Azərbaycanda əmək münasibətlərini tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər edilib. Yenilənmiş qaydalara əsasən, qanunla müəyyən edilmiş qeyri-iş günlərində və əlavə iş saatlarında çalışan işçilərin əməkhaqqı hesablanarkən artıq təkcə gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.
BAKU.WS-in məlumatına görə, bu dəyişikliklər Prezident tərəfindən təsdiqlənərək Əmək Məcəlləsində əksini tapıb və əmək müqaviləsi ilə çalışan bütün şəxslərə şamil olunur.
İndiyədək qanunvericiliyə əsasən gündəlik iş vaxtı 8 saat olaraq müəyyən edilsə də, praktiki vəziyyət fərqli olub. Bir çox hallarda işçilər normadan artıq çalışsalar da, əlavə saatlara görə lazımi ödəniş ala bilmirdilər. Xüsusilə istehsalat sahələrində, xidmət sektorunda və kuryer fəaliyyəti ilə məşğul olan şəxslər bu problemlə tez-tez üzləşirdilər. Hava şəraiti, bayram günləri və ya artan iş həcmi səbəbindən iş vaxtı uzadılsa da, əlavə əmək haqqı ödənilmirdi.
Yeni dəyişikliklər işçilərin bu kimi hallarda hüquqlarını daha effektiv şəkildə qorumağa imkan verəcək. Qanunvericiliyə saatlıq vəzifə maaşı anlayışının daxil edilməsi qeyri-iş günlərində, natamam iş vaxtında və "overtime" rejimində çalışan şəxslərin əməyinin daha dəqiq qiymətləndirilməsini təmin edəcək.
Dəyişikliklərə əsasən, bayram günlərində, istirahət günlərində və iş vaxtından artıq işləyən vətəndaşlara ödənilən əməkhaqqı ən azı ikiqat hesablanacaq. Bu, xüsusilə qeyri-iş günündə bütün günü deyil, yalnız bir neçə saat işləyən şəxslər üçün önəmli yenilikdir. Belə ki, artıq həmin saatlara uyğun əməkhaqqının hesablanması mümkün olacaq.
Məsələn, adi iş günündə 4 saatlıq işə görə 120 manat ödənilirsə (saatı 30 manat olmaqla), qeyri-iş günündə eyni müddət çalışan işçi minimum 240 manat əməkhaqqı alacaq.
Bu praktika dünyanın bir çox ölkələrində uzun müddətdir tətbiq olunur. ABŞ, Yaponiya, Cənubi Koreya və Kanadada bayram günlərində çalışanlara əməkhaqqı qat-qat tariflərlə ödənilir. Avropa ölkələrində isə fərqli mexanizmlər mövcuddur: bəzi ölkələrdə 1,5 və ya 1,75 əmsalı tətbiq olunur, Böyük Britaniyada isə işçilərə seçim imkanı verilir – ya artırılmış əməkhaqqı, ya da əlavə istirahət günü. Bir sıra ölkələrdə isə bayram günü çalışanlara sonradan əlavə istirahət verilir.
Qeyd edək ki, yeni qaydalar həm dövlət, həm də özəl sektor üçün keçərlidir. Bu dəyişikliklər əmək bazarında şəffaflığın artırılmasına, işçilərin sosial və maddi təminatının gücləndirilməsinə, eləcə də əməkhaqqı mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.
Şərhlər