XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nepal-Tibet sərhədində sel faciəsi: 403 turist itkin düşüb (VİDEO)
Dünya01:16 27.08.2026

Nepal-Tibet sərhədində sel faciəsi: 403 turist itkin düşüb (VİDEO)

Nepal-Tibet sərhədində baş verən dağıdıcı sel nəticəsində yüzlərlə turistin itkin düşdüyü bildirilir.

Qaynarinfo “Press Association”-a istinadla xəbər verir ki, Nepal Turizm Şurası itkin düşənlərin ümumi sayının 403 nəfər olduğunu açıqlayıb. Onlardan 341-nin əcnəbi olduğu, o cümlədən 33 Böyük Britaniya vətəndaşından xəbər alınmadığı bildirilib.

Turizm Şurasının məlumatına görə, itkin düşənlərin 203-ü kişi, 200-ü qadındır.

İtkin düşənlər arasında 47 ABŞ, 34 Avstraliya və 24 Kanada vətəndaşının olduğu bildirilir.

Avstraliyanın Nepaldakı səfiri Saymon Ernst (Simon Ernst) sosial şəbəkədə yaydığı açıqlamada Nepalda baş verən faciədən dərin kədər hissi keçirdiyini bildirib.

Təsdiqlənmiş son rəqəmlərə görə, ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.

Axtarış-xilasetmə əməliyyatında 3,3 min polis əməkdaşı iştirak edir.

Ernstin paylaşdığı Avstraliya, Finlandiya, Fransa, Norveç, İsveçrə və Böyük Britaniya səfirliklərinin birgə bəyanatında deyilir:

“Rasuva və Nuvakot rayonlarında, eləcə də ətraf ərazilərdə baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirib. Bu fəlakətdən zərər çəkən hər kəsi düşünürük. Bu çətin zamanda Nepal xalqı ilə həmrəy olduğumuzu bildiririk. Təsirə məruz qalan ərazilərdə yaşayanları vəziyyət dəyişdikcə yerli hakimiyyət orqanlarının göstərişlərinə və rəsmi təhlükəsizlik tövsiyələrinə əməl etməyə çağırırıq”.

RƏSMİ BAKIDAN BAŞSAĞLIĞI

Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımını təqdim edirik:

"Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk. Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək".