri götürüb. Etirazlar arasında boykot təhdidi də yer alıb. Narazılığa planın özü və İnfantinonun FIFA-nın yüksək vəzifəli rəsmiləri tərəfindən tənqid olunması səbəb olmuşdu.

Bundan sonra UEFA “FIFA Forward Enterprise” adlandırılması nəzərdə tutulan həmin törəmə qurumun başqa formada yenidən təqdim edilməyəcəyinə dair zəmanət tələb etmişdi. Mənbənin “Associated Press”ə bildirdiyinə görə, bu zəmanət artıq verilib.

UEFA avqustun 1-də İnfantinonun rəhbərliyinə etimad göstərmədiyini açıqlamış və bununla da onun gələn ilin martında keçiriləcək seçkidə yenidən prezident seçilməsinin qarşısını almaq niyyətinə işarə etmişdi.

Qadınlar arasında 20 yaşadək futbolçuların dünya çempionatından sonra Avropada keçiriləcək növbəti FIFA oyunları oktyabrın 9-dan 13-dək baş tutacaq 2027-ci il qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin pley-off qarşılaşmaları olacaq. Kişilər arasında növbəti dünya çempionatının seçmə oyunları isə 2029-cu ildə başlayacaq.

FIFA daha əvvəl prezident seçkisinə namizədlərin müraciəti üçün son tarixi noyabrın 18-i müəyyən etmişdi. Bu tarix 211 üzv federasiyanın Mərakeşin paytaxtı Rabatda səs verəcəyi seçkidən dörd ay əvvələ təsadüf edir.

İnfantino investor planının yaratdığı narazılıqdan əvvəl 2031-ci ilədək davam edəcək dördüncü və sonuncu müddət üçün yeganə namizəd kimi seçiləcəyinə əmin görünürdü.

Boykot təhdidi ilə bağlı birgə qərarın qəbul edildiyi onlayn görüşdən təxminən dörd həftə sonra UEFA-ya üzv 25 federasiyanın nümayəndəsi Monakoda keçiriləcək görüşdə iştirak edəcək.